"Müharibədə qisas hissi qorxuya qalib gəlir" - MÜSAHİBƏ

24Media-nın müsahibi Cabbarlı Kənan Sakit oğlu hərbi xidmətdə olarkən müharibə başlayıb. Füzuli, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən Kənan üç dəfə yaralansa da, yenidən müharibəyə qayıdıb. O, buna qisas duyğusunun səbəb olduğunu deyir:

Müharibə necə və hansı istiqamətdə başladı?

2020-ci ilin yanvar ayında müddətli hərbi xidmətə yollanmışam. 27 sentyabr saat 05:15 radələrində Füzuli istiqamətində əks hücum əməliyyatlarına başladıq.

Yaralandığınız an haqqında danışa bilərsinizmi?

Mən baş atıcı vəzifəsində olmuşam. Düşmənin birinci postunu aldıqdan sonra ikinci posta yaxınlaşırdıq ki, 120 mm-lik munemyotla içərisində olduğumuz BTR-i vurdular. 7 nəfər idik, onlardan maşın komandirimiz və əsgər yoldaşlarım daxil olmaqla 5-i şəhid oldu. BTR elə bir texnikadır ki, zərbə dəyəndə qapılar avtomatik açılır. Mən atıcı olduğuma görə lyukun başında dayanmışdım. Zərbə dəyəndə özümü çölə atdım. Hiss elədim ki, üzüm yanır. Başımda güclü səs yarandı. Üzümə torpaq vurmağa başladım. Bütün texnikalarımız vurulmuşdu, biz öndə qalmışdıq, ona görə də kömək yox idi. Məmmədov Tacir adlı əsgər yoldaşım var idi. O da kontuziya almışdı, nə eşidə, nə də danışa bilirdi. Onu səngərə sürüdüm. Təxminən 2 saat orada qaldıq. Həm üzümüz, həm də əllərimiz yanmışdı. Daha sonra kömək gəldi və bizi xəstəxanaya çatdırdılar.

9 oktyabrda yenidən döyüşə qayıtmaq üçün könüllü şəkildə hərbi hospitala müraciət etdim. Məni hərbi hissəmə göndərdilər. Oradan yenidən döyüşə getdim. Cəbrayılın Daşkəsən kəndinə göndərildim. Orada döyüş yoldaşlarımla görüşüb Hadrut istiqamətində döyüşə başladıq. Həmin ərazi düşmən tərəfindən çox güclü qorunurdu. Artilleriya atəşi səngimək bilmirdi. Düşmənlə üzbəüz idik. Amma Hadrutu düşməndən azad edə bildik. Daha sonra Füzuli rayonunun içərilərinə doğru hərəkət etdik. Füzulini tam geri qaytardıqdan sonra Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdim.

Ən çətin və daha ağır döyüşlər hansı ərazilərdə oldu?

Daha çox çətinliyi Füzuli istiqamətində gedən döyüşlərdə yaşadıq. 30 il ərzində düşmən orada öz müdafiəsini gücləndirmişdi. Ən çox yaralı və itki də həmin ərazidə oldu.

Qubadlıdan sonra Şuşa istiqamətində hərəkət etməyə başladıq. Ən ağır döyüşlər də məhz Şuşada oldu. Orada da çox itki verdik. Düşmənin bizdən üstün cəhəti artilleriya atəşləri idi. Çünki artilleriya silahları çox yaxşı idi. Şuşada ikinci dəfə yaralandım. Qəlpələr bədənimin müxtəlif hissələrini yaraladı, qulağımın pərdəsi partladı. Məni yaralı halda geriyə apardıqları vaxt isə maşınımızı vurdular. Ümumilikdə 3 dəfə yaralanmışam. Sonuncu dəfə yaralanandan sonra Bakıdakı hərbi hospitala aparıldım.

Yaralandıqdan sonra yenidən döyüş meydanına yollanmısınız. Sizi buna nə vadar etdi?

İkinci dəfə yaralanandan sonra yenidən döyüşmək üçün könüllü şəkildə müraciət etdim. Çünki döyüş meydanı elə bir yerdir ki, özün yaralansan belə bu, sənə o qədər də təsir etmir, amma yanında olan döyüş yoldaşlarının şəhid olduğunu görmək insana çox pis təsir edir. Neçə aydır birgə olduğun, dərdini bölüşdüyün, deyib-güldüyün insanların bir göz qırpımında öldüyünü görmək çox ağırdır. Hətta onların arasında mənim uşaqlıq dostlarım da var idi... İnsan dözə bilmir. Digər bir səbəb də o idi ki, I Qarabağ müharibəsində mən iştirak etməmişəm. Amma hər zaman istər Xocalıda, istərsə də digər ərazilərdə ermənilərin törətdikləri vəhşilikləri eşidirdim. Bütün bunlar mənim qisas hissimi alovlandırırdı. Ona görə də yenidən döyüşə yollandım.

Bəs az da olsa qorxu hissi var idimi?

Qorxu hissi yox idi desəm yalan olar. Çünki müharibənin abu-havası elədir ki, insanda vahimə yaradır. Amma sonda qisas hissi qorxuya üstün gəlir.

Ailənizlə əlaqə saxlaya bilirdinizmi?

Ailəmizlə günlərlə əlaqə saxlamırdıq. Hətta mən ikinci dəfə döyüşə qayıdanda ailəmə xəbər vermədim. Çünki narahat olmalarını istəmirdim. Onlar elə bilirdilər ki, mən hələ də hərbi hissədəyəm. İkinci dəfə yaralanıb xəstəxanaya gedəndən sonra xəbər verdim ki, yaralanmışam.

Müharibədən bir neçə ay əvvəl general Polad Həşimov şəhid oldu. Sizcə bu hadisə insanlarda döyüş əzminin artmasına necə təsir etdi?

General Polad Həşimov şəhid olduğu vaxt mən də ordu sıralarında idim. Onun ölümü bizim üçün çox böyük itki idi. Bu səbəbdən müharibəyə qədər biz də ordu sıralarına həvəssiz çıxırdıq. Amma şükürlər olsun ki, generalımızın qisasını aldıq.