“Ermənilər 5 rayonu qaytarsalar da, Laçınla Kəlbəcəri geri verməyəcəklər” - Politoloq

“Ermənilər 5 rayonu qaytarsalar da, Laçınla Kəlbəcəri geri verməyəcəklər” - Politoloq

“2020-ci ildə Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun fəallaşacağını ehtimal etmək olar”.

Bunu öz açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O, qeyd edib ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanlı həmkarı Zöhrab Mnatsakyanla görüşündə gələn il bu məsələnin davam etdirilməsi barədə müzakirələr aparıblar:

“Məsələ burasındadır ki, danışıqlar prossesi predmetli danışıqlara getmir. Yəni erməni tərəfi danışıqlar prossesini 2-ci, 3-cü dərəcəli məsələlər ətrafında saxlayırlar. Nəticə etibarilə Dağlıq Qarabağın hüquqi statusunu, onun ətrafındakı işğal edilmiş 7 rayonun geriyə qaytarılması ilə bağlı məsələləri müzakirə etməyə vaxt çatmır. Rusiya tərəfi, xüsusilə bu ölkənin Xarici İşlər naziri Sergey Lavrov söz vermişdi ki, onlar ən azından 5 rayonun geriyə qaytarılması məsələsini gündəmə gətirəcəklər. Amma ermənilər ciddi müqavimət göstərirlər, hələ ki torpaq əvəzinə sülh ideyasının gerçəkləşdirilməsinə imkan vermirlər”.

Qabil Hüseynli qeyd edib ki, Azərbaycan tərəfi gələn il yəqin ki, daha güclü mövqelərə malik olacaq.

“Çünki Azərbaycan tərəfi parlament seçkilərini, struktur islahatlarını həyata keçirdikdən sonra ölkənin iqtisadi-siyasi qüdrəti daha da artacaq. Zənnimcə bundan sonra Dağlıq Qarabağ probleminin qoyuluşu daha sərt və kəskin şəkildə qoyulacaq. Ermənilər danışıqlar prossesini sabotaj etməkdə davam edəcəklərsə, Azərbaycan ordusu fəaliyyətə başlamalı olacaq. Dönə-dönə bu məsələləri təkrar edirik və Ermənistana xatırladırıq ki, müharibə gündəmdədir və danışıqlar prossesi mütləq nəticəli danışıqlar yoluna çevrilməlidir. Hər halda ümid edək ki, ermənilər qeyri-konstruktivlikdən əl çəkib, danışıqlarda özlərini ciddi aparmağa başlayacaqlar”, - deyə o, bildirib.

Politoloqun sözlərinə görə məsələ sülh yolu ilə həll olunarsa, ərazi bütövlüyümüzü təmin etmək mümkün olmayacaq:

“Çünki ermənilər Dağlıq Qarabağ məsələsi və üstə gəl Laçınla Kəlbəcər rayonları barədə birmənalı mövqe irəli sürürlər ki, bu əraziləri geri qaytarmayacaqlar. Yəni 5 rayonu qaytarsalar da, bu rayonları geri verməyəcəklər. Bu da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsinə uyğun gəlmir. Bu söhbətdən də danışıqların tam uğurla nəticəli olacağını söyləmək olmur”.