"Döyüşə mahnı oxuya-oxuya gedirdik... " - MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi Vətən müharibəsi iştirakçısı Yusif Abbasovdur. O, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Hərbi xidmətlərə görə medalı” medalları ilə təltif olunub.

Döyüşün ilk günlərini xatırlayan Yusif, ermənilərin çox qorxaq olduqlarının şahidi olduğunu bildirdi:

"Mən Abbasov Yusif Elşən oğlu 16 oktyabr 1995-ci ildə Daşkəsən rayonunda anadan olmuşam. 2014-2015-ci illərdə hərbi xidmətə yollandım. 
İlk dəfə Füzuli istiqamətində cəmləşdik. Sonra Cəbrayıl istiqamətində döyüşə girdik. Cəbrayıl-Qubadlı istiqamətində çox gərgin döyüşdə iştirak etmişəm. İlk həyəcanımı yanıma top mərmisi düşərkən keçirdim. Yağışlı hava olduğu üçün qaçanda sürüşdüm. Sonradan əmr verildi ki, geri çəkilək, elə həmin anda yenə bir mərmi düşdü. 10 gün ac qaldıq, çünki təminatımızı düşmən vururdu, çata bilmirdilər. Amma buna baxmayaraq layiqincə döyüşdük. Biz ermənilərin əsl üzünü həmin vaxt  gördük. Çox qorxaqdırlar. Uzağı yarım saat döyüşməyə qadirdilər."

O bizimlə heç vaxt unutmayacağı xatirələrini bölüşdü:

"Döyüş vaxtı unutmayacağım çox hadisə oldu, amma ən əsası bizim həmrəyliyimiz idi. Döyüşə mahnı oxuya-oxuya gedirdik. Başqa heçnə düşünmürdük, bir-birimizə dəstək olurduq. Özümə çox qardaş qazandım. Rütbəsindən asılı olmayaraq hamımız birlikdə döyüşdük. Döyüş ruhumuz çox yüksək idi, qələbəyə inanırdıq. İnanın ki, bizə əmr verəndə, baxmayaraq ki minalanmış ərazilərə ayaq basa bilərdik, qorxmurduq. Valideynlərimə son mesajımı da yazmışdım, amma çatmadı... Bir saniyəlik yalnışlıq ölümlə nəticələnə bilərdi. Bu müharibədə çox dəyərli oğullar şəhid oldu..."


O ağır yaralandığı zaman yoldaşlarının ona göstərdiyi qayğını da unutmamışdı:

" Düzənlikdə döyüşmək çox çətin idi. Qarşıda sadəcə erməni dığalarının qazdıqları səngərləri görürdük. Birdən yaxınlığıma mərmi düşdü. Elə bildim ki, ayağım yoxdur. Bir az qalxdım ki, əlim, şalvarım qandır – ayağıma qəlpə girib. Üç nəfər yaralımız var idi. Mənə adını xatırlamadığım mayor ilkin tibbi yardım göstərdi. Döyüş çox gərgin idi. Məni bir az uzaqlaşdırdılar. Üç nəfər yaralıları götürmək üçün gözləyirdilər. Əsgər yoldaşlarıma imkan vermirdim ki, məni daşısınlar, özüm güclə də olsa, yeriməyə çalışırdım. Həmin anda yenə vururdular, mənim üçün irəliləmək çox çətin idi. Təzə yaralandığım üçün çox da ağrı hiss etmirdim. Çox həmrəy idik. Döyüş yoldaşlarımın qayğısını heç vaxt unutmaram. Başıma gün düşməməsi üçün əlləri ilə mənə kölgə yaradırdılar. Hər güllə atıldıqca üstümə uzanırdılar ki, mən qorxmayım."

Sonradan gördüm ki, qəlpənin gücündən snayperimin kəndiri kəsilib. Komandirim və digər əsgər yoldaşlarım da bu hadisənin təsirindən təəccüblənmişdilər. Sonra bizləri zirehli avtomobillərə mindirdilər. Yaralı çox idi: biri ayağından, digəri başından...

Yusif müalicə aldığı xəstəxanada həkimlərin ona göstərdiyi qayğıdan bəhs etdi:

"Xəstəxanada həkimin müdaxiləsi zamanı mənə qəlpənin qalacağını söylədilər. Hər bir şeyi xatırlayıram. Cərrah mənə söylədi ki, mən bu əməliyyata girə bilmərəm. Düz bir həftə Biləsuvar Mərkəzi Xəstəxanasında qaldım. Hamısından razıyam, çox gözəl qulluq edirdilər. Daha sonra məni Bakıya, hospitala göndərdilər. Həkim mənə qəlpənin təsirini müşahidə etmək üçün 15 gün məzuniyyət verdi. Sonrakı qəbulda yenə də əməliyyat olunmayacağımı bildirdilər. Hazırda da qəlpə mənimlədir, sol ayağımdadır... "

" Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət etmişəm! Mən fəxr edirəm ki, Azərbaycanlıyam! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Gələcək nəsillər də istərdim ki, hər zaman vətənpərvər ruhda böyüsün."