"Mənə Şuşa şəhərinin azad olunmasındakı fəaliyyətimə görə 4 medal verildi"- Müharibə iştirakçısı ilə müsahibə

24Media-nın budəfəki müsahibi  Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə  şəxsi igidlik və şücaət nümayiş etdirərək, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilən Ülvi Tağızadədir.

Müsahibimiz 1993-cü ildə Lerik rayonunda dünyaya gəlib. O, Lerik rayonu 3 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ülvi Tağızadə hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərib. Onu da qeyd edək ki, müsahibimiz 3 uşaq atasıdır.

Ülvi, necə oldu ki, müharibəyə yollanmaq qərarına gəldiniz?

- Müharibə başlayandan iki gün sonra, yəni sentyabr ayının 29-da qeydiyyatda olduğum Lerik rayon Hərbi Komissarlığına müraciət etdim. Oktyabrın 5-i səhər 7:00-da mənə zəng gəldi ki, “Bu gün lazım olan hərbi hissəyə göndəriləcəksən, komissarlığa yaxınlaş".

Ailə üzvlərinizin buna reaksiyası necə oldu?

Könüllü olaraq yazıldığımı bilmirdilər. Bakıdan Lerikə yollananda da xəbər etməmişdim, yəni vidalaşmadan çıxdım. Artıq hərbi hissəyə yola düşəndə onlara zəng etdim və məlumat verdim. Narahat olmasınlar deyə, sadəcə 3 günlük təlim olduğunu demişdim. Amma bilirdim ki, bu 3 günlük bir şey deyil. Qarşıda çətin günlər ola bilər.  

İlk xidmət göstərdiyiniz ərazi hansı oldu?

Gəncədə yerləşən, ehtiyat üçün yaradılmış hərbi hissəyə göndərildim. 20 günə yaxın müddətdə hərbi təlimlərdə iştirak etdim. Oktyabrın 26-da 140 nəfər arasından 7 kəşfiyyatçı seçildi.  Həmin kəşfiyyatçılardan biri də mən idim. 27-i hərbi hissəmiz dəyişildi. Həmin gün ailə üzvlərimlə əlaqə saxladım. Onlara bildirdim ki, “Sizinlə bir müddət əlaqə saxlaya bilməyəcəyəm, narahat olmayın”. Çünki biz seçiləndə artıq bilirdim ki, necə yerə gedirəm və nələr ola bilər...

( Müsahibimizin səs tonundan sevincli və həyacanlı olduğu hiss olunur)

Gəldiyiniz hərbi hissədə nələr baş verdi?

Şuşanın azad olunması ilə bağlı tapşırıq gəldi. Oktyabr ayının 29-u səhər tezdən Xocavənd istiqamətində yola çıxdıq. Biz gedəndə ordumuz Xocavəndi işğaldan azad etmişdi. Xocavənd ərazisindən Şuşa ərazisinə keçdik. Getdiyimizin ilk gün düşmənin dərinliyinə kimi sızdıq. Amma düşmən  yerimizi müəyyənləşdirdiyi üçün gecədən səhərə kimi fasiləsiz minemyotla  vurdular.

“Sanki illərdir ki, bu günü gözləyirdik” deyən müsahibimiz qeyd etdi ki “ Hər birimizin əhvalı yaxşı idi, ruh yüksəkliyi ilə mübarizə aparırdıq. 3-4 gün yuxusuz qaldığımız günlər də var idi. Amma heç biri döyüş əzmimizi yıxa bilmirdi”.

Ülvi, bizə həmin günlərdən danışa bilərsiniz?

Əlbəttə. Bəyaq qeyd etdiyim atışmadan sonra olduğumuz yeri tərk etdik. Şuşanın bir sıra kəndlərində olduq, göstərişləri yerinə yetirdik. Həmin kəndlərdən sonra  piyada getməli idik, çünki artıq düşmənin içinə tam sızmışdıq. Üzərimizdə müdafiə, hücum üçün əl qumbarası və mərmidən  başqa heç nə götürə bilmədik. Qida və su ehtiyatı belə götürmədik. Çünki 17-18 kq-lıq branjiletdə, kaskada  dərə-təpə yerlərdə hərəkət etmək çətin idi. Topxana adlanan yüksəkliyə doğru qalxmağa başladıq. Strateji yüksəklik idi və düşməni nəzarətdə  saxlamaq üçün o yüksəklikdə olmaq şərt idi. Biz həmin yüksəkliyə gələnə kimi oradakı digər yoldaşlarımızdan şəhid və yaralılar var idi, amma yüksəkliyi qorumuşdular. Artıq nəzarət bizdə idi. 3-4 gün idi ki, ordaydıq. Bizim qida və digər ehtiyaclarla təmin edilməyimiz mümkün deyildi, buna görə də həmin müddətdə ac, susuz və yorğun idik. Buna baxmayaraq, yenə hər kəsdə ruh yüksəkliyi açıq-aşkar hiss olunurdu.  Ermənilərin basqını nəticəsində bizim qrupdan da şəhid və yaralılar oldu.Təxminən 3-4 hərbçimiz şəhid oldu, 7-8 nəfər isə yaralandı. Amma düşmən içimizə kimi sıza bilmədi. Çünki gəldikləri yolu bağlamışdıq. Səhəri gün  Şuşanın kəndi Daşaltıda  ermənilərin 40 nəfərə yaxın canlı qüvvəsinin olduğu xəbəri gəldi. Həmin yüksəklikdən Daşaltıya doğru hərəkətə başladıq. Gələndə axtarış apardıq, lakin düşmən artıq ərazini tərk etmişdi. Biz yenidən Topxana meşəsinə doğru yola düşdük.

Qaranlıqda hərəkət etməyin daha da çətinləşdiyini deyən müsahibimiz  Bir-birimizin branjiletindən tutaraq hərəkət edirdik ki, həm yoldan çıxmayaq, həm də geriyə qalan olmasın. Birlikdə hərəkət etmək çox vacib idi”,- deyə o bildirib.

Döyüş yoldaşlarınızı itirməyiniz nəticəsində heyətdə azalma olurdu. Bu sizə çətinlik yaradırdı?

Şəraitə görə çətinliklərimiz var idi. Topxanada bir sıra tapşırıqlar verilirdi. Tapşırıqlar nəticəsində düşmənin 2 taborunu məhv etdik. Bu tapşırıqlardan sonra bir xeyli yaralılarımız vardı. Ümumi 30 nəfərə yaxın qalmışdıq. Geri qayıtmaq mümkün deyildi, qalan yoldaşlarla qarşıya irəliləmək lazım idi. Şuşada şiddətli döyüşlər gedirdi. Şuşa səmasında baxanda sanki “atəşfəşanlıq” vardı. Sona yaxınlaşanda növbəti tapşırıq verildi. Düşmənin 200-ə yaxın canlı qüvvəsinin olduğu məlumatı gəldi. 10 nəfərlik 3 qrupla basqın etdik. 7-8 düşmən hərbçisini məhv elədik. Bundan sonra qalanlar qorxub, qaçdılar. Düşmənin xeyli silah-sursatı qənimət kimi ələ keçirildi. Əsgər sayı az olduğu üçün biz həmin gün irəliləyə bilmədik. Noyabrın 6-7-də Şuşada artıq təmizləmə əməliyyatları gedirdi.  Bizə noyabr ayının 10-da səhər tezdən yüksəklikdə olan əsas  taborlara hücum tapşırıqları verilmişdi. Həmin ərazilərə getdik və heç kimin olmadığını gördük. Məlum oldu ki, düşmən artıq təslim olub.

Müharibə bitdikdən sonrakı dönəmdən söz açaq bir az. Necə oldu?

- Noyabrın 10-da düşmənin qaçıb getməsi heyətdə heç kimin ürəyincə olmadı. Çünki hamımız istəyirdik ki, düşmənin son əsgərinə kimi məhv edək. Həmin gün ilk dəfə ocaq qaladıq, gecə soyuq olmadı. Həmin günə kimi, gecələr yağışdan islanırdıq, soyuq olurdu. Gündüz bəxtimiz gətirsə günəş olsa, geyimlərimiz quruyurdu. 13 noyabrda Daşaltıya qayıtdıq, evlərin birinə yerləşdik. 14-15 gündən sonra ilk dəfə ayaqqabılarımızı çıxarıb, rahat yata bildik. Noyabr ayının 16-da geriyə qayıtmaq barədə tapşırıq verildi və hərbi hissəyə qayıtdıq. Ayın sonunda  Kəlbəcərə yollandıq. Murov dağ silsiləsindən hərəkətə başladıq Kəlbəcərin Calı kəndində yerləşdikdən sonra 2 qrupla Laçına yola düşdük. 16 gün orada qaldıq, müxtəlif obyektləri mühafizə etdik. 16 gün sonra yenidən Kəlbəcərə qayıtdıq. Dekabrın 24-də Şəmkirdə hərbi hissədə olduq, 27 dekabrda təxris olunduq. Müharibədən sonra şücaətlərə görə, bir çox igid oğlumuz təltif olundu. Mənə Şuşa şəhərinin azad olunmasındakı fəaliyyətimə görə 4 medal verildi. Vətənimə xidmət etməyə həmişə hazıram.

Müsahibimizin ailə üzvləri ilə söhbətləşəndə məlum oldu ki, Ülvi getdiyi gündən çox narahat qalıblar. Qulaqları həmişə telefon zəngi axtarıb. Döyüşlərin qızğın vaxtında gec-gec xəbər almaqları onları daha da qorxuya salıb. Bütün bunlara baxmayaraq, onun bu cəsarətiylə fəxr etdiklərini vurğuladılar.  

Onu da qeyd edim ki, müsahibimizə müharibədən qayıdanda  ən gözəl hədiyyə övladının dünyaya gəlməsi olub. O, övladına Turan adını qoyub. İgidimizin özü kimi övlad yetişdirəcəyinə əminik. Hər şey vətən üçün!