"Dinləyicinin seçimi eşitdiklərindən irəli gəlir" - müğənni Aisel ilə MÜSAHİBƏ

24Media bu dəfə "Avroviziya" Mahnı Müsabiqəsində ölkəmizi təmsil etmiş,  klassik musiqi və caz ifaçısı, xüsusilə son zamanlarda Azərbaycan dilində ərsəyə gətirdiyi musiqilərlə geniş dinləyici auditoriyası qazanmış pianoçu, vokalist və bəstəkar Aysel Məmmədova (Aisel) ilə həmsöhbət olub.

Özünüzü təqdim etmək üçün yalnız bir sözdən istifadə etmək imkanınız olsa, bunlardan hansını seçərdiniz? Pianoçu, vokalist, yoxsa bəstəkar?

- Ümumi şəkildə musiqiçi deyərdim. Həm vokalist, həm də bəstəkar kimi aktiv fəaliyyət göstərirəm. Amma üçündən birini seçmək lazım olsa, pianoçu. Fortopiano üzrə təhsil almışam və həyatımın 25 ilini fortopianoya həsr etmişəm.

"Avroviziya"da iştirakınızdan əvvəl: " Yarışmanın heç bir inkişafa və sənətə dəxli yoxdur", - demişdiniz. İndi necə düşünürsünüz, yarışma sizin fəaliyyətinizə necə təsir etdi?

- Demək istəyirdim ki, nəticələrin sənətə, inkişafa dəxli yoxdur. Amma həyatımda müsbət tərəfləri çox oldu. Daha çox auditoriya əldə etdim və indiyə qədər də bu auditoriya mənimlədir, məni dəstəkləyir. Dünya mediasında çox tanınırsan, bu baxımdan "Avroviziya" çox şey verib mənə.

Son zamanlarda mahnılarınız dillər əzbəri oldu, birdən-birə pərəstişkarlarınız artdı. Sanki yeni bir Aysel görürük. Bu zərurət nədən irəli gəldi?

- Bunu əvvəlcədən planlaşdırmırdıq, bilmirdik, belə olacaq. "Demə mənə, neyləyim" mahnısını da test üçün çıxartdıq. Mənim özümə maraqlı idi ki, Azərbaycan dilində - pop janrında mahnı çıxartsam, auditoriyanın reaksiyası necə olacaq. Dinləyicilər tərəfindən çox müsbət münasibət gördük, ona görə mahnını tamamladıq. Ondan sonra da elə bu enerji ilə növbəti mahnıları ərsəyə gətirdik. Materialımız çoxdur. Bu çox sevindiricidir ki, mahnılarımız auditoriyanın xoşuna gəlir. Bu, növbəti proyektlərimiz üçün bizə güc verir.

Ard-arda təqdim etdiyiniz, Azərbaycan dilində olan mahnılar demək olar ki, eyni tərzdədir, çox bənzərdirlər. Hər hansı bir yenilik gözlənilir, ya elə bu tərzdə davam edəcəksiniz?

- Janra qaldıqda isə, əlbəttə ki, yeniliklər olacaq. Sonuncu mahnı, məncə, bundan əvvəlki mahnılardan fərqlənir. Bu mahnıda etnik motivlərin elektron musiqi ilə sintezi var. Bu mahnı elə yenilik kimi təqdim oluna bilər. Bundan sonra da inkişaf etmək və bu tərzin üzərində yeniliklərlə dolu musiqilər təqdim etmək istəyirik. Məncə, mənim dəsti-xəttim belə qalmalıdır. Janrı dəyişmək, səsimin tembrini başqa cür etmək fikrim yoxdur. Çünki auditoriya bu tərzi sevib.

Azərbaycanda musiqi sektorunun hazırkı inkişafını necə dəyərləndirirsiniz?

- Azərbaycanda musiqi sektorunda inkişaf var, məncə. Gənclər çoxdur, öz üzərilərində işləyirlər. Pop musiqimizdə artıq yeni janrlar, yeni tərzlər var. Məncə, vəziyyət çox yaxşıdır. Hərə öz üzərində işləsə, sağlam rəqabət olacaq və musiqinin, müğənnilərin inkişafı daha da tez reallaşacaq.

Klassik musiqi ilə, cazla məşğul olan sənətçilərin kənarda qalmasının səbəbini nədə görürsünüz?

- Klassik və caz musiqisi intellektual, çətin musiqidir. Onu başa düşənlər və anlayanlar qulaq asar, sevər. Bu cür musiqilər dünyada da heç vaxt böyük kütləyə sahib olmur. Ən böyük kütləyə pop musiqisi malikdir. Emosional baxımdan da klassik musiqiçilər, caz ifaçıları bir az fərqli olurlar. Onlar o qədər də özlərini kütləyə sevdirmək, populyar olmaq istəmirlər. Ona görə də böyük kütlələrdən kənarda qalırlar.

Televiziya verilişlərindən birində trendə düşən mahnılara aid fikirləriniz tamaşaçıları bir qədər təəccübləndirdi. Çünki əksər həmkarlarınız trenddə yalnız bayağı və zövqsüz musiqilərin olmasından şikayətçidirlər. Bu mövzuya bir qədər aydınlıq gətirə bilərsiniz?

- Bilirdim ki, münasibətim hamını təəccübləndirəcək. Amma mən fikirləşdiklərimi demişəm, belə düşünürəm. Çünki trendə düşən musiqiləri, detallarını analiz etmişəm. Həm söz baxımından, həm musiqi baxımından, demək ki, bu musiqilərdə nəsə var. Bu qədər kütləni ələ almaq elə-belə ola bilməz. Şən mahnılar insanların ürəklərinə yatır, bəlkə sümüklərinə düşür. Qəmli mahnıların sözləri çox maraqlı olur, ürəyə toxunan, təsiredici olur. Bizə elə gəlir ki, dünya trendlərində də yalnız zövqlü musiqilərdir. İngilis dilində olduğu üçün bizə elə gələ bilər. Amma ingilisdilli əhalinin o mahnılardan xoşları gəlməyə bilər. Məncə, trendin öz alqoritmi var. Mən buna normal baxıram. Trendi prioritet qoymasaq, hər şey yaxşı olacaq.

Ümumiyyətlə, cəmiyyətin bayağı musiqilərə maraq göstərməsinin səbəbi nədir? Sizcə, ifaçılar zövqlü musiqi təqdim edib dinləyicinin diqqətini çəkə bilmir, yoxsa bu, dinləyicilərin öz seçimidir?

- Təbliğatdan çox şey asılıdır. Məncə, musiqilər çox olsa, dediyim kimi sağlam rəqabət də olacaq. Zövqlər də dəyişilə bilər. Göz önündə nə çoxdursa, nəyin təbliğatı çox aparılırsa, insanların zövqü onun üzərində formalaşır. Daha çox yaxşı musiqi olmalıdır ki, insanlar daha çox musiqi eşitsin və zövqləri formalaşsın. Dinləyicinin seçimi eşitdiklərindən irəli gəlir. Dinləyici fərqli musiqi eşitsə, zövqünü dəyişə bilər.

Deyəsən, heyvanların qorunması ilə bağlı da addımlar atırsınız. Bir az da bu mövzuda danışaq.

- Bəli, heyvanların qorunması mənim üçün çox həssas mövzudur. Mümkün qədər, əlimdən gəldiyi qədər çalışıram ki, onları sahibləndirim, onlara ev - ailə tapım. Cəmiyyətdə heyvanlara, əsasən, itlərə qarşı münasibət o qədər də yaxşı deyil. İtləri daşlayırlar. Qorxurlar və fikirləşirlər ki, itlər aqressivdir. Amma itlər insanların dostudur və insanları çox sevirlər. Neçə illərdir, itlərə qayğı göstərirəm, onlarla təmasda oluram. Bir dəfə də olmayıb ki, it məni dişləsin və yaxud aqressiya göstərsin. Bu işdə də təbliğatın yaxşı olmasını, insanların ürəyində daha çox rəhm olmasını və heyvanları qorumalarını istəyərdim. Heyvanları satın almaq yox, sahibsiz heyvanlara sahib çıxmaq daha məqsədəuyğun olar. Azərbaycanda küçə itləri çoxdur.

Sevilən, istedadlı, uğurlu bir insan - müğənni olaraq oxucularımıza nə demək istərdiniz?

- Oxucalara yaxşı əhvali-ruhiyyə, can sağlığı, məşğuliyyətlərindən asılı olmayaraq bütün işlərində uğurlar arzulayıram. Dəstəkləri üçün dərin minnətdarlığımı bildirirəm. Auditoriya 3-4 ay ərzində məni çox dəstəklədi, onların dəstəyi ilə özümdə güc görüb növbəti proyektləri ərsəyə gətirirəm, çox sağ olsunlar.

Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Növbəti layihələrinizdə uğurlar arzu edirəm.

- Xoş sözləriniz və diqqətiniz üçün çox sağ olun.