Dağlıq Qarabağ münaqişəsinin həll yolu – Sülh, yoxsa müharibə?

Dağlıq Qarabağ münaqişəsinin həll yolu – Sülh, yoxsa müharibə?

Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərin sonunda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ərazi iddiasını hərbi fazaya keçirməsi və Dağlıq Qarabağ bölgəsi, həmçinin Ermənistanda yaşayan azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə başlandı.
Ermənistan tərəfi bu gün də danışıqlar zamanı müxtəlif ərazi iddiaları irəli sürür. Digər tərəfdən köçəri ermənilərin Azərbaycanın əzəli torpaqları Dağlıq Qarabağa olan iddiası və sonradan Qarabağ adının “Artsax” kimi dəyişdirilməsi qurduqları hakimiyyətin saxta olduğunu sübut edir. Mənbələr göstərir ki, tarixdə yalnız “Arsax” və ya “Arsak” (Ərsak) adlı türk tayfaları mövcud olub. Bəs Dağlıq Qarabağın adının bu cür dəyişdirilməsinin əsas mahiyyəti nədir?

AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri və tarix üzrə elmlər doktoru Qasım Hacıyev sualımıza bu cür aydınlıq gətirdi:
 

- 1991-ci ildə Ermənistan separatçı rejimin başçılığı altında Qarabağ Respublikası yaratdı. Qarabağ sırf türk mənşəli olduğu üçün (Qara" böyük, "bağ" isə bağça) ermənilər ona başqa məna verməyi fikirləşdilər. Eradan əvvəl isə bu ərazilər ayrı-ayrı bölgələr idi (Oti, Arsak, Sakasena). Buna görə də, erməni dilinə oxşadaraq məhz bu adı götürdülər. Saxtakarlar deyir ki, güya, “Artsax” daha qədimdir və 10 min illik tarixi olan erməni torpağıdır. Halbuki Arsax eramızın əvvələrində ayrı-ayrı vilayətlərdən biri idi. Bu adın əsl açılışı “Ərsak” sözüdür. İgid saklar, igid ərsaklar deməkdir. Ona görə də, bu mənanı nəzərə almadan “Arsak”ın yerinə erməni dilinə oxşayan “Artsax” yazmağa başladılar. Mirəli Seyidovun bu haqda yazdığı monoqrafiyada “Ərsak” sözünün mənası izah olunur.

Professor Qasım Hacıyev ermənilərin, hətta Baş nazir Nikol Paşinyanın tez-tez istinad etdiyi Böyük Tiqranın erməni əsilli olmasının da yalan olduğunu qeyd edib:
 

- I və II Tiqranın ermənilərlə heç bir əlaqəsi yoxdur. Kiçik Ermənistan, böyük Ermənistan, Şərqi Ermənistan və Qərbi Ermənistanın saxta olduğu kimi, Tiqranın da ermənilərə aid olduğu fikirləri saxtadır. 
Eranın əvvəllərindən XX əsrin əvvəllərinə qədər heç bir dövlətləri olmayan ermənilər Qriqoryan kilsəsinin rəhbərliyi altında birləşib. XIX əsrin sonlarında erməni təşkilatları yaranana qədər bu, belə davam edib. Qınçax, Krunq və Daşnaksütyun partiyaları yaranana qədər yalnız erməni kilsəsi olan Qriqoryan kilsəsi onlara rəhbərlik edib. XIX əsrin sonlarından başlayaraq həm terror yolu, həm separatçılıq yolu, həm də digər yollarla həmin 3 partiya ermənilərə Qriqoryan kilsəsinin başçılığı altında yenidən şərait yaradıb. 
Ermənilər Aralıq və Ege dənizi sahillərindən o vaxtkı Ön Asiya, yəni Krikirya ərazisində, sonra Dəclə-Fərat çayları arasında yerləşiblər. Orada iki dövlət yaradıblar. Sonradan ingilislərin göstərişi ilə bu dövlətin birinin ərazisini genişləndirib üç dənizin arasında yerləşdirdilər. Halbuki ermənilərin o vaxta qədər nə kiçik, nə də böyük dövlətləri olub. Həmin dövlətlər də Sasanilər imperiyası dövründə satraplıq olub. Bu satraplığın da rəhbəri II Tiqran idi və əslən Parfiyalı idi. Ermənilərin tədqiqatçıları dünyada nə qədər qədim yerlər, adətlər varsa, ona aid kitablar yazırlar və mənimsəyə çalışırlar. Amma sonra sübut olunur ki, hamısı cəfəngiyat, uydurma və saxtadır. Ermənilərin nə qədim mədəniyyətləri, nə qədim dövlətləri, nə də ki, bu boyda əraziləri var. Ona görə də, bunların hamısını uydururlar, özlərinə bəraət qazanıb yaşamaq istəyirlər. 
Ermənilər Ön Asiyada Sasanilər dövründə məskunlaşıb. Sasani imperiyası dağılandan sonra İspaniyaya qədər olan bütün əraziləri tutub Ərəb xilafətinə daxil etdilər. Köçəri ermənilər XIX əsrin əvvəllərinə qədər Azərbaycanda və Cənubi Qafqazda kompakt yaşamayıb. Bəzən tarixçiləri də çaşıb düzünü deyirlər. Hansısa erməninin, keşişin, din adamının adını çəkəndə deyirlər ki, burada heç erməni yaşamayıb. Amma erməni hər yerdə olub. Hətta indi də dünya ölkələri arasında 870 təşkilat və partiyaları var. Ermənilərin Azərbaycana, Qafqaza kütləvi şəkildə köçürülməsi XIX əsrin əvvəllərində olub. Türkmənçay müqaviləsindən - 1828-ci ildən sonra iki il müddətində Azərbaycan ərazilərinə 40 min İrandan, 90 min də Türkiyədən olmaqla erməni köçürüb gətirdilər. Onları İrəvan mahalında - indiki Ermənistan deyilən ərazidə yerləşdirdilər. Bir hissəsini isə Qarabağda yerləşdirdilər. 1918-ci ildə Cənubi Qafqazda respublikalar yarananda o ərazilərin bir hissəsini - İrəvan ətrafında 10 min kvadrat kilometr ərazini ayırıb ermənilərə verdilər. Bununla da onlara respublika yaratdılar. İrəvan şəhəri də onlarda qaldı. Beləliklə, ermənilər Cənubi Qafqazda böyük bir bəlaya çevrildi. Özlərinin burada torpağı olmaya-olmaya harada bir xristian abidəsi varsa, xəritələrinə salıb erməni dövləti kimi qələmə verirlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına baxmayaraq onlar silaha sarılaraq daxildə separatçı hərəkat təşkil etdilər. Bundan sonra da Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini qaldırdılar. Elə o vaxtdan başlayan Dağlıq Qarabağ münaqişəsi indiyə qədər davam edir. Bu münaqişənin də əsası 1923-cü ildə Dağlıq Qarabağ muxtar vilayətinin yaranması ilə rəsmiləşdirildi və bu münaqişənin bünövrəsi qoyuldu.

Tarixçi və tədqiqatçı Elmar Həsənli deyir ki, ermənilərin bu mövzu ilə bağlı irəli sürdüyü iddialar tamamilə əsassızdır: 
 

- “Arsak” və ya “Arsax” adı qədim türk tayfası saklarla bağlı olan bir toponimdir. Elə Parfiya dövlətini də sak sülaləsi idarə edib. Tiqran erməni sülaləsinə yox, məhz bu nəslə məxsusdur. “Arsak” toponimi də bu dövrdə meydana çıxıb. Yəni sözügedən əsassız iddia buradan qaynaqlanır.

Tarixçi və tədqiqatçı Əkbər Nəcəf isə fikirlərini bu cür əsaslandırdı:
 

- Ermənilər də yəhudilər və yunanlar kimi yeni ərazi əldə edəndə qədim mənbələrdən, kilsə qaynaqlarından istifadə edərək öz ərazilərinə keçmiş adları verib, güya, oranın tarixən özlərinin olduğunu iddia etməyə başladılar. Beləcə “Pəhləvi”, “Sasani” və “Part” adlarını da erməni olaraq qəbul etdilər. Qeyd edim ki, “Arsak”larda “Part” xanədan adıdır.

Ermənilərlə yanaşı Rusiya hökuməti də Azərbaycan torpaqlarının mənimsənilməsində hər zaman maraqlı olub. Azərbaycanı iki hissəyə bölən, bu torpaqlarda ermənilərə yer verən və işğal olunmuş ərazilərdə ermənilər üçün qondarma hökumət quran da məhz Rusiya olub. Bəs, Rusiyanın bütün bunlarda məqsədi nədir?

Elmar Həsənli sualımıza bu cür açıqlıq gətirdi:
 

- Rusların əsas məqsədi bu coğrafiyada işğalçılıq siyasəti və qafqazda ermənilərin əli ilə bufer xristian dövləti yaratmaq və Osmanlı ilə sərhəd əlaqəsini kəsmək idi. Zaman-zaman buna nail olmağı da bacardılar.

Əkbər Nəcəfin dediyinə görə, Erməni məsələsinin ən mühüm tərəfi din-kilsə məsələsidir. Ruslar və ermənilər söhbəti milli-coğrafi məsələyə çəkərək fikir yayındırırlar:
 

- Rusların Osmanlı ilə bağladığı sülh müqaviləsinə (Kiçik Qaynarca) əsasən, Rusiyanın Yaxın Şərq xristianları üzərində, Osmanlının da Rusiya ərazisindəki müsəlmanlar üzərində himayə haqqı vardır. Rusiya buna əsasən həm Yaxın şərq xristianlarını öz nəzarətinə alıb vahid bir ortodoks xrisitanlığı təsis etmək, həm də onları ələ keçirdiyi yerlərdə məskunlaşdırmaq istəyirdi. Ermənilər də belə şəraitdə Azərbaycana göndərildilər. Lakin ermənilər Rus ortodoks kilsəsinin nəzarəti altına keçmək istəmədilər. Ruslar isə onları “qriqoriyan” adlandırıb ortodoksluğun bir məzhəbi etmək istəyirdi. Bu, ermənilər ilə ruslar arasında indi də problem olaraq qalır.

İllərdir, münaqişənin sülh yolu ilə həllinə getmək istəməyən Ermənistan tərəfi, görünür, məsələni ya müharibə ilə sonlandırmaq, ya da, ümumiyyətlə, bundan yayınmaq fikrindədir. Təbii ki, Qafqazın ən güclü ordusuna sahib olan Azərbaycan hərbi cəhətdən Ermənistan tərəfindən qat-qat güclüdür və son döyüşlər zamanı da bunu sübut etdi. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində bizi gecikdirən bir sıra yad qüvvələr var. Bəs, bu yad qüvvələrin istədiyi nədir? Dağlıq Qarabağ münaqişəsinin həll yolu sülh, yoxsa müharibədir?

Ümid partiyasının sədri Rəfail Tağızadə də Azərbaycan Ordusunun həm hərbi təchizat, həm də kontingent baxımdan Ermənistan ordusundan üstün olduğunu deyir:
 

- Əgər döyüş Azərbaycan və Ermənistan arasında baş versə, şübhəsiz, Azərbaycan Ordusu qalib gələcək. Ancaq hər zaman Ermənistanın yanında olan Rusiya Cənubi Qafqazda qalması üçün hər vəcdlə Qarabağ məsələsinin həll olunmamasına çalışır. Döyüşlərdə Ermənistana hərtərəfli yardım da edir. Unutmaq olmaz ki, Rusiyanın Ermənistanda müasir hərbi texnikalarla təchiz olunmuş 102-ci bazası yerləşir. Həmçinin Rusiya başqa vasitələrlə də Azərbaycana təsir edir. Döyüşlər gedən zaman bunun şahidi olduq.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli:
 

- Münaqişələrin həll edilməsində əsas məsələ münaqişələrin iştirakçılarını bir araya gətirmək və ortaq məxrəc tapmaqdır. Amma gərək hər iki tərəfin marağı təmin olunsun. Münaqişələrin iki cür həll yolu var: sülh və ya müharibə. Biz hələ ki, müharibə vəziyyətindən sülh vəziyyətinə dönüş əldə edə bilmirik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini yeritməyə başlayanda Azərbaycanda güvəndiyi nöqtələrdə, Moskvada, Avropada və Amerikada öncədən hazırlıq prosesini də həyata keçirib. Avropadan xristian təəssübkeşliyinə görə onları müdafiə etmələrini istəyirdilər. Bunun üçün əsaslandırmağa çalışırdılar ki, bizi azərbaycanlılar türk olmadığımız üçün qətlə yetirirlər, bununla bağlı nümunələr də gətirirdilər. Özlərinin uydurduğu Sumqayıt hadisələri və Azərbaycanın rayonlarından ermənilərin köçürülməsi prosesi buna aiddir. İkinci yanaşmada qeyd edirdilər ki, 1915-ci ildə, güya, Osmanlı imperiyası erməniləri kütləvi şəkildə qətlə yetirib. Güya, həm türk, həm də müsəlman olduğumuza görə ermənilərlə bu coğrafiyada yola getmirik. Nəticədə, xristianların gözündə yazıq və soyqırıma məruz qalmış xalq obrazı yaradıblar. Bəziləri isə lobbi vasitəsi ilə Amerikada, Rusiyada və Avropada çox böyük işlər həyata keçirə bildilər. Həmin vaxtlarda Azərbaycanın səsini eşitdirmək olmazdı. Fransa isə hesab edir ki, xristian dövləti olaraq Ermənistana sahib çıxmaq lazımdır. Eyni prosesə Amerika həm o prizmadan yanaşır, həm də dünyada Amerikanın ikinci ən böyük səfirliyi Ermənistanda yerləşir. Ermənistanın ərazisi olduqca strateji bir əhəmiyyətə malik olduğuna görə heç vaxt Ermənistandan vaz keçə bilməz. Amerikanın böyük şəhərlərində çox təşkilatlanmış güclü erməni lobbiləri var. 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəliş qəbul etdilər. Bu dövrdə Ermənistan Azərbaycanı işğal edir, mülki əhalini qətlə yetirir. Amma Amerikada belə bir düzəliş qəbul olunur ki, Azərbaycana silah satılmasın, çünki onu Ermənistana qarşı istifadə edir. 
Rusiya isə Cənubi Qafqaza təsir imkanlarını artırmaq üçün burada qalmalıdır. Çünki o hesab edir ki, Azərbaycan Ermənistan arasında sülh əldə olunarsa, Rusiyaya ehtiyac qalmaz. Bununla da Rusiya dövlətlərə təsir imkanını itirir, onların daxili işlərinə qarışmaq məsələsində imkanları azalır. Silah bazarında Rusiya ikinci yerdədir və silahlarını döyüşən tərəflərə sata bilmir. Müxtəlif vasitələrlə təsir və təzyiq imkanlarından məhrum olur. O, hakimiyyətlərin formalaşdırılmasında oynadığı rolu itirir. Ona görə də, bütün bunların həll olunmasında maraqlı deyil. Bu halda Ermənistan və onun arxasındakı qüvvələrin birlikdə mövqelərinə qarşı Azərbaycan nələrisə düşünməlidir. Amma müharibə yolu Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Bizim potensial imkanlarımız və mütəffiqlərimizin ümumilikdə gücü onlar və onların arxasındakı qüvvələrin əlində olan potensial imkanlardan zəifdir. Bu isə çox vacib qiymətləndirilməli detaldır. Hazırda başqa proseslər cərəyan edir. Gördük ki, Tovuz döyüşlərindən sonra Ermənistanın iç üzü ifşa olundu. Müəyyən həqiqətlər artıq dünyaya çıxdı. Biz bilirik ki, bu məsələdə, xüsusilə Rusiyanın mövqeyi dəyişilməlidir. 
Azərbaycan müəyyən məsələlərdə nələrdənsə vaz keçməlidir. Onlardan biri münaqişənin həlli yolunda mərhələli prinsipin tətbiq olunmasıdır. Buna “Madrid prinsipi” də deyilir. Bunu hər iki tərəf qəbul etsə də, Ermənistan icra etmir. Yol xəritəsini də tətbiq etmək lazımdır. Dağlıq Qarabağın işğalı ilə bağlı məsələlər sonra həll olunmalıdır. Axı Dağlıq Qarabağdan 3 dəfə böyük Azərbaycan ərazisi işğal olunub. Söhbət Qarabağa aid olmayan coğrafi ərazidən gedir. Zəngilan, Qubadlı, Ağdam, Füzuli və s . Bu 7 rayon Qarabağ ərazisindən 3 dəfə böyükdür. Birinci növbədə antiterror əməliyyatı aparmaqla həmin bölgələr Azərbaycan Ordusunun hərbi əməliyyatları ilə azad edilməlidir. Bundan sonra Dağlıq Qarabağ məsələsi haqqında müəyyən danışıqlar aparmaq olar. Beləliklə, Dağlıq Qarabağa aid sülh yolu, digər ərazilərdə isə antiterror əməliyyatları həyata keçirilməlidir. Çünki Dağlıq Qarabağın əksəriyyəti ermənilərdən ibarətdir. Orada azərbaycanlıların sayı çox az idi. Amma bu 7 rayonda heç erməni də yoxdur. Ona görə də, bu iki məsələni bir-birindən fərqləndirmək və birinci növbədə gücümüz çatdığı formada 7 rayonu müharibə yolu ilə, Dağlıq Qarabağı isə çalışıb danışıqlar vasitəsi ilə həll etməliyik.

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov deyir ki, Ermənistanın mövqeyində dəyişiklik olmadığı müddətdə sülh yolu ilə hansısa həllə nail olmaq mümkün deyil:
 

- Beynəlxalq münasibətlərdə hərbi güc müstəsna əhəmiyyətə malik olsa da, bəzən həlledici rol oynaya bilmir. Bu, xüsusilə, kiçik və orta miqyaslı dövlətlər üçün keçərlidir. Belə dövlətlərin üzləşdiyi dövlətlərarası münaqişələr əksər hallarda hansısa böyük dövlətin təsiri altında qalır və onların həmin böyük dövlətə qarşı açıq hərbi mübarizə aparmaq şansı olmur. 
Azərbaycanın üzləşdiyi işğal faktı da bu qəbildən olan məsələdir. İyul hadisələrindən sonra da gördük ki, düşmən dövlətə çətin anlarda yardım göndərən və ona arxa duran böyük dövlətlər var. Mətbuata sızan məlumatlara görə, Tovuzdakı qarşıdurmadan sonra Rusiya Ermənistanı 400 ton həcmində müxtəlif növ silah-sursatla təmin edib. Bu, onu göstərir ki, Azərbaycanın hərbi gücünün artması ölkəmizin təhlükəsizliyi baxımdan çox yüksək əhəmiyyətə sahib olsa da, bu gücün işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə səfərbər edilməsi üçün münasib şərtlər yetişməlidir. 
Düşmən dövlətdə tədricən güclənən millətçilik əhval-ruhiyyəsi və ölkəmizə qarşı aqressiyanın artması bunun gələcəkdə daha da çətin olacağını göstərir. Müharibənin olması və ya bunun ehtimalı Ermənistanı öz mövqeyində güzəştə getməyə məcbur edə bilər. Hazırda Ermənistan rahatdır ki, ona havadarlıq edən dövlətlər müharibəyə yol verməz və status-kvonu qoruyacaqlar. Bunun nəticəsidir ki, güzəştdən imtina edirlər. Lakin, müharibə onları bu komfort zonadan çıxmağa məcbur edəcək.

Siyasi-təhlilçi Fuad Şahbazov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi üstünlük yeganə vacib amil sayılmır:
 

- Burada əsas problem beynəlxalq ictimaiyyətin rəy sorğusudur. Beynəlxalq təşkilatlar və iri dövlətlər Azərbaycanın beynəlxalq sərhədini tanıyır və bunu açıq şəkildə bəyan edirlər. Halbuki regional ölkələrin, xüsusən də Rusiyanın bu münaqişədəki mövqeyi birmənalı deyil. Rusiyanın Ermənistana açıq şəkildə maddi-texniki dəstək verməsi, Ermənistanla birgə KTMT-də və Avrasiya İttifaqında təmsil olunması, Ermənistanda hərbi bazasının mövcud olması münaqişənin həllini çətinləşdirən amillərdir. Münaqişənin həlli üçün regional aktorların (eləcə də ATƏT-in) məsələdə rolunun daha obyektiv şəkildə müəyyən edilməsi vacibdir. 

Hüquqşünas Ələsgər Məmmədli düşünür ki, Dağlıq Qarabağ münaqişəsinin həll yolu zor tətbiqi ilə mümkündür:
 

- Sülh şəraitində hər hansı xırda ümid belə yaranmadı. Əksinə atəşkəsdən bəri 26 ildə hər il onlarla hərbçilərimizi və zabitlərimizi itirməyə davam edirik. Düzdür, müharibə o qədər də arzu olunan deyil və cəmiyyətdə böyük yaralar açır. Amma ərazimiz işğaldadırsa, işğalın aradan qaldırılmasının da yeganə yolu güc tətbiq etməkdirsə, bundan artıq çəkinmək olmaz. Ermənistan tərəfi dərk etməlidir ki, Azərbaycan ərazisini işğaldan azad etmədiyi müddətdə o torpaqlarda sülh içində rahat yaşama imkanı olmayacaq. Bunu dərk etmələri üçün isə gücümüzü göstərməliyik. Əlbəttə, bu, qan axıdılmadan baş verməyəcək. Bizim tərəfdən də müəyyən itkilər ola bilər. Amma bu itkilər uzunmüddətli və stabil itkini önləmək üçün lazım olan yeganə yoldur. Azərbaycan tərəfi BMT-nin nizamnaməsində də göstərildiyi kimi, öz ərazisi işğalda olduğu üçün işğal edən tərəfə qarşı hərbi güc tətbiq etməkdən çəkinməməlidir. Azərbaycan Ordusuna hər il milyardlarla manat vəsait ayrılır və silahlar yenilənir. Əgər torpaq işğal altındadırsa, həmin silahlardan çəkindirici qüvvə kimi istifadə etmək lazımdır. Qarşı tərəf Azərbaycanın silah tətbiq etməkdə israrlı olduğunu dərk etməlidir. Bunu dərk etdikləri zaman onları masada bəlli bir nəticəyə gəlməkdə məcbur edə bilərik. Ona görə də, "lazım gələrsə" ifadəsindən imtina etməliyik. Lazım olan məqam çoxdan gəlib çatıb.

Vladimir Putin düşünür ki, bu münaqişənin həllində uzunmüddətli vaxt lazımdır. Eyni sözü deyən və tərəflər arasında "Böyük qardaş" rolunu oynayan Rusiya hakimiyyəti son hadisələr zamanı Ermənistana silah təchizatı yardımı etdi. Görəsən, Rusiya tərəfi məsələnin Azərbaycanın xeyirinə həll olunmasında nə qədər maraqlıdır?

Rəfail Tağızadə bildirir ki, hər iki ölkəni təsirdə saxlamaq üçün Rusiya tərəfinə münaqişənin uzanması əlverişlidir:
 

- Qarabağ məsələsi nə qədər uzanacaqsa, Rusiya Cənubi Qafqazda o qədər çox qalacaq. Qarabağ məsələsi həll olunduqdan sonra Rusiyanın təsir imkanları sıfıra enəcək. Rusiya hər zaman öz maraqlarını təmin etmək üçün Ermənistanı pulsuz silah və texnika ilə təchiz edib. Rusiya heç vaxt Azərbaycanın maraqlarına xidmət etməyib. Ermənistanın yanında olan Rusiya Azərbaycanın maraqlarını niyə düşünsün ki?!

Vasif Hüseynov isə sualımıza bu cür aydınlıq gətirib:
 

- Rusiya üçün Azərbaycan və ya Ermənistan ayrılıqda deyil, bütün region şəklində maraqlıdır. Mosvka üçün Cənubi Qafqazın onun nəzarətində olması və digər böyük güclərin burada təsir imkanına sahib olmaması həyati əhəmiyyət daşıyır. Mövcud şərtlərdə Rusiya üçün Ermənistan və Azərbaycan arasındakı münaqişə bu təsirin qorunub saxlanılması yolunda mühüm rol oynayır. Rusiyanın Ermənistana silah satması da münaqişə tərəfləri arasında hərbi balansı qorumaq və bir tərəfin digərindən çox üstün olmasının qarşısını almaq məqsədi daşıyır. Moskvaya yaxşı məlumdur ki, Ermənistan hazırda acınacaqlı vəziyyətdədir və Rusiyanın yardımı olmasa nəinki Azərbaycanın işğal edilmiş torpaqlarını, hətta özünün bir dövlət kimi varlığını da itirə bilər.

Fuad Şahbazov deyir ki, Dağlıq Qarabağ məsələsində həllin uzanması təsadüfi deyil:
 

- Post-sovet regionunda dondurulmuş münaqişələrin sayı azalmaq əvəzinə getdikcə artmaqdadır. Sonuncu nümunə olaraq Krım məsələsini və Şərqi Ukrayna məsələsini göstərmək olar. Dağlıq Qarabağ məsələsində həllin uzanması da təsadüfi deyil. Digər dondurulmuş münaqişələrdə olduğu kimi, Rusiyanın bu münaqişədə də həll yolu təklifləri münaqişə tərəflərinin maraqlarına ziddir. Tovuz sərhədində baş verən hadisələr də onu göstərdi ki, Rusiya hələ də Ermənistanı vacib partnyor olaraq görür və ona hər cür maddi-texniki dəstək göstərməyə hazırdır. Məhz bu səbəbdən Prezident İlham Əliyev telefon danışığı zamanı V.Putinə öz narazılığını bildirdi. Azərbaycan öz mövqeyini daha da gücləndirmək üçün birmənalı olaraq beynəlxalq qurumlarla, eləcə də Qərblə olan strateji tərəfdaşlığını daha da möhkəmləndirərək danışıqlar prosesində kontr-balans yarada bilər. 

Ələsgər Məmmədli bildirir ki, Ermənistan Azərbaycanın ərazilərini təkbaşına işğalda saxlamır:
 

- Azərbaycanın ərazisini işğal etməkdə Ermənistana sistemli şəkildə dəstək verən və aktiv fəaliyyət göstərən Rusiya bu gün də Ermənistanın işğal siyasətinin davam etdirməsində yeganə ilham mənbəyidir. Buna görə də, Putinin "Bu məsələnin həllində zamana ehtiyac var" deməsi o zamanın bilavasitə Ermənistanın lehinə işləməsindən xəbər verir. Ermənistan isə Azərbaycanın işğal olunan ərazilərində sistemli şəkildə məskunlaşır. Peyk görüntülərindən də görünür ki, ciddi şəkildə son 10 ildə bu ərazilərə yeni insanlar yerləşdirilir. Suriya hadisəsindən sonra Ermənistan tərəfi kütləvi şəkildə Kəlbəcərdə, Laçında, hətta Aran Qarabağ ərazilərinə yaxın bölgələrdə - Ağdamda, Cəbrayılda, Zəngilanda, Füzulinin işğal olunmuş ərazilərində də yerləşmə və məskunlaşma prosesinə davam edir. Orada doğulan, böyüyən Ermənistan tərəfinin gəncləri oranı özlərinə artıq vətən bilirlər. Ona görə də, bir neçə nəsil sonra Azərbaycanın haqq iddia etməsini heç bir halda qəbul etməyəcəklər. Halbuki bu gün bəlli bir nəsil dəyişməyib və bu nəsil dərk edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində “oturublar”. Bu baxımdan zamanın Ermənistanın lehinə işləməsi aydındır. Rusiyanın bu məsələdə vasitəçi olması məsələsi isə birmənalı olaraq Azərbaycanın mənafelərinə zərbə vurur. Azərbaycan tezliklə Minsk qrupundan imtina etməlidir. Minsk qrupuna aydın şəkildə çox qısa bir zaman tanımalıdır. Əgər bu prosesdə öncül olur və Ermənistan tərəfi işğal etdiyi əraziləri boşaltmağa məcbur edirsə, Minsklə davam edirik. Yoxsa BMT-nin Təhlükəsizlik Şurasının qərarları və nizamnaməsindən doğan hüquqlarla torpaqları azad etmə proseslərini reallaşdırmağa başlamalıdır. Alternativimiz yoxdur, zaman isə əleyhimizə işləyir.

Əziz Əlibəyli Rusiyanın münaqişənin həllində maraqlı olmadığını deyir:
 

- Rusiya tərəfi münaqişənin uzanmasında maraqlıdır. Çünki xarici siyasətin əsas doktrinası münaqişələrdən faydalanmaqdır. Görünür, hər hansı bir tərəf sülhə gedərsə, münaqişədə qalib gələrsə, Rusiya buna imkan verməz. Azərbaycanın silahlandığını görən kimi eyni səviyyədə Ermənistana da kömək göstərirlər. Amma Rusiya bu məsələnin Ermənistanın xeyrinə həll olunmasında da maraqlı deyil. Rusiyanın mövqeyi nəticəsində Ermənistan Qarabağın təyinatını dəyişə bilmir. Hətta 1989-cu ildə Dağlıq Qarabağın muxtar vilayətindəki ermənilər Ermənistana birləşməklə bağlı müraciət qəbul ediblər. Elə indi də edə bilərlər. Lakin Rusiya Dağlıq Qarabağın Ermənistana ihlaqına icazə verməz. Bu halda qalması isə qondarma rejimin tanınmaması və qəbul edilməməsi anlamına gəlir. Bir gün Ermənistan Azərbaycana güzəştə getmək istəsə, Rusiya Abxaziyadakı, Osetiyadakı presedenti tətbiq edib Muxtar respublikanın ərazisindəki əhaliyə öz pasportunu belə paylayar.

Saxtakarlar Qarabağın adını dəyişdi: “Artsax”
 

1991-ci ildə Ermənistan separatçı rejim altında Qarabağ Respublikasını yaradır. Amma sonradan düşünürlər ki, Qarabağ ( "Qara" böyük, "bağ" bağça) türk mənşəli sözdür və bunu dəyişib “Artsax” qoydular. Mirəli Seyidov öz monoqrafiyasında “Arsak” adının tarixi barədə yazır: "Dil faktına əsaslanaraq belə demək olar ki, ermənidilli və erməni qaynaqlarındakı “Artsax” Savir-Xəzər dilləri ilə bağlıdır. Görünür, V-VII yüzilliklərin erməni və erməni dilli qaynaqları Savir-Xəzərlərindəki fonetik variantı (ilkin variantı) o çağlar yazıya aldıqlarından bizə söz-adların Savir-Xəzər səslənməsi gəlib çatıb". Mirəli Seyidov yazır ki, təkcə Qarabağ “Arsak” adlanmır, hətta Şəki (Şaki), Zaqatala (Saqtala) və Gəncə (Qantsaq) də bu dövrlərdə fərqli adlanıb. Orta əsrlərdə ermənilər Gəncənin adını “Kansak-Qantsaq” yazırlar. Bununla da sübut olunur ki, “Arsak” sözü türksoylu tayfalar olan saklara aiddir və ermənilərlə bağlılığı yoxdur. 
 

Rusiyanın nəzərdə tutduğu vəd olunan zaman nə vaxt çatacaq? 
 

Ekspertlərimizin cavablarından belə nəticəyə gəlinir ki, Rusiyanın Azərbaycanı iki hissəyə bölmək və qondarma respublika qurmaqda məqsədi Cənubi Qafqazı təsir dairəsində saxlamaqdır. Dağlıq Qarabağ məsələsinin kökündən həll olunması isə Rusiya üçün əlverişsizdir. Çünki bu halda Rusiyanın Cənubi Qafqaz regionunda hökmranlığına son qoyulacaq. Ona görə də, Rusiya bu məsələdə tez-tez "zamana ehtiyac var" ifadəsini işlədir. Ekspertlərimizin ortaq fikrinə görə, keçən zaman bizim əleyhimizə, ermənilərin isə lehinə işləyir. Ermənilər bu zaman müddətində Dağlıq Qarabağdan 3 dəfə böyük olan 7 rayonumuzda yeni insanlar yerləşdirəcəklər və orada doğulan gənclər oranı özlərinə vətən biləcəklər. Bir neçə nəsil keçdikdən sonra isə Azərbaycanın bu torpaqlarda haqq iddiası olduqca çətin olacaq. Söylənilən fikirlərə əsasən deyə bilərik ki, əvvəlcə işğal altında olan 7 rayon müharibə yolu ilə düşmən tapdağından azad edilməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağ münaqişəsi üçün masa arxasında danışıqlar aparıla bilər.
                                                                     

Günel ABBAS, Aytəkin CƏLALİ