Çağırılmamış qonaq

Çağırılmamış qonaq

Gözlənilməyən və sürpriz gəlişi ilə hər kəsin həyatında iz qoyan, gündəmdən düşməyən, həyatımızın ayrılmaz hissəsinə çevrilən mövzu koronavirusdur. Yarandığı ilk günə nəzərən istər virusla bağlı düşüncə tərzində, istərsə də bütövlükdə insanlarda gözlə görüləcək dərəcədə fərqliliklər nəzərə çarpır. İndi həyatımız ikiyə ayrılır: Koronavirusdan öncəsi və sonrası. Bəli, mən belə deyərdim. Covid-19 həyatımıza daxil olduqdan sonra həm dünyada, həm də insanlarda böyük dəyişikliklər qaçınılmaz oldu. Ekstrimal vəziyyətlərdə adət etdiyimiz, artıq formalaşaraq möhkəmlənən xüsusiyyətlərimizdə dəyişikliklərin olması isə labüddür.
Gəlin, virusun insanlarda yaratdığı dəyişikliklərə nəzər salaq. İlk növbədə dəyişən məhz qavrayışımız oldu. Qəbul etsək də, etməsək də, həm həyat tərzimizdə, həm emosional, həm motivasiya cəhətdən, həm də bu və ya digər şəkildə hadisələri qavramaq tərzimizdə, davranışımızda əhəmiyyətli dərəcədə, gözlə görünür şəkildə dəyişikliklər həyatımıza sirayət etdi. Bəs bu dəyişikliklər nələrdir? Hansı sahələrdə özünü biruzə verir ? Bu dəyişikliklərin bizə nə kimi müsbət və mənfi təsirləri var? Ümumiyyətlə bu dəyişikliklərin həyatımıza daxil olmasına ehtiyac vardımı?
İlk növbədə, virusdan öncəki həyatımızı nəzərdən keçirsək, daha məqsədəuyğun olar. Qısaca xatırlasaq, görərik ki, bir çoxumuzda emosional cəhətdən kasadlıq müşahidə olunurdu. Empatiya yox dərəcəsində idi. Başqalarına qarşı duyarlı, həssas deyildik. Həyatımızla bağlı narazı, şikayətçi, yorğun ampulada idik. İstəklərimizdə doyumsuz, münasibətlərdə eqoist idik. Daha çox “mən” iddiasında çıxış edirdik. Məqsədlərimiz hərisliyə, hədəflərimiz isə reallıqdan uzaqlaşmağa doğru sürətlə irəliləyirdi. Təsadüfi deyildir ki, belə psixologiya bəzi insanlarda natamamlıq kompleksləri, bəzilərində isə narsistlik yaratmağa başlayır. Bu kimi emosiyalara əsir düşən insan xoşbəxtlik axtararkən özü də bilmədən bədbəxtliyə düçar olur. Belə yaşamaq insanın hüzn, yorğunluq, narazılıq, yetərsizlik hissinə qapılmasına səbəb olur. Bütün bunlara “dayan” əmri vermək isə xüsusi iradə və qətiyyət tələb edir. Bir çox insanlar təbiətcə daha çox tabe olmağa meyilli olduğuna görə özündən asılı olmadan hər hansı bir qüvvənin onu bu vəziyyətdən çəkib çıxarmasını, həyatına sehirli dəyənəklə toxunmasını gözləyir. Narsist insanlarda isə doyumluluq hissi getdikcə nəzarətdən çıxır və absurd hədəflərə doğru yol alır.
Ailə və iş həyatımızın tarazlığında da getdikcə mütənasibliyi qorumaq xeyli çətin məsələyə çevrilirdi. Beləcə ailədaxili problemlər, valideyn-övlad münasibətləri, işgüzar fəaliyyətimiz nəzarətdən çıxmağa başlamışdı.
Xalq olaraq birlik, bərabərlik nümayiş etdirmək də mümkünsüzləşirdi. "Biz" yox, “mən” düşüncəsi hökmranlıq edirdi.
Bir sözlə, həm mənəvi, həm də psixoloji cəhətdən tənəzzülə düçar olurduq.
Belə bir zamanda bu virus sanki bizlər üçün Tanrıdan göndərilmiş bir xəbərdarlıqdır: "Oyan və özünə nəzər yetir”. Hədəflərin üçün cəmiyyəti, ailəni, özünü xərcləməyə dəyərmi? Bu həyatda varlığımızın əsas səbəbini sanki yenidən xatırlatdı.
Virusun yeni yarandığı zamanlarda hər kəs üçün qorxu, panika, həyəcan, təşviş, təlaş, narahatlıq, gələcəklə bağlı ümidsizlik və s. kimi hisslər daha çox xarakterik idi. İnsanlar daha çox çaşqınlıq içində nə düşünəcəklərini, nə edəcəklərini tənzimləyə bilmirdilər. Daha sonra yaranmış vəziyyətlə barışmağa və onunla birgə yaşamağa alışmağa başladıq. Düşdüyümüz vəziyyətdən maksimum qazanclı çıxmağın yollarını araşdırıb həyatımızda tətbiqinə çalışdıq.
Təbii ki, reallıqla arasına qoyduğu pərdəni aralayıb vəziyyətinin inikasını görüb, dərk edib dəyişməyə cəhd edənlər də oldu, gəldiyi nəticəni qəbul etməyib yoluna davam edənlər də...
Ailəsi ilə problemləri olanlar bu vəziyyətdən istifadə edib münasibətləri müsbət yöndə korreksiya etməyə çalışdılar. Özünə, ailəsinə daha diqqətli olub zaman ayırmağa fürsət əldə etdilər. Həyatyanı sahəsi olanlar yaşıllaşmaya, ağac əkməyə daha çox diqqət və qayğı göstərməyə başladılar. Bu isə həm psixoloji, həm də fizioloji cəhətdən müsbət təsir göstərir. Yaşıllıqla məşğul olmaq bir növ terapiya xarakteri daşıyır. Gündəlik rejimimizə daxil etsək və xronikiləşdirsək, nəticə daha yüksək və nəzərə çarpan olar.

Mütaliəyə maraq da artdı. Elmi araşdırmalara, savadın daha da artırılmasına yönəlmə nəzərə çarpacaq səviyyədə müşahidə olundu. Kitablar daha yaxın sirdaşa çevrildi.
Xalqda birlik, bütövlük müşahidə olundu. Ətrafımızda olan və ya heç tanımadığımız insanlar üçün yardım kompaniyaları təşkil olundu. İnsanlara qarşı daha duyarlı, həssas davranılmağa başlandı.
Təəssüf ki, yaranmış vəziyyətdən özlərinə nəticə çıxara bilməyənlər də az olmadı. Virusun tərbiyə edə bilmədiyi insanları isə mövqelərinin, statuslarının itirilməsi bəlkə də islah edəcəkdir.
Psixoloji cəhətdən dəyişikliklər də nəzərə çarpacaq səviyyədə təzahür etdi. Belə ki, istər qarşılıqlı münasibətlərdə, istərsə də ümumilikdə empatiya daha çox müşahidə olunmağa başlandı. Gərgin iş rejimi qarşılıqlı münasibətlərdə sərhəd yaratsa da, karantin rejimi ilə bu problem aradan qalxdı. Kommunikasiya vasitələri ilə ünsiyyət daha əyləncəli və əlçatan oldu.
Bütün bu müsbət hallarla, dəyişkənliklərlə yanaşı yaranmış vəziyyətin mənfi cəhətləri yenə də insanların narahatlığına səbəb olmağa davam edir. Karantin rejiminin davam etməsi insanlarda stress , panik atak, frustrasiya, həyəcan, pessimizim və s. kimi halları özündə ehtiva etdirir. Ancaq müsbət haldır ki, belə psixoloji vəziyyətlərin aradan qaldırılmasında insanlar daha həssas, şüurlu yanaşaraq psixoloqlara müraciət edirlər. Tək psixoloqa müraciətlə kifayətlənməyib psixologiyayla daha da yaxından maraqlananlar, təlimlərə qoşulanlar da kifayət qədərdir. Sevindirici haldır ki, bu və ya digər şəkildə psixologiyayla maraqlananların kəmiyyət fərqində artım müşahidə olunur.
Psixoloqların cəmiyyətdə, əmək bazarında,iş yerlərində mövqelərinin, əhəmiyyətinin fərqinə varılması, düzgün yanaşma tərzinin formalaşması təqdirəlayiqdir. Ümid edirəm, "bir insana bir psixoloq” anlayışı bizim cəmiyyətə də sirayət edəcək və öz müsbət təsirini göstərərək psixologiyanın perspektivliyini artıracaqdır. Artıq teorem yox, aksioma kimi qəbul edilməlidir ki, həm həyat fəaliyyətimizin, həm də işgüzar fəaliyyətimizin müsbət dinamik məhsuldarlığı sağlam psixikadan asılıdır.
Nəticə etibarilə, bu virus göstərdi ki, həyatda ən önəmli olan sağlamlıqdır. Sağlamlığımız yerindədirsə, deməli, həyat qaydasındadır. İkincisi isə azadlığımızdır. Azadlıq da sağlamlıq qədər vacib və əsas şərtlərdən biridir. Bunların qədrini bilək və itirməmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışaq. Sevdiklərimizin qədrini bilək, çünki onlarsız həyat dözülməz olardı. Sağlamlıq, azadlıq və sevdiklərimiz yanımızda olmadan xoşbəxtlik mümkünsüzdür. Daim xatırlayaq bunu.
Sonda bütün bunlarla yanaşı vurğulamaq istərdim ki, həyatda ən böyük qazanc kamillikdir. Unutmayaq, kamil insan şərtlərdən, vəziyyətdən asılı olmayaraq bütün çətinliklərin öhdəsindən gəlməyi bacarır. Hər zaman sağlam, azad olmaq, sevdiklərimizin dəyərini bilmək və kamilləşmək ümidilə....

Könül Qocayeva, psixoloq