Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır

Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyevin çıxışı daim Azərbaycan Ordusunun yanında olan veteranları da ruhlandırır və onları daha əzmkar fəaliyyətə səfərbər edir.

24Media xəbər verir ki, bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib: "Hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri onun gücü ilə şərtlənir. 100 illərdir dəyişməyən reallıq odur ki, ordu güc amilinin ən vacib həlqəsini təşkil edir. Beynəlxalq münasibətlərə dair əksər nəzəri konsepsiyalarda Silahlı Qüvvələr milli dövlətin müstəqilliyini və təhlükəsizliyini təmin edən başlıca faktor kimi təsbit olunub.

Bu gün 102 yaşını qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri həqiqətən də şanlı, ancaq heç də hamar olmayan bir yol keçmişdir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə korpus kimi yaradılmış Milli Ordunun nəsillərə nümunə sayılacaq tarixi var. Cümhuriyyət dövründə 25 min nəfərlik ordunun yaradılması nəzərdə tutulduğu halda, S.Mehmandarov, Ə.Şıxlinski, M.Sulkeviç, H.Səlimov kimi görkəmli hərbçilərin səyi və qətiyyəti nəticəsində 40 min nəfərlik nizami ordu formalaşdırmaq mümkün olmuşdu. Bu tarixin ən şərəfli səhifələrini bugünkü bayram günündə yada salmaq xüsusilə gənc nəslin öz sələflərinə layiq vətənpərvər insanlar kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir.

İlk müstəqil dövlətimizin mövcud olduğu illərdə erməni separatçılarına qarşı Qarabağda aparılmış döyüşlərdən tutmuş, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə iştiraka, nəhayət dövlət müstəqilliyinin bərpasından sonra Dağlıq Qarabağın Azərbaycandan qoparmaq iddiası və niyyəti ilə torpaqlarımıza təcavüz edən erməni hərbi birliklərinə qarşı müharibədə Azərbaycan Ordusunun, milli diviziyalarının, bir sözlə azərbaycanlı əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar qürurvericidir.

Bu gün tarixi zəfər yürüşlərini davam etdirmək əzmində olan Azərbaycan Ordusunun həyatında yeni dövr, müasir ordu quruculuğu mərhələsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət adamı çox çətin dövrdə digər sahələrdə olduğu kimi nizami ordu quruculuğu sahəsində də möhkəm təməllər yaratmağı bacarmış, ümumxalq mənafelərinə xidmət edən, vahid komandanlığa tabe ordunun formalaşdırılmasına nail olmuşdur. Ordu quruculuğu siyasətini inamla və müasir standartlara uyğun davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyi, tələbkarlığı və dəstəyi ilə bu gün Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə ediləcək bir səviyyəyə çatmışdır. Ən müasir tələblər səviyyəsində silah-sursat, maddi-texniki təchizatı həyata keçirilmiş Azərbaycan Ordusu döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazırlığına görə fərqlənən ordu olduğunu 2016-cı ilin Aprel döyüşlərində bir sıra ərazilərimizi erməni işğalından azad etməsi ilə sübuta yetirdi. Öz Ali Baş Komandanından dəstək və hərtərəfli qayğı görən əsgər və zabitlərimiz erməni ordusuna vurduqları sarsıdıcı zərbələrlə bütün Ermənistanı lərzəyə saldılar.

Qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olan Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün təmin olmasına qadir olduğunu 2018-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatlarla Naxçıvanda 10 min hektardan çox ərazini düşmən işğalından azad etməsi ilə bir daha göstərdi. Bu həm də onu göstərdi ki, beynəlxalq təşkilatların qəbul etdikləri bir sıra rəsmi sənədlərə baxmayaraq, Azərbaycan ərazilərinin bir qismini bu gün də işğal altında saxlayan Ermənistanın öz işğalçılıq siyasətini qeyri-qanuni məskunlaşdırma aparmaqla davam etdirmək cəhdləri də əbəsdir. Sülh danışıqlarını hər vasitə ilə pozmağa çalışan düşmən bu gün ordumuzun işğal altındakı torpaqlarımızı azad etmək əzmini görüb ciddi narahatlıq keçirir.

Azərbaycan Ordusunu inamlı, güclü edən səbəblər sırasında Ali Baş Komandanın qətiyyətli mövqeyi və əzmkar fəaliyyəti nəticəsində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, yeni hərbi hissələrin, şəhərciklərin, hərbi bazaların tikilməsi, yaxud faktiki olaraq yenidən qurulması və sair amillər də var. Bütün bunlar bir məqsədə Azərbaycanda müasir tələblərə cavab verən, güclü Ordunun, vətəninə, xalqına, dövlətinə sədaqətli şəxsi heyətin formalaşdırılmasına xidmət edir.

Ordunun müasir silah-sursat və texnika ilə təmin edilməsi məqsədi ilə Müdafiə Sənayesinin təşkil edilməsi, ixtisaslı kadrların hazırlanması məqsədi ilə hərbi məktəblərin, Akademiyaların yenidən qurulması ordumuzun müasirliyini bir daha sübut edir. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur ki, bunlar Azərbaycan ordusunun təchizatında istifadə edilməkə yanaşı, onlarla ölkəyə ixrac edilir.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyev gənclərimizdə Ermənistanla apardığımız müharibədə ideoloji tərbiyənin yüksəkdilməsi istiqamətində ardıcıl işlərin davam etdirilməsinin vacibliyinini də vurğulamışdir. Həmçinin Ali Baş Komandan hər bir hərbi hissədə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil edilməsinin, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, ölkəmizin tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmasını, eləcə də, gənclərin bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını, Ermənistanın xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi inam yaradır ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində daim tədbirlər görülür ki, ordumuz daha da güclənsin, Azərbaycan Rspublikasının ərazi bütövlüyünü bərpa etmək üçün hər an hazır olsun. Çünki hərbi təhlükəsizliyimizin qarantı olan Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin suverenliyimizin təminatçısıdır.

Bu mesajı dövlət başçısı beynəlxalq təşkilatlara, beynəlxalq güclərə də həmişə qətiyyətlə çatdırır və Azərbaycanın mövqeyindən dönməyəcəyini bəyan edir. Bu tələblərin başlıca məntiqi budur ki, ATƏT Minsk qrupu erməni tərəfinin beynəlxalq hüquqla bir araya sığmayan qanunsuz addımlarına obyektiv münasibət bildirməli, işğalın nəticələrinin qanuniləşdirilməsi cəhdlərinin yolverilməzliyini qəti bəyan etməlidir. Nəhayət beynəlxalq hüququn prinsipləri tətbiq edilməli, işğalçı ilə işğala məruz qalana eyni yanaşmaya, ikili standartlara birdəfəlik son verilməlidir. Çünki bu həqiqət hamıya məlumdur ki, Azərbaycan beynəlxalq təşkilatlardan layiq olduğu ədalətli mövqeni görməyincə, münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqdır.

Respublika Veteranlar Təşkilatı bu inamlı siyasətin mümkün qədər tez reallaşmasına öz dəstəyini Silahlı Qüvvələrdə vətənpərvərliyin, şəxsi heyətin ideoloji hazırlığının yüksəldilməsində iştirakda görür. Biz bu fəaliyyətimizi karantin rejiminin mövcud olduğu günlərdə də davam etdirməyə, malik olduğumuz təbliğat vasitələrindən, qəzetimizdən və rəsmi saytımızdan, habelə ölkə KİV-nin imkanlarından yararlanmağa çalışırıq.

Bir məsələni də xüsusi vurğulamaq istərdim. Əlbəttə, ordu, təhlükəsizlik, ərazi bütövlüyü kimi məsələlərdə xalqla dövlətin birliyi olduğu kimi, cəmiyyətin, onun müxtəlif siyasi təşkilatlarının, ayrı-ayrı qruplarının da fərqli maraqları, mövqeləri ola bilməz. Vətən bölünmədiyi kimi, onun mənafeyi, milli maraqlarımız da bölünməzdir. Bugünki çətin günlərdə, bütün qüvvələrin koronavirus kimi bir bəla ilə mübarizəyə səfərbər olunduğu bir vaxtda parçalanmaq ovqatı aşılamaq, ordu, digər dövlət orqanlarımızla bağlı arzuedilməz fikirlərin yayılmasına çalışmaq və bununla da düşmənə hər hansı imkanın verilməsi cəhdləri yolverilməzdir. Biz pandemiya təhlükəsinin nə olduğunu dərk etməklə, koronavirusla mübarizədə olduğu kimi, ondan az təhlükəli olmayan erməni faşizmi ilə mübarizədə də bir olmalı, ümumxalq, ümumdövlət mənafelərini hər şeydən yüksək tutmalıyıq".