Dövlət Neft Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər edilib

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinə dəyişikliklər edilib.
Fonddan 24Media-ya bildirilib ki, Fərmana uyğun olaraq, ARDNF-nin 2020-ci il üçün büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Fondun büdcə gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard 832 milyon 893,4 min manata qədər azaldılıb və büdcə xərcləri isə 11 milyard 589 milyon 910,3 min manatdan 12 milyard 439 milyon 910,3 min manata qədər artırılıb.
Müvafiq olaraq Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər üzrə gəlir maddəsi 10 milyard 563 milyon 404,5 min manatdan 6 milyard 646 milyon 940,7 min manata qədər azaldılıb, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər üzrə gəlir maddəsi 4 milyon 692 min manatdan 6 milyon 752,4 min manata qədər, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə maddə 19 milyon 380 min manatdan 21 milyon 80 min manata qədər, neft–qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar üzrə gəlir maddəsi 765 milyon 340 min manatdan 767 milyon 777,4 min manata qədər artırılıb, eyni zamanda Fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən vəsaitlərlə bağlı gəlir maddəsi 1milyard 31 milyon 271,7 min manatdan 390 milyon 342,9 min manata qədər azaldılıb.
Fərmana əsasən ARDNF-nin 2020-ci il üzrə büdcəsinin xərc istiqamətlərində Azərbaycanın 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi üzrə xərc maddəsi 11 milyard 350 milyon manatdan 12 milyard 200 milyon manata qədər artırılıb.