Dəbdədir, geyinim, geridə qalmayım demək, dəbə şüursuz şəkildə uymaqdır- dizayner ilə MÜSAHİBƏ

Dəbdədir, geyinim, geridə qalmayım demək, dəbə şüursuz şəkildə uymaqdır- dizayner ilə MÜSAHİBƏ

2021-ci ilin trendi olan “İndie style” son zamanlar ölkəmizdəki gənclərin arasında sürətlə yayılmağa başlayıb. Qeyri-adi aksesuarlar, saç düzümləri, foto tərzi, bu dəbə xas olan məşğuliyyətlər gənclərin həm xarici görünüş, həm də daxili aləmlərinin  bir-birlərinə bənzəməsinə səbəb olub. Nəyə görə bu trend gənclər arasında bu qədər rəğbət qazanıb?

Bu və bunun kimi digər sualları dizayner, modelyer Renara Şəmsiyeva cavablayıb.

24Media müsahibəni təqdim edir:

- Renara xanım, dəbin konkret tərifi varmı. Ümumiyyətlə, dəb  dedikdə nə nəzərdə tutulur?

Bu yanaşmadan və məqsədlərdən asılı olan bir şeydir. Dəb dünyada baş verən hadisələrin insanın həyat tərzinə və  geyiminə olan təsiridir. Bəzi hallarda insan öz geyimi vasitəsilə hər hansısa bir hadisəyə şəxsi fikrini, münasibətini bildirir, hər hansı bir ismarıcı ötürür. Bu əsrlər boyu da belə olub. Bəzən insan öz statusu, maddi vəziyyəti haqqında məlumatı geyimi ilə ötürə bilər. Həyat tərzimizin dəyişməsi geyim üslubuna da bilavasitə təsir edir.

- Gənclər “Dəbi izləmək” və “Dəbə uymaq” fikirləri arasındakı fərqi anlaya bilirlərmi?

Bu iki fikir arasındakı fərqi hər dəblə geyinən anlamır. Məncə, insanın müəyyən peşəsi, məşğul olduğu bir sahəsi tələb edirsə uyğunlaşmalıdır. Çünki elə sahələr var ki, orada müştəri və ya işçi  ilk olaraq insanın zahiri görünüşünə fikir verir və ona əsasən onu qiymətləndirirlər. Bəziləri özləri də anlamırlar ki, onlar dəbi izləyirlər, yoxsa sadəcə şüursuz şəkildə ona uyurlar. Çox vaxt deyirlər ki, “Dəbdədir, amma yaraşmır”. Burada söhbət insanın bədən quruluşundan gedir. Dəbin dəyişməsi nədir? Dəbdə əsasən, forma, kəsim, biçim dəyişir. Dekor və rəng isə ikinci, üçüncü dərəcəli nüanslardır. Elə formalar ola bilər ki, insanın bədən quruluşuna uyğun gəlməsin. Gözə xoş, düzgün görünmək insan üçün önəmlidirsə, dəbdə olan geyimlərin formalarını, kəsimini, uzunluğunu, genişliyini nəzərə almalıdır. Yoxsa “Bu dəbdədir,geyinim, geridə qalmayım” demək, dəbə şüursuz şəkildə uymaqdır.

- İnsanların “MEMİ”lərə (İkinci əl geyim mağazaları) üz tutması kreativ olmalarından irəli gəlir? 

 Bəzi hallarda bəli, fərqli, yaradıcı, qeyri-adi, digər kütləvi mağazalarda olmayan, bəlkə də 20-30 il əvvələ aid olan vintaj geyimi, aksesuarı tapmaq üçün üz tuturlar. Lakin bu maddi vəziyyətlə də bağlı ola bilir və ya  elə gənclər də var ki, ətraf mühiti düşünür, kütləvi mağazalardan bir şey almaq istəmir və “MEMİ”-ni seçirlər.

- EKO çanta dizayneri olaraq deyə bilərsinizmi, nəyə görə onların qiyməti yüksək olur?

Mən fərqli qiymətlərdə də olan EKO çantalar görmüşəm. 8, 10, 14 manata ... Özümün də hazırladığı çantalar 10-20 manat arası olur. Burada çantaların qiymətinə təsir edən onların hazırlandığı parça, üzərindəki şəkil, hətta modelidir. Elə çantalar var ki, astarlıdır, ciblidir. Məsələn, məndə ən yüksək qiymətli çanta 20 manatadır. Çünki mən onları qurama (müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn tikmə üsulu) texnikası ilə hazırlayıram. Onlara digər çantalara nisbətən daha çox vaxt gedir və bu çantalardan mən sadəcə bir və ya ikisini düzəldirəm. Amma bir şeyi nəzərə alaq ki, əgər EKO çantaların satış qiymətini onların neçə dəfə istifadə oluna bilər müddətinə bölsəniz anlayacaqsınız ki, onlar bir o qədər də yüksək qiymətli deyil. Onları bir neçə il istifadə etmək mümkündür. Hal-hazırda mənim hazırladığım çantalar cins materialındandır və onlar çox dayanıqlıdırlar. Şəxsən mən, satışda olan EKO çantaların qiymətini yüksək hesab etmirəm.

- İndiki günlərdə dəbdə olan “İndie style” geyimləri nəyə görə bu qədər tez yayılır?

Bu söz heç nədən asılı olmayan, azad fikirli deməkdir. Mənim üçün hər hansısa bir geyimi məhz bu stilə aiddir demək çətindir. Bu stili fərqli- fərqli geyimlərdən yaratmaq olar. Fərqlənməyə çalışan, “mənim düşüncəm kütlənin düşüncəsi kimi deyi” demək istəyən insan əsasən buna üz tutur. Onun üzərində ötən illərə aid hər hansısa bir geyimi də görmək olar. Amma ən maraqlısı da odur ki, bunun özü belə dəb halına gəlib. Küçəmi podyuma, yoxsa podyummu küçəyə təsir edir. Sizə deyim ki, bəzi hallarda bunu başa düşmək çətindir. 

- Bilirik ki, bu tərz Azərbaycanda əvvəlki illərdə mövcud olub, amma indi adı dəyişib, bəs gənclərimiz nəyə görə buna 70-80-ci illərin dəbi yox, “İndie style” deyirlər?

Bu gün kütəvi forma almış, mağazaların bizə diktə etdiyi qlobal trendlər var. Bunu bilmək olmur, bu tərzmi istehsalçılara təsir edir, yoxsa istehsalçılarmı insanlara təsir edir və s. Əgər mən bu kütlədən seçilmək istəyirəmsə, bu gün az istifadə edilən və ya ümumiyyətlə istifadədən çıxan, unudulmuş bir şeyi geyinərəm, dəbə gətirərəm. Bu mənim fərqliliyimi, yaradıcı olduğumu göstərə bilər. İndi sadəcə “İndie” demək həm qısadır, həm də həyat tərzini daha dəqiq ifadə edir. İndie- ingiliscə  İndependent, yəni heç nədən asılı olmayan azad fikirli insan anlamındadır.

- Gənclərin bu dəbə bu qədər uyğunlaşması düzdürmü?

Əgər bir üslub, fərqi yoxdur istər “İndie”, istərsə də digərləri bir gəncin, bir insanın daxili aləminə uyğundursa, həmin o üslubu özünə yaxın hiss edirsə, qoy, uyğunlaşsın.

- “Hər kəsin öz tərzi olmalıdır” fikri ilə bugünkü gənclərin geyim cəhətdən eyniləşməsi haqqında nə deyə bilərsiniz?

Hər kəsin öz tərzinin olması çətindir. Burada bir rəssam yanaşması, fərdilik olmalıdır. Axı, hər kəsdə bu yoxdur. Elə insan var ki, seçdiyi geyim, aksesuarlarla öz daxili aləmini cəmiyyətə çatdırır. Mənə görə bu, musiqi duyumunun olması kimi bir şeydir. Ya bu insanda olur, ya da olmur. Bunu sonradan öyrənmək mümkün deyil. Bəzi insanlar üçün isə bu heç bir əhəmiyyət daşımır. Geyim cəhətdən gənclərin eyniləşməsinə gəldikdə isə, baxın, gənclər kütləvi mağazalar nə təklif edirsə, imkanı nəyə çatırsa onu da geyinir. Bizə də elə gəlir ki, hamı eyni tərzdə geyinib. Halbuki, səbəb mağazalardadır. O bunu təklif edir, mən də bunu geyinirəm.

- Bu dəb, sizcə, gələcək illərdə hansı detalları ilə qalacaq? (Məsələn, əvvəlki illərdən oversize (böyük bədən) geyinmək indiki günümüzə qədər gəldi, bəs indi?)

Həyat tərzimiz necə dəyişəcəksə, hansı istiqamətə doğru gedəcəksə, geyim də elə dəyişəcək. Mənim gördüyüm qədərilə, hər şey sadəliyə, rahatlığa, minimalizmə doğru gedir. Bir şeyi nəzərə alaq ki, parçanın tərkibinin və xüsusilə də ətraf mühitə zərərli olan parça tərkiblərinin təsirini düşünənlərin sayı get-gedə artır. Fikir vermisinizsə, mağazalarda da bu gün “Organic cotton” (üzvi pambıq) yazılan köynəklər satılır. Belə detallara önəm verən insanların sayının artması sevindirici haldır. 

- Valideynlər gənclərin geyiminə qarışmaqda haqlıdırlarmı?

Burada balansı qoruyub saxlamaq lazımdır. Valideynlər uşağa nisbətən daha təcrübəli fərddirlər. Sözsüz ki, ətrafını, şəhərini daha yaxşı tanıyırlar. Bu baxımdan, övladına geyimlə bağlı hər hansı xoşagəlməz söz deyilməsin deyə, müdaxilə edə bilərlər.  Amma digər tərəfi var ki, bir gəncin özünü ifadə etməyə, özünü axtarmağa ixtiyarı var. Bu halda bunun qarşısını almaq düzgün olmaz. Onsuz da insanın həyatı dəyişdikcə, düşüncə tərzi dəyişdikcə geyimi də dəyişir. Amma bəzən müəyyən yaşda fərqli geyimləri sınamaq lazımdır. Çünki insan özünün axtarışında olur. Ona görə düşünürəm ki, valideynlər balansı tapsalar, uşağın özünü ifadə etməyinin qarşısının almaya bilərlər.

- Sizcə, sosial media geyimlərimizi dəyişir ya bizi?

Bəli, geyimlərimizi də dəyişir, bizi də dəyişir, zahiri görünüşümüzü, düşüncəmizi də. Xüsusilə, bu  xanımlara aiddir. Təsiri böyükdür, amma eyni zamanda geyim baxımından maarifləndirir. Çünki bu gün stilistlər, blogerlər sosial media üzərindən zövq formalaşdıra bilirlər.

- Son olaraq, Renara xanım, müasir dövrü nəzərə alaraq, gənclərimizə dəb mövzusunda hansı məsləhətləri verərdiniz?

Bəzən hər kəs özü də bilmədən, istəmədən bir dəb yarada bilər. Kiminsə içindən fərqli görünmək gəlirsə, görünsün, kimsə geyim tərzi ilə öz sözünü deyə bilirsə, yaradıcılığını, fərqliliyini çatdıra bilirsə, geyinsin. Çünki məhz belə insanlar dəb, geyim baxımından ətrafı rəngarəng edirlər. Ətraf mühiti, kütləvi mağazaların ətrafa vurduğu zərəri də unutmamalıdırlar. Məsələn, bəzi gənclərin EKO çantalardan istifadə etməsi polietilen torbalara olan münasibətidir, çıxışıdır. Bunu nəzərə alaraq, düşünürəm ki, hər kəs özü kimi olsa, ətrafı maraqlı hala gətirə bilərlər.