Ermənistanda siyasi proseslərə müdaxilə edən hərbçilərin sayı artır

Ermənistanda siyasi proseslərə müdaxilə edən hərbçilərin sayı artır

Ermənistanda iqtidar-müxalifət qarşıdurması davam edir. Yeni qüvvələr bu münaqişəyə cəlb olunmaqdadır. Bu dəfə Dağlıq Qarabağda qondarma respublikanın Azərbaycan ordusunun hücumundan sağ çıxa bilmiş tör-töküntüləri bəyanatla çıxış etmişlər. Onlar Paşinyandan Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi kimi vəzifəsinin davam etdirməsinə icazə verməyi tələb etmişlər.

Əslində bu hərbçilər də Ermənistan Silahlı Qüvvələrinin Xankəndində dislokasiya olunmuş hərbçiləridir. Qondarma Respublikanın hərbçiləri kimi təqdim olunmalarının səbəbini isə tamam başqa yerdə axtarmaq lazımdır.

Göründüyü kimi Paşinyanın qarşısında duran vəzifələrdən biri və düşünürəm ki, başlıcası Qarabağ klanını siyasi səhnədən uzaqlaşdırmaqdır. Çünki Koçaryan və Sarkisyanın siyasi fəaliyyətlə məşğul olmaları indiki hakimiyyət üçün təhlükədir. Bu təhlükə dəf edilməyincə Nikol Ermənistanda həyata keçirmək istədiyi siyasi kursu davam etdirə bilməyəcək. Buna görə də o, hakimiyyətə gəldiyi ilk gündən bu iki eks-prezidentə qarşı hüquqi müstəvidə mübarizəyə başlayıb. Koçaryana qarşı qaldırılmış cinayət işi hələ də davam etdirilir. Sarkisyan isə Ermənistanı tərk etməmək haqqında iltizam verib.

Qondarma qurumun 124 zabitinin indi ortaya atılması məhz Qarabağ klanının gələcək hakimiyyət uğrunda mübarizədə xidmətlərinin olduğunu nümayiş etdirməkdir. Əgər Paşinyanı hakimiyyətdən devirmək mümkün olarsa, yeni hökumətin qurulması zamanı onlar özləri üçün güzəştlərə nail ola biləcəklər.

Klanın hesablamasına görə, Paşinyan hakimiyyətdə qalsa belə, Koçaryan və Sarkisyanın arxasında müəyyən hərbi qrupun dayandığını görüb onlara qarşı münasibətdə ehtiyatla davranmağa məcbur olacaqdır. Bu həm də onu göstərir ki, Koçaryan və Sarkisyanın bu gün Paşinyana qarşı mübarizənin önündə getməsi onların siyasi və vətənprvərlik ambisiyaları deyil, prezident olduqları müddətdə əldə etdikləri var dövlət və nüfuzu itirmək qorxusudur. Nikolun onların kabusu olduğunu çox gözəl başa düşürlər.

Amma 124 zabitin verdiyi bəyanatın gözlənilən nəticəni verəcəyi sual altındadır.

Birincisi ona görə ki, Azərbaycan Silahlı qüvvələri və Rusiya sülhməramlılarının nəzarəti altında 124 erməni zabitinin hələ də Xankəndində qalması olduqca şübhəlidir və bu hərbçilərin ermənistanda gedən proseslərə təsir etmək imkanının sıfra bərabər olduğunu Paşinyan özü də bilir. Deməli Koçaryan və Sarkisyan klanı bu üsulla   Onik Qasparyanı vəzifədə saxlamaq üçün  Baş Nazirə təsir edə bilməyəcək.

İkincisi, məlum deyil ki, bəyanatın ünvanı Prezident Aram Sarkisyan, Baş Nazir Nikol Paşinyan , yaxud Silahlı qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyandır. Yəni bu məktubu ayrı ayrılıqda bu üç şəxsin hamısına ünvanlandığı görünürsə əsas məsuliyyətin kimin üzərinə düşəcəyi məlum deyi. Ermənilər öz aralarında da erməni xislətini işə salıb heç kimi narazı buraxmaq istəməyiblər. Onlar bu gün Ermənistandakı mövcud real qüvvənin üçünə də müraciət edirlər ki, gələcəkdə qalib gələnin yanında dayana bilsinlər.

Digər tərəfdən bu zabitlər eyni zamanda tərəfləri barışdırmaqda vasitəçilik etmək istəyirlər. Əslində isə bu vasitəçilikdən daha çox hərbçilərin siyasi proseslərə müdaxiləsi kimi qiymətləndirilməlidir və bu da sonda hərbi çevrilişlə nəticələnir.

Vasitəçilik missiyası qarşı-qarşıya duran tərəflərin hər ikisi tərəfindən qəbul olunarsa, bu uğurla nəticələnir. Amma indiki halda Qarabağ klanının Ermənistanda bütün qüvvələr tərəfindən sıxışdırıldığını nəzərə alsaq, onların necə vasitəçilik edəcəkləri məlum deyil.

Ermənistanda Qarabağın Azərbaycan ərazisi olması haqqında çağırışlar getdikcə daha da güclənir. İnsanlar küçədə, mitinqdə cəzalandırılmalarından qorxmayaraq açıq şəkildə Qarabağ klanına qarşı çıxır və yenidən uçuruma düşmək istəmədiklərini bildirirlər.

Politoloq Əlimusa İbrahimov