"Döyüş vaxtı bir-birimizə qarşı hörmət olmur" - 5 qat dünya çempionu ilə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi 24 yaşlı 5 qat dünya çempionu Koroğlu Kaibovdur. Dərbənd rayonunun Kamona kəndindən olan K.Kaibov orta məktəbi bitirdikdən sonra kollecdə hüquq təhsili alıb, daha sonra isə Pedoqoji universitetə daxil olub. Hazırda idmanla yanaşı təhsilini də davam etdirir. K.Kaibov idman sahəsində qarşılaşdığı çətinliklər və qazandığı uğurlar barədə suallarımızı cavablandırıb:

İdmanı karyera sahəsi kimi seçməyə necə qərar verdiniz?

- Mən məktəbə gedəndə oxumaq əvəzinə davaya daha meyilli idim. Hamı məktəbdə təhsil alırdı, amma mən dalaşırdım. Məndə davakarlıq bir obraza çevrilmişdi. Fikirləşirdim ki, gələcəkdə hansısa bir idmanla, yəni döyüş sənəti ilə məşğul olub yarışlarda iştirak edim. Daha sonra "рукопашка" üzrə döyüşdüm və bunu daha sonra qaydasız döyüş əvəz etdi.

Ümumiyyətlə, hansı idman sahələri ilə məşğul olmusunuz?

- Sərbəst güləş, boks, kikboksinq, cüdo ilə məşğul olmuşam. Fikrimdə bütün bu idman növlərinin birləşəcəyi bir döyüş növü ilə məşğul olmaq var idi və bu qarışıq döyüş sənəti (Mixed martial arts,MMA) oldu. 

Nə kimi uğurlar qazanmısınız?

- Rusiya çempionu, Dünya çempionu olmuşam, bir çox adi döyüşlərin və turnirlərin qalibiyəm. Ölkələrarası beynəlxalq döyüşlərdə qalib olmuşam, 5 qat Dünya  çempionuyam. İlk dəfə 18 yaşımda İtaliyada, 19 yaşımda Moldovada, 21 yaşımda Türkiyənin Antalya şəhərində, 22 yaşımda Moskvada və 23 yaşımda, yəni  2019-cu ildə Azərbaycanda dünya çempionu adını qazandım.

Özünüzə nümunə götürdüyünüz döyüşçü varmı?

- Mən heç kimdən nümunə götürmürəm, amma özümü oxşatdığım insanlar var. Misal üçün kiçik yaşlarımdan Fyodor Yemelyanenkonun döyüşlərinə baxıram və öz döyüşlərimi onun döyüşlərinə oxşatmaq istəyirəm. Onun bütün karyerasını, döyüşlərini, məşqlərini izləyirəm. Həmçinin rusiyalı döyüşçülərdən Həbib Nurməhəmmədovu izləyirəm.

Məşqlərin çətinliyi ilə necə başa çıxırsınız?

- Əgər ağır məşqləri nəzərdə tutursunuzsa mən hər dəfə öz məşqimi bir az daha artırıram. Məşqlərin çox ağır getdiyini hiss edəndə psixoloji cəhətdən növbəti məşqdə zədə ala biləcəyimi ehtimal edə bilirəm. Ona görə də məşqlərin ağırlığını, etdiyim hərəkətləri azaldıb özümü qoruyumağa başlayıram.

Döyüşə çıxmazdan öncə hazırlaşmaq və sakitləşmək üçün nə edirsiniz?

- Döyüşdən əvvəl həmişə ən birinci uca Tanrını yada salıram, o necə istəyirsə elə də olacaq. Əgər güclü məşqlər edib təlimlər keçmişəmsə, deməli, mən 100 faiz öz qələbəmə hazıram, ona görə də döyüşə rahat çıxıram.

Rəqiblərinizlə sonradan münasibətinizin korlandığı hallar olubmu?

- Rəqiblərimə döyüşdən əvvəl və döyüşdən sonra hörmətlə yanaşıram, onlarla heç bir pis əlaqəm, gərgin vəziyyətimiz olmayıb. Amma döyüş vaxtı bir-birimizə qarşı hörmət olmur, bu, hamıya bəllidir, çünki bu döyüşdür. Döyüş vaxtı bizdə sanki müharibə olur, elə bil müharibəyə gedirik. Amma döyüşdən kənar həmişə hörmətlə yanaşıram. Çünki biz insanıq.

Ağır yaralandığınız döyüşlər olubmu?

-Professional döyüşlərimdə olmayıb, lakin adi döyüşlərimdə zədələr almışam. Məşqdə dizimdə və yarışda çiyinimdə böyük zədə yaranıb.

Bəs sağalma müddəti necə keçirdi?

- Mən sağalanda istirahət edirdim, başqaları zədə alanda motivasiyadan düşsə də, mən özümü buna hazırlamışdım. Bilirdim ki, idmanda zədələr də, travmalar da olur, sağalıb davam edəcəyimi, məşqlərdə yenidən iştirak edəcəyimi bilirdim. Ona görə də ruhdan düşmürəm.

Karyeranızda nə kimi hədəfləriniz var ?

- Mənim hədəflərimdən birincisi UFC döyüşçüsü olmaqdır. İkinci sırada isə Bellator döyüşçüsü olmaq yer alır. Mən buna hazırlaşıram və mənim ən böyük hədəflərim bunlardır. Bir neçə ay öncə Nyu-Cersi ştatından olan menecerim Şaun Rapoport ilə müqavilə imzaladım, koronavirusla bağlı hələ ki döyüşlər təxirə salınıb. İnşallah koronavirus epidemiyası keçdikdən sonra yenidən döyüşlərdə iştirak edəcəyik.

İdmana başlamaq istəyən, ancaq tərəddüd edən oxucularımıza nə tövsiyə edərdiniz?

- İdmana başlamaq istəyən gənclər indidən başlasınlar. Çətin anlarda isə idmanı atmasınlar, həmişə özlərinə güvənsinlər. Hamıya xoşbəxtlik və sülh arzu edirəm.