Ermənistan hara gedir?

Ermənistan hara gedir?

Co Bayden hakimiyyəti ələ aldıqdan sonra Paşinyana fərqli münasibət sərgiləyəcəyi haqqında əvvəllər verilən proqnozlar deyəsən, özünü doğrultmaqdadır. Yeni Amerika hökumətinin Paşinyanın hakimiyyətdə qalmasını dəstəkləməsi haqqında məlumatlar daxil olmaqdadır.

Bu yaxınlarda Ermənistanda Amerika təşkilatının apardığı rəy sorğusu və bu rəy sorğusu zamanı Paşinyanın həyata keçirdiyi siyasəti dəstəkləyən nəticələrin qabardılması Amerikanın Ermənistana çox ehtiyatla yanaşmasına dəlalət edir. ABŞ gələcək bəyanatların istiqamətini müəyyənləşdirmək üçün burada  vəziyyəti öyrənir.

Beləliklə, Ameriaka Birləşmiş Ştatlarının Beynəlxalq Respublika İnstitutunun (International Republican Institute – IRI) ermənistanda 1910 nəfər vətəndaş arasında keçiridiy rəy sorğusu haqqında məlumat verilir. Rəy sorğusu 8-16 fevral 2021-ci il tarixləri arasında aparılıb.

Nəticələr göstərir ki, əhalinin 45 faizi ölkənin düzgün istiqamətdə getmədiyini düşünür, bununla belə 42 faiz seçkilər keçirilərsə heç bir qüvvəyə səs verməyə hazır deyil. 28  faiz əhali iqtisadi vəziyyət və işsizliyi əsas problem hesab edir. Rəyi soruşulanlardan cəmi  9 faizini  Qarabağ məsələsi narahat edir, milli və sərhəd məsələsini 5 faiz, Ermənistan milli təhlükəsizlik məsələsi haqqında isə 3 faiz narahat  olan var.

Qarabağ məsələsini Ermənistan əhalisinin cəmi 9 faizinin müdafiə etməsi olduqca maraqlı məqamdır. Çox da mürəkkəb olmayan  kiçik bir hesablama aparaq.

Bu gün Ermənistanda elə onların özlərinin verdiyi şişirdilmiş məlumatlara əsasən, 2 milyon əhali yaşayır və buraya Qarabağdan olan 150 minlik gəlmə ermənilər də daxildir. Deməli, Qarabağ erməniləri Ermənistanın ümumi əhalisinin 15-18 faizini təşkil edir. Ümumi  əhalidən də cəmi 9 faizini, yəni Qarabağ ermənilərinin təxminən yarısını bu problem maraqlandırır. Digər hissə, yaxud  Ermənistanda yaşayan yerli ermənilər Qarabağda gedən proseslər haqqında ya düşünmür, ya da  bu məsələni əhəmiyyətli hesab etmirlər. Deməli, Paşinyan doğru olaraq hesab edir ki, Qarabağ məsələsi məhz Koçaryan və Sarkisyan başda olmaqla Qarabağ klanının ermənistanda hakimiyyətə gəlmək üçün irəli atdıqları oyundur. Və bu oyun 30 ildir ki, erməni millətinin cavanlarını ölümə  aparmaqda və Ermənistanı dağıtmaqdadır.

Paşinyan bunu görür və addım-addım sadə, amma əksəriyyət təşkil edən  erməni kütləsinə əsil həqiqəti izah etməyə çalışır. Ermənilərin də Paşinyanın ardınca gedən və getməyən hissəsi artıq həqiqəti dətk etməkdədir. Koçaryan, Sarkisyan və ətraflarına topladıqları Qarabağ klanının digər üzvləri Qarabağ ətrafında gedən oyunların əsil mahiyyəti  açılana qədər Paşinyanı siyasi səhnədən uzaqlaşdırmağa çalışaraq  bu istiqamətdə bütün vasitələrdən istifadə edirlər. Əks halda, Ermənistanın yerli sakinləri hesab edilən toplumun  erməni xalqının başına açdığı bəlaya  görə Qarabağ klanına nifrət edərək onların ermənistandan qovulmasını tələb edəcəkləri  gün uzaqda deyil.

Rəyi soruşulanlardan 45 faizinin ölkənin düzgün istiqamətdə getməməsi haqqında düşündükləri, böyük ehtimalla son dövrlər Ermənistan baş verən hadisələr-müharibə və bu müharibənin səbəb olduğu mitinqlərdən qaynaqlanır. Amma burada bir məsələyə diqqət yetirmək lazımdır ki, Ermənistanın ümumiyyətlə hansı istiqamətdə getdiyi məlum deyil. İstiqamətin düzgün olub-olmamasını müəyyənləşdirmək üçün onun hara apardığını bilmək lazımdır. İndi Ermənistanın getdiyi yerin uçurum olduğunu iddia edənlər var. Amma bu yanaşma da düzgün deyil. Ermənistan uçuruma getmir, o uçurumun içindədir.

Sorğuya görə 42 faiz ölkədə mövcud olan siyasi qüvvələrin heç birini dəstəkləmir və seçki olarsa heç kimə səs verməyə hazır deyil. Deməli bu gün ermənistan əhalisinin 42 faizini ölkədə baş verən proseslər ümumiyyətlə maraqlandırmır. Burada müxalifətin arxasında güclü bir qüvvənin dayanması haqqında irəli sürdükləri iddianın da yalan olduğu ortaya çıxır.

Elə isə, bəs bu 42 faiz kimdən təşkil olunub?

Təbii ki, bunlar Rusiyada və digər xarici ölkələrdəki yaxınları olan və diaspor ermənilərin göndərdiyi vəsait hesabına yaşayan, müvəqqəti Ermənistanda qalmağa  təhkim olunmuş insanlardır. Onlar da ya Ermənistandan çıxmağa vaxtlarını, ya da çixmaq vaxtlarının çoxdan keçdiyinə görə Ermənistan qalıb basdırılmaqlarını gözləyirlər.

Əhalinin 28 faizi-təxminən 500 min nəfər- iqtisadi vəziyyət və işsizliyin əsas problem olduğunu düşünür. Bu 500 min karantin rejimi başa çatar-çatmaz Rusiya və digər ölkələrə miqrasiya etməyə hazır olan insanlardır. Bu rəqəm erməni siyasətçilərin ermənistanda miqrasiya etməyi düşünənlərin sayı haqqında əvvəllər səsləndirdikləri rəqəmdən 2 dəfə artıqdır.

Görünən budur ki, Ermənistanda nəinki əhali, heç siyasi rəhbərlərin heç biri düşdükləri real vəziyyəti düzgün qiymətləndirmir və ya qiymətləndirmək istəmirlər.

Politoloq Əlimusa İbrahimov