"Dara düşəndə Allahı xatırlamaq mənə utanc verici gəlirdi" - MÜSAHİBƏ

24Media-nın müsahibi II Qarabağ müharibəsi qazisi Eyyublu Vasif Faiq oğlu Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə başlayandan təxminən bir ay sonra ağır yaralanan Vasif  həmin anları təsvir edərkən çox çətinlik çəkdi.

Müharibə necə başladı?

21 sentyabrda hərbi komissarlığa çağırıldım. Fikirləşirdim ki, təxribat olub və buna görə bizi aparırlar. Həmin vaxt müharibə olacağını düşünmürdüm. 27 sentyabr saat 07:50-də isə müharibə başladı. Mən Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.

Döyüş zamanı ən çox qorxduğunuz an haqqında danışa bilərsinizmi?

Ən çox qorxduğum an oktyabrın 5-də oldu. Düşməndən azad etdiyimiz ərazilərdən geri qayıdırdıq. Meşəlik ərazidə pusquya düşdük. Təcrübəsiz olduğuma görə səhvən 3 maqazini düşmənin üstünə atdım. Heç özümə də güllə saxlamamışdım. Avtomatı yerə atdım ki, səs-küy salmayım. Bacardığım qədər sürünərək oradan uzaqlaşmağa çalışdım. Yarım saat çox əziyyət çəkdim. Sonra 4 nəfər bir yerə toplaşdıq və öz postumuza doğru getdik. Sözün açığı həmin vaxt Allaha yalvarmağa belə utanırdım. Dara düşəndə Allahı xatırlamaq mənə utanc verici gəlirdi. Orada təxminən 40-dan çox şəhid verdik. Dostlarımın çoxunu orada itirmişəm. Cəmi 7 nəfər oradan sağ-salamat çıxa bildik. 10 oktyabrda hərəmiz başqa bölüklərə göndərildik.

17 oktyabrda “Həmlə” qrupuna qoşuldum. Elə bir qrup idi ki, öz işini çox yaxşı bilən əsgərlərdən təşkil olunmuşdu. Onlardan çox əmin idim və qorxmurdum. Çünki bilirdim ki, ölsəm də onlar mənim cəsədimi orada qoymazlar. O cür hazırlıqlı əsgərlər idilər.

Yaralandığınız anı necə təsvir edərdiniz? Həmin vaxt hansı hissləri keçirdiniz?

Ən çox əziyyət çəkdiyim və ağır döyüşlərdən biri də oktyabrın 19-da oldu. Düşmən postuna hücum edirdik. Həmin vaxt ağır yaralandım. Yanımda 120mm-lik minaatan partladı. Qəlpəsi sol böyrümdən tutdu, yerə yatdım. Mənə nəsə dəydiyini bildim, amma həyəcandan nəsə hiss etmirdim. Qarnımda yanğı hiss etdim. Qəlpə sol böyrümdən sümüyümü sındırıb qarnıma girmişdi. Yerimdən tərpənmədim, çünki düşmən atəş açmaqda davam edirdi. Ayağa qalxmaq istəyəndə dura bilmədim. Elə fikirləşirdim ki, qəlpənin sadəcə təzyiqi məni tutub. Yanımdakı döyüş yoldaşlarıma dedim ki, ayağım ağrayır. Onlar dedilər ki, heç nə yoxdur, yaralanmamısan, yəqin ki, qorxmusan. Dedim: “Yox, qorxmamışam. Bu birinci dəfə deyil. Mən ya təzyiqə düşmüşəm, ya da mənə nəsə dəyib”. Onlar bilmirdilər ki, qəlpə yarası almışam. Sonradan gördülər ki, sol böyrümdən az-az qan gəlir. Yaralanmağımı bilməmələrinə səbəb o idi ki, iki gün idi su içməmişdik, buna görə də qan axmırdı. Təxminən 4 saat orada qaldım. Ağrılarım çox idi, amma qorxmurdum. Yaralanmağımdan 3 saat keçəndən sonra artıq üşüyürdüm. Başa düşdüm ki, qanım azalıb. Qanım azaldıqca ölümə daha çox yaxınlaşırdım. 4-cü saatda isə artıq heç nəyə əhəmiyyət vermirdim. Həmin anda deyib gülməyə çalışırdım. Amma bir əsgərin ən böyük problemi evi fikirləşməkdir. Həmin vaxt ailəmi düşünürdüm. Fikirləşirdim ki, mən öləndən sonra nə olacaq? Bu sual hər dəqiqə ağlında olur. İnsan ölümə yaxınlaşdıqca ancaq yatmaq, yuxulamaq istəyir. Yoldaşlarım başa düşdülər ki, mənim üçün artıq gecdir, oradan çıxmalıyam. 8 nəfər çox böyük çətinliklə məni oradan çıxartdılar. Əziyyət çəkdilər, çünki həmin vaxt düşmən dayanmadan atəş açırdı.

Ailənizlə əlaqə saxlaya bilirdinizmi?

Ailəmlə hər gün alınmasa da hərdən bir danışa bilirdik. Tez-tez danışmırdım. Danışanda da ya deyirdim ki, arxadayam, ya da deyirdim xəstələnmişəm. Onlarla sonuncu dəfə oktyabrın 15-i əlaqə saxlamışdım.

Döyüş vaxtı elə bir an olub ki, indi də xatırlayanda sizə çox təsir edir?

Döyüş yoldaşlarımdan biri 19 yaşlı Əliyev Yunis idi. Necə ki, böyüklər özlərindən xeyli kiçik yaşda olanlara xüsusi qayğı ilə yanaşırsa, məndə də ona qarşı elə bir hiss var idi. 5 nəfərdən ibarət bir qrupla kəşfiyyatçılardan qabaqda getmişdik ki, pusquya düşməsinlər. Növbə ilə yatırdıq. Sıra mənə çatanda Əliyevi oyatmırdım. O, mənə sanki balaca bir uşaq kimi görünürdü. Aramızda 10 yaş fərq var idi və onu həqiqətən çox istəyirdim. Oktyabrın 5-i gözlərimin önündə şəhid oldu. Müharibədən sonra evə gələndə ona görə çox ağlamışam.

Müharibənin nəticəsi haqda nə düşünürsünüz?

Təxminən 5 il Rusiyada işləmişəm. Müharibəyə qədər oradakı ermənilər bizə yuxarıdan aşağı baxırdılar. Müharibə bitdikdən sonra oradakı dostlarıma zəng vurub soruşurdum ki, indi vəziyyət necədi, sizə necə baxırlar? Onlar da cavabında deyirdilər ki, onların indi bizə baxmağa heç üzləri də yoxdur, utanıb çəkinirlər.