Ermənistanın suya düşən xəyalları

Ermənistanın suya düşən xəyalları

İllərdir başqalarının hesabına ayaqda duran, işğalçı siyasəti ilə özünü dünyaya tanıdan Ermənistan yenə də öz çirkin əməllərindən, fikirlərindən daşınmayıb. 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini zəbt etməsinə baxmayaraq, sentyabr ayının 27-si hücuma keçərək yeni ərazilər işğal etməklə "Böyük Ermənistan" xülyasını gerçəkləşdirməyə çalışır. Yaxın keçmişə nəzər salsaq görərik ki, iyul ayında həyata keçirdikləri təxribatlar buna ən gözəl sübutdur. Təbii ki, bu ilk və son deyil. Düşmən hər dəfə mənfur siyasətini ortaya qoyur. Amma, deyəsən, son əməlləri Ermənistanı uçurumun kənarına gətirib çıxarıb.

Sentyabrın 27-dən hücuma keçən düşmən ordusuna cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başladı və elə müharibənin ilk günündən illərdir işğal altında olan 7 kəndi və Murovdağ zirvəsini azad etməyə müvəffəq oldu. Bu günə qədər şanlı ordumuz 50-dən çox kəndi, Cəbrayıl və Füzuli şəhərlərini düşmən tapdağından xilas edib.  

Bütün cəhdləri boşa çıxan Ermənistan çıxış yolunu mülki əhaliyə qarşı təxribatlar törətməkdə, yaşayış obyektlərini iri çaplı silahlardan atəşə tutmaqda görür. Bununla onlar əhalini təşvişə salmaq, qorxu və panikaya səbəb olmaqla ruh düşkünlüyü yaratmaq niyyəti güdür. Orduda olan itkilərini ört-basdır etmək üçün müxtəlif yollara əl atan Ermənistan bütün dünyaya öz terror siyasətini nümayiş etdirir. Müharibənin birinci günündən başlayaraq bir çox ölkələrə müraciət edən N.Paşinyan əslində nə qədər çarəsiz olduğunu göz önünə sərir. Bütün yolları bağlandığı üçün münaqişəyə digər tərəfləri qatmağa çalışan Paşinyan dəfələrlə buna cəhd etsə də, bəhrəsini görə bilmədi. 

Müharibə başlayandan bu günə qədər qardaş ölkə Türkiyə mənəvi cəhətdən həmişə Azərbaycanın yanında olduğunu bildirib. Qətiyyətlə mövqeyini qoruyub saxlayan Türkiyə ilə bağlı əsassız bəyanatlar səsləndirən Ermənistan iddia edir ki, türk ordusu müharibədə iştirak edir. Fakt məsələsinə gəldikdə isə təbii ki, bu mövzu söz olaraq qalır. Ermənistanın bu mövzu ilə əlaqədar fikirlər səsləndirməsində məqsəd işə başqa ölkələrin qarışması, müharibənin əhatə dairəsini böyütməkdən ibarətdir. Çünki Türkiyə işə qarışarsa, Rusiya da qarışacaq. Bununla da Ermənistanın işi asanlaşacaq. Ermənistan həm hərbi, həm iqtisadi cəhətdən Azərbaycandan böyük fərqlə geridə qalır. Bu da onların işini birə-beş çətinləşdirir.

Türkiyə dəfələrlə bildirib ki, Azərbaycanın bizim köməyimizə ehtiyacı yoxdur. Hərbi cəhətdən özünü möhkəmləndirmiş Azərbaycan 100 minlik ordu ilə meydana çıxır. Ermənistan ordusu isə 5 mindən ibarətdir. Prezident İlham Əliyevin də dediyi kimi: "Azərbaycan xalqı 10 milyondur. 2 milyondan çox olmayan ermənilərə qarşı əlavə gücə ehtiyacımız yoxdur".

Ermənistanda isə vəziyyət olduqca qəlizdir. Ordunun canlı qüvvə ilə təchiz edilməsində bir qədər problemlər ortaya çıxır. Bundan əlavə, Ermənistan ordusunda fərarilik hallarının artmasının da az şahidi olmamışıq. Hərbi sahədə bu qədər uğursuzluqların olmasına baxmayaraq, düşmən tərəf hələ də yeni ərazilər işğal etmək niyyətindədir.

Gəncə, Tərtər və digər ərazilərimizi raket hücumuna məruz qoyan Ermənistan yeni hədəf olaraq Naxçıvanı seçdi. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən 15 oktyabr saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Xoşbəxtlikdən həlak olan və yaralanan olmayıb. Heç bir mülki obyektə və yaşayış yerinə ziyan dəyməyib. 

Əslində bunu ağılsızlıq kimi qiymətləndirsək də, qarşı tərəf bu hərəkətləri ilə müharibənin coğrafi mövqeyini böyütməklə öz işini yüngülləşdirmək istəyir. KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) də əlini üzən Ermənistan tək çıxış yolunu bunda görür. Bu isə məğlubiyyətin yaxınlaşdığını göstərir. Artıq onların nə texniki gücü, nə də yetəri qədər canlı qüvvəsi qalıb. Azərbaycan ordusu isə demək olar ki, hər gün uğurlu əməliyyatlar həyata keçirərək yeni əraziləri işğaldan azad edir.

Ermənistan öz xam xəyallarına, rəşadətli Azərbaycan ordusu isə əzəli torpaqlarımızı azad etməyə davam edir. Qələbə Azərbaycan Ordusunundur! Qarabağ Azərbaycandır!