Elşad Miri: “Bunu etməklə Ramazanın mahiyyətindən kənarlaşırıq”

Elşad Miri: “Bunu etməklə Ramazanın mahiyyətindən kənarlaşırıq”

24Media-nın budəfəki müsahibi ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktoru Elşad Miridir.

- Ramazan ayını hər il qeyd edirik, Ramazanın tarixi haqqında nə deyə bilərsiniz və Ramazan bayramı nə vaxtdan qeyd olunur?

- Qurana baxdığımız zaman Quranda "Bəqərə” surəsinin 183 və 185-ci ayələrində yazılır: "Oruc sizdən əvvəlkilərə əmr edildiyi kimi, sizə də əmr edildi". Amma həmin o tarixi mənbələrə müraciət etdikdə görürük ki, İslamın gəlişindən hardasa 15 il sonra bizim bildiyimiz mənada Ramazan orucu bütün müsəlmanlara vacib hesab edilib. Əmr edilir ki, konkret olaraq Ramazan ayı boyunca yəni, ya 29 gün, ya da 30 gün oruc tutmalıyıq. Yəni, Ramazanın tarixi bununla bağlıdır.


- Oruc tutmağın əsas məğzi nədir? Niyə bu ayda oruc tuturuq?

- Çox maraqlıdır. Həqiqətən niyə Ramazanda oruc tutulur? Bu aylar yəni, "Hicri” təqvimi ilə olan aylar əsasən ay təqvimi olaraq qəbul edilir. Ay təqvimində də elə bir nüansdır ki, 33 il ərzində dövr olunur. Yəni bir insan bu günləri oruc tutursa, 33 il sonra eyni vaxtda oruc tutacaq. Və ya deyək ki, bir insan yayda oruc tutursa müəyyən müddət sonra qışda oruc tutacaq. Bunların asanlıq dərəcələri də var, çətinlik dərəcələri də. İnsanı həmin dövrə uyğunlaşdırır bu proses. Həmçinin elə nüanslar var ki, oruc tutmaq bizim sağlamlığımız üçün də faydalı ola bilər, amma biz bilmərik. Ramazan bizə dərsdir, Quranın nazil olunduğu aydır.

                                         


- Ramazan bayramında "Qədr gecəsi” olur. "Qədr gecəsi” nədir? Həmin gün müsəlmanlar nə etməlidirlər?


- "Qədr gecəsi” "Quran-ı Kərim”in endirilməyə başladığı gündür. "Qədr gecəsi” qədir-qiymət bilmək günüdür. Göndərilən "Quran-I Kərim”in qədrini bilməkdir. Nə zaman ki, insan göndərilən kitabın mənasını dərk edir, o zaman həmin insanın "Qədr gecəsidir". Allahın bizlərə bəxş etdiyi anı sıxışdırıb müəyyən günlərə aid edirik. Bəs digər günləri də Allah yaratmayıb mı? Onların günahı nədir?


- Azərbaycanda hər zaman  Ramazan ayının başlama tarixi ilə bağlı anlaşılmazlıq olur. Bu nə ilə bağlıdır?

- Bizdə Ramazan ayı ilə bağlı hər dəfə müəyyən narazılıqlar olur. Mən ona görə insanlara deyirəm ki, bunu etməklə Ramazanın mahiyyətindən kənarlaşırıq. Çünki, orucu bir dəqiqə tez açmaq bizim etdiklərimizi puç etməyəcək. Əsas məsələ biz bu etdiklərimizdən bir nəticə çıxaraq. Ramazanı kurs kimi düşünüb, kursu bitirdikdə bayramı bayram kimi keçirməliyik.  Bir-birilə yardımlaşmanı, hər-hansısa bir etdiyimiz məsələni qeyd eləmək kimi başa düşməliyik. Bu ayın mahiyyəti odur ki, biz bu ayda öyrəndiklərimizi qalan 11 ayda da tətbiq edib elə yaşamalıyıq.