Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb

Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb

"Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. Özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur"? 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa etdiyi son müraciətində deyib.

Ağdamın azad edilməsi münasibətilə xalqa təbrik müraciəti ünvanlayan cənab prezident Ermənistan ordusundakı özbaşınalıqdan, oğurluq və quldurluqlardan, habelə, onların Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməməsindən də bəhs edib:

"Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik.

Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar".

Bəli, məğlub edilmiş ölkə. İşğalçı siyasət, müstəmləkəçilik, "yenilməz erməni ordusu" mifi onları məhvə sürüklədi və yekunda, ordularında geniş vüsət alan fərarilik halları düşməni kapitulyasiya imzalamağa məcbur etdi, əks halda olacaqlar hər kəsə bəlli idi...

Mövzu ilə əlaqədar ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov fikirlərini 24Media-ya bildirib:

"İlk dəfə deyil ki, Ermənistan ordusunda fərarilik hallarına rast gəlirik. Biz bunun Aprel döyüşlərindən də şahidi olmuşuq, indi də şahidi oluruq. 

Onlar fərariliyin qarşısını almaq üçün hətta polis qüvvələrindən də istifadə edirdilər. Bildiyiniz kimi bizdə daxili qoşunlar insanların könüllü ön cəbhəyə getməsinin qarşısını almaq üçün nəzarət edirdi. Amma Ermənistanda polis qüvvələri fərariliyin qarşısını zorla almaq, əsgər və zabitləri döyüş bölgəsində saxlaya bilmək və mülki əhalinin qaçmasının qarşısını almaq üçün güc tətbiq edirdi.


Lakin erməni əsgəri də insandır və onlar uşaq deyil, 18 və ondan yuxarı yaşlı əsgər və zabitlər dərk edirlər ki, yad torpaqlarda ölürlər.

Həm də onlar cənab prezidentin "əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından" ifadəsinin mahiyyətini anlayıblar. Bütün bunları anlayan erməni əsgərləri ölmək istəmirlər. Azərbaycan ordusunun qarşısında duruş gətirə bilmədiyinin və yad torpaqlarda öldüyünün fərqinə varan erməni əsgərinin qaçıb fərarilik etməkdən başqa yolu qalmır. 


Bunu cənab prezident bu gün xalqa müraciətində də dedi. İkinci Qarabağ müharibəsində 10 mindən çox fərarilik halı baş verib və bunu erməni rəsmiləri də təsdiqləyiblər. Ümumilikdə isə bütün bunlar Azərbaycan ordusunun uğurunu və gücünü bir daha göstərir".