"Bütün həyatım bu 3 sözdə var" - Aktyorla MÜSAHİBƏ

24Media aktyor, ssenari müəllifi, "Bacanaqlar", "Aramızda qalsın", "Ay Yay Yay", "Qız atası" və s. kimi seriallardan yaxşı tanıdığımız Tərlan Nur Yaşarla olan müsahibəni təqdim edir:

Bu sənətə gəlişinizdən bəhs edə bilərsinizmi?
-Bu sənətə deməzdim... Mən sadəcə bu işi yaxşı bacaran və bu işlə məşğul olan birisiyəm. Sənəti festivallarda axtarmaq lazımdır. Televiziya sənət növü deyil. Yaradıcı insanların işləyib, pul qazandığı biznes mərkəzidir.
   "Yumorun şahı.." ifadəsini necə tamamlayardınız?
-Elə bir ifadə yoxdur. Şah o kəsə deyərlər ki, yerdə qalanları idarə etsin. Hər kəsin yumor sahəsində bir yeri var. Heç kim heç kimi idarə etmir. Özümün üstündə bir şah, özümdən aşağıda bir rəiyyət görmədiyim üçün yumorda "şah" ifadəsini qəbul etmirəm.

                                     


   Sizcə, bir aktyor üçün təhsil nə dərəcədə əhəmiyyətlidir?
-İncəsənətin heç bir növündə təhsilin əhəmiyyəti istedad olmadıqda önəm daşımır. İnsan ya istedadlıdır, ya da yox. Amma təhsilin olması istedadlı adamı daha da irəli apara bilər. İşini daha da asanlaşdıra bilər.
   Nə zamansa dram janrında olan filmə və ya seriala çəkilmək istərdinizmi?
-Dram obrazına çəkilməyim, istəyimdən daha çox rejissorun məni o obrazda görməyindən asılı olduğu üçün bu barədə heç düşünməmişəm. Təklif olsa və bu təklif mənə maraqlı olsa dəyərləndirə bilərəm.
   Canlandırdığınız hansı obrazı daha maraqlı hesab edirsiniz?
-İstənilən obrazım ən azı mənə maraqlı olubsa onu oynamışam. Bu səbəbdən şəxsən mənə bütün obrazlarım maraqlı gəlir.
   Bir sıra komediya aktyorları "stand-up" ilə də məşğul olurlar. Siz necə, "stand-up" etməyi düşünürsünüzmü?
-Mənim "stand-up" janrına marağım yoxdur. Bu sahədə işlədiyim vaxtlar olub. Amma elə də sevmirəm..
                            

  Kitab oxumağı sevirsinizmi? Hansı kitabları tövsiyə edərdiniz?
-İl ərzində azı 3 kitab oxuyuram. Ən sevdiyim əsər İskəndər Palanın "Şah və Sultan" romanı və Paulo Koelyonun "Kimyagər" romanıdır.
   Paylaşımlarınızın birində filmlərdəki əsas problemin maliyyə və kinoteatrlar olduğunu qeyd etmisiniz. İllər öncə çəkilən filmlərə çoxmu maliyyə ayrılırdı?
-Bəli. Sovet dövründə çəkilən ən uğurlu filmlərimizə bugünkü pula çevirəndə milyonlarla pul ayrılıb...
   Özünüzü 3 kəlimə ilə necə ifadə edərdiniz?
-TƏRLAN NUR YAŞAR. Bütün həyatım bu 3 sözdə var.