Deputatların çoxu Pfizer-ə "hə", CoronaVac-a "yox" deyir - SORĞU

Deputatların çoxu Pfizer-ə

Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası)  vurmaq təklif olunub.

Bəs, Azərbaycanda deputatlar 3-cü doza vaksin vurduracaq? 


24Media xəbər verir ki, Anews.az bu sualla millət vəkilləri arasında telefon sorğusu keçirib.

 

İmişlinin deputatı Razi Nurullayev: 2021-ci ilin martında 2 doza CoronaVac vaksini vurdurmuşam. Sentyabrın 25-də 6 ayım tamam olacaq. Həmin müddətdən sonra 3-cü dozanı vurduracam. Seçimim isə Pfizer olacaq. Çünki vaksinlər barədə oxuduğum məlumatlardan belə aydın oldu ki, sinovakdan sonra Pfizer vaksini vurduranda effekti güclü olur. Həmçinin, xarici ölkələrə gediş-gəlişi asanlaşdırmaq üçün ən ideal seçim Pfizer vaksinidir. 

Salyanın deputatı Fəzail Ağamalı: Fevralda 1-ci, martın 4-də isə 2-ci doza CoronaVac vaksini vurdurdum. Sentyabrın əvvəllərində 3-cü doza vaksin vurduracam. Amma hansı vaksini vurduracağım barədə dəqiq qərar verməmişəm. Düşünürəm ki, həkimlərlə məsləhətləşdikdən sonra qərar vermək olar. 

Gəncənin deputatı Naqif Həmzəyev: 2 doza CoronaVac vaksini vurdurmuşdum, bir müddətdən sonra antitel analizi verdim. Antitel aşağı düşmüşdü deyə 3-ci dozanı vurdurmaq qərarına gəldim. 3-cü doza olaraq isə Pfizer vaksinini seçdim. Beynəlxalq təcrübələr göstərir ki, yeni delta ştammından qorunmaq üçün Pfizer uğurlu seçimdir.  Çin höküməti də öz vətəndaşlarına 3-cü doza olaraq Pfizer vaksini tövsiyyə edib. Hər kəsə məsləhət görərdim ki, 2 doza vaksin olunsalar da mütəmadi olaraq  antitel analizi versinlər. Əgər ehtiyac yaranarsa, 3-cü doza vaksin vurdursunlar. 

Bakının, Nəsimi rayonunun deputatı, ixtisasca həkim olan Asim Mollazadə: 2 doza CoronaVac vaksini vurdurandan sonra 3-cü doza Pfizer vaksini vurdurdum. Hər kəsə də Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyyələrini yerinə yetirməyi  məsləhət görürəm. 

Gədəbəyin deputatı Arzu Nağıyev: Öz istəyimlə 2 doza CoronaVac, 3-cü doza isə Pfizer vaksini vurdurdum. 

Bakının, Nərimanov rayonunun deputatı Hikmət Babaoğlu: Fevralda 1-ci doza, martda isə 2-ci doza CoronaVac vurdurdum. Sentyabrda 3-cü doza vaksini vurdurmağı düşünürəm. Mütəxxəssislərin fikirlərini, dünya təcrübələrindən xəbərdar olduqdan sonra 3-cü doza olaraq Pfizer vurdurmağı nəzərdə tutmuşam. 

Mingəçevir deputatı Aydın Mirzəzadə:  Fevralın əvvəlində vaksin olunmuşam, peyvəndin adını xatırlamıram. 3-cü dozanı da mütləq vurduracam. Amma xüsusi bir seçimim yoxdur. Düşünürəm ki, Azərbaycana ancaq sınaqdan keçmiş, effektli vaksinlər gətirilib. 

Cəbrayılın deputatı Ceyhun Məmmədov : 2 doza CoronaVac vaksini vurdurmuşam. Əgər tələb edilərsə, eləcə də məsləhət görülərsə, 3-cü doza vaksin də vurduracam. 3-cü dozanı vurduranda da seçimim Sinovak olacaq.