Görəsən, indi o neyləyir, hardadır ?

Görəsən, indi o neyləyir, hardadır ?

Bir neçə ay bundan əvvəl yatmağa hazırlaşarkən təsadüfən eyvanımıza qar kimi ağ bir qonağın gəldiyini gördüm. Yaxınlaşdım, sağlam olub-olmamasını yoxladım. Uçdu... Bir neçə dövrə vurduqdan sonra yenə qayıtdı eyvandakı istilik borusunun üstünə. Başa düşdüm ki, paytaxtımızda az şahidi olmadığımız, qarla küləyin davasından yorulan, həyatda sağ qalmaq üçün çarpışan göyərçin yemək üçün yox, elə yaşamaq üçün ümid yeri bilib bizə sığınıb. 

Bu cür qonağa kim sevinməz ki? Dünyada sülhün carçısı, hər kəsin sevimlisi olan canlı sənin ocağını seçib. Açığı, özümün də heyvanlardan çox xoşum gəlir, çünki şüursuz olsalar da, onların da sevgi, nifrət, sədaqət kimi hissləri var...  Quşlarda toyuq korluğu olduğunu bildiyim üçün qonağımın məni görmədiyini bilirdim və yaxınlaşıb quşu əlimə aldım. Özü qar kimi ağappaq, gözləri isə qapqara... Onsuz da təbiətin rəssamının yaratdıqlarına qiymət verməkdə insan çox acizdir. 

Eyvanımızda olan qutudan öz aləmimdə ona ev düzəltdim və quşu qoydum qutunun içərisinə ki, üşüməsin. Yanına bir az çörək, bir qab da su qoydum. 

Səhər yuxudan oyananda öz-özümə hələ də quşun küləyə tab gətirmədiyi üçün bizim eyvana düşdüyünü, səhərisi gün ən uyğun vaxtda uçub gedəcəyi düşünürdüm. Eyvana çıxdım, quş yenə də istilik borusunun üstündə dayanıb mənə baxırdı. Hava çox yaxşı idi, yəni əgər istəsə, uçub gedə bilərdi. Əlimlə tutmağa çalışdım, uçdu və gözdən itdi... Düşündüm ki, bu sondur. Dərsdən evə qayıdanda eyvanda təzə gələn qonağımın yenə məni qarşıladığını görəndə çox sevindim. 

Və beləcə bir neçə ay idi ki, göyərçin bizim evin damında məskunlaşmışdı. Binamızın yan-yörəsində quşbazlar var idi, bəlkə də yüzlərlə göyərçin saxlayan. Tətildə rayona gedəcəyimi bildiyimdən gedib maraqlandım ki, bəlkə onlardan birinin göyərçinidir. Amma tam tərsi oldu. Qonşuluqda yaşayan dayı mənə söylədi ki, o, qonaqdır, elə qonağı da heç kimə vermək olmaz. Darıxmasın deyə bir göyərçin də qonşumuz mənə bağışladı. Heç bir ay tamam olmamış öldü. Deyəsən, qonağım tək hökmranlıq etməyi xoşlayırmış deyə digər quşla yola getmədi... 

Artıq hər səhər quşa dən vermək məndə adətə çevrilmişdi. Arada eyvanın qapısını açıq qoyurdum, girib evdə də gəzirdi...

Qısası, mən ona, o da mənə öyrəşmişdi. Sonra zəhrimara qalmış koronavirus çıxdı. Təlaş içində əşyalarımı yığıb rayona getməli oldum. Rayonda, təbii ki, doğmalarımı görəndə sevindim. Amma orada tək qoyub gəldiyim qonağım üçün çox pis oluram. Fikirləşirəm ki, görəsən, nə yeyir, nə içir, sağdırmı? Bəlkə o da məndən ötrü darıxıb...