Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib

Dekabrın 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib.

24media.az xəbər verir ki, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qeyri-neft sektorunun davamlı inkişafının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayıb, sahəvi assosiasiyaların bu sahədə əhəmiyyətli mexanizm kimi rolunu qeyd edib. Bildirilib ki, yeni yaradılmış Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası ekoloji təmiz məhsulların istehsalının artırılması, xarici bazarlarda təşviqinin genişləndirilməsinə töhfə verəcək.

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Emin Əliyev orqanik məhsul istehsalı və ixracının artırılması istiqamətində assosiasiyanın nəzərdə tutduğu tədbirlər, hədəfləri barədə məlumat verib.

Tədbir çərçivəsində milli sortların beynəlxalq bazarlarda tanıdılması, orqanik istehsal sahəsinin ixrac və investisiya imkanları, sərgilərdə iştiraka dəstək göstərilməsi barədə müzakirələr aparılıb.

İclas çərçivəsində “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi və Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Arıçılar Assosiasiyası, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.