Cəmiyyətə "tökdüklərimiz"

Cəmiyyətə

Empatiya- bu günlərdə onu görən, duyan cənnətlikdir. Hər birimiz üçün son 1 il qarışıq hisslərin nirvanaya çatıb, əsəblərimizin tarıma çəkildiyi il oldu. Son zamanlarda isə bir stul çəkib, əyləşib uzaqdan böyük rəsmə-cəmiyyətə baxsaq, açıq-aydın "qusulmuş nifrətləri" və "atılan qınaqları" görərik. Söz, fikir azadlığı ilə maskalanan, özünü daha "ağıllı" göstərmək üçün edilən təhqirlər, çirkin fikirlər, gərəksiz qınaqlar... Vallah, billah ağıllı-başlı olsa dərd yarı, bu qədər yanıb tökülmərəm. Zibil torbaları arasından çıxarılan Banu niyə gündəm olmadı?! Niyə sadəcə "qısqanclıq zəminində öldürülüb" başlığını görən kimi "nəsə zibili varmış"dan törəmə şərhlər bürüdü sosial medianı?! Bu cür qınaqları yağdıranlar heç düşünmürlərmi ki, Banuya bunu edən bir insandı?! Və sabah başqa bir insan da bunu başqa bir "Banuya" yaşada bilər. Hələ intihar edənlərə "çalınan zurnaları" demirəm. "Tələf" edilən insanlarla eyni vəziyyətdə olan biri və ya biriləri olar düşünmədən, fikir bildirmək adı ilə qınağın "suyunu çıxardıqları", maska taxmaqdan oksigensiz qalmış beyinin məhsulu olan düşüncələrini cəmiyyətə, sosial mediaya virus effekti ilə yayırlar. "Fikir" isə ən qorxulu "virus"dur. Özümüz də bilmədən şüuraltımıza düşər və bizi xərçəng kimi ağuşuna alar . Birinin yerinə özünü qoymağı keçdim, heç dinləyib anlama da... Amma bilmədiyini nə danış, nə də...

Yerində və zamanında olan qınaq, tənqid gözəldir. Çünki inkişafa səbəb olar. Ancaq tənqidin "ögəy qardaşı" təhqir var ha, bax o qəliz məsələdir. Bu "qardaşlıq" Habillə Qabilin qardaşlığına oxşayır. Sən niyə Habili öldürüb Qabillə dostluq edəsən axı?

Kimisə qınamaq və bununla da yaxşı nəyə isə vəsilə olmaq istəyiriksə, Banunun zibil qabından çıxan cəsədinə "cansız kukladı, parçalayıblar" kimi reaksiya verənləri və ya bir-birinin ardınca olan intiharlara "insan deyil, həşərat həyatıymış" kimi fikir bildirənləri qınayaq. Bir yerdən ağlımda qalıb: Sözü gərək yaş əski kimi üzə çırpmayasan, sakitcə palto kimi çiyindən asasan. Mənfi fikirlərlə xislətlərini qidalandırıb, özünü fövqəlbəşər hesab edənlər, əgər 32 səddə rəğmən ağzınızdan çıxanlar və ya beyninizdən barmaqlarınız vasitəsi ilə klaviaturaya "tökülənlər" kiminsə həyatına zərər verərək toxunacaqsa, bunu etməyək. Yox, əgər "mən həyatlara toxunmaq istəyirəm" deyiriksə, buna müsbətlərimizlə nail olaq. Özümüz dəyişək ki, qınadıqlarımız da dəyişsin. Yer dairəvidir- Magellan belə, səyahətə başladığı yerə geri döndü. Bu gün bu cəmiyyətə "tökdüklərimiz" sabah bizim həyatımıza toxunacaq. Qınaqları qınayan, qınaqlarla dolu yazının sonu.