"Bundan sonrakı karyeramı aktyorluqla davam etdirmək istəyərəm"- Pərviz Abdullayevlə MÜSAHİBƏ

24Media-nın bu dəfəki müsahibi Kobra Pərviz adı ilə tanınan kikboksinq üzrə 6 qat dünya çempionu, "Survivor 2020" təmsilçimiz Pərviz Abdullayevdir. Onunla gələcək planlarından danışıb oxucularımızı maraqlandıran suallar haqqında söhbət apardıq.

Necə oldu ki, “Survivor”a dəvət aldınız? 

-2016-cı ildən bəri "Survivor" a getmək istəyirəm. 2016-cı ildə dostum Avatar Atakan, bilirsiniz ki, çempion olmuşdu. Sadəcə həmin illər mənim karyeramın pik nöqtəsi idi. İldə 6-7 döyüşüm olurdu, ona görə də hələlik getmirdim. 2019-cu ildə qeydiyyatdan keçdim, qəbul olundum. Sadəcə olaraq 2019-cu ildə "Survivor" iki dövlət: Türkiyə - Yunanıstan arasında olduğuna görə mən 2020-ci il üçün dəvət aldım. 2020-ci ildə yenidən seçim turundan keçərək "Survivor" iştirakçısı olmaq hüququnu əldə etdim. Onu da qeyd edim ki, bunu əldə etmək çox çətindir, nəinki qatılmaq hüququ, hətta siz qeydiyyatdan keçdikdən sonra sizi seçim turuna çağırmaları belə sual altındadır. 
 

Sizcə, "Survivor" da özünüzü yetərincə ifadə edə bildinizmi ? 

-Mən deyərdim ki, xeyr. Çünki bu "Survivor" mənim üçün təcrübə oldu. Mən əsl həyatda sakit xarakterli biriyəm. Orada da əsl həyatda necəyəmsə, elə oldum. Bundan başqa orda heç kimin mənimlə işi olmurdu, həm 6 qat dünya çempionu kimi, həm də xarakterimdən dolayı mənə hörmət edirdilər. Mən İstanbula gedəndə məni yolda saxlayıb "siz çempionluğa layiq idiniz, finala getməli idiniz",- deyirdilər. 

“Survivor All Star”a dəvət edilsəniz, getməyi düşünürsünüzmü ? 

-Məncə, dəvət olunma şansım 80-90%-dir. Çox güman ki, All Star 2022-ci ildə olacaq. Bəli, dəvət edilsəm, gedəcəyəm. Çünki yarım qalmış bir şey var. Bu dəfə 8 həftə qaldım, amma gələn dəfə çempion olmağı hədəfləmişəm. 

BDU-nun Tarix fakültəsini bitirmisiniz, amma arzunuz Hüquq fakültəsinə daxil olmaq olub. Sizcə, arzuladığınız ixtisasa yiyələnsəydiniz, yenə də idmanla belə ciddi məşğul olub 6 qat dünya çempionu ola biləcəkdinizmi? 

-Bəli, hüquq fakültəsinə daxil olmaq istəyirdim, amma qismət belə imiş. Amma hüquqa da daxil olsaydım, indiki kimi yenə də idmanla məşğul olacaqdım. Çünki idman mənim həyatımdır, idman mənim üçün hər bir şeydir. 

Müsahibələrinizin birində "idmançının reklamı güclü olmalıdır" , - demisiniz. Sizcə, sizin reklamınız güclüdür, yoxsa bu populyarlıq 6 qat dünya çempionu olmağınızdan irəli gəlir?

-Mən idmançı olaraq təkcə idmana deyil, mediaya da meyilli olmuşam. İçimdə hər zaman şöhrətpərəstlik hissi olub. Mənə elə gəlir ki, bəli, hazırda mənim reklamım güclüdür, çünki "Survivor" vasitəsilə istər öz ölkəmizdə, istər Türkiyədə, demək olar ki, hər kəs məni tanıyır.

Bu qədər qalibiyyət, şöhrətdən sonra hələ də öz sənətinizdə çatmaq istədiyiniz bir nöqtə varmı? 

-Bu qədər qalibiyyət, şöhrət, "Survivor"... Bundan sonrakı hədəfim isə başqadır. Mən bundan sonrakı karyeramda aktyorluqla məşğul olmaq istəyirəm. Qismət olsa, yaxşı bir təklif gəlsə, əlbəttə ki, dəyərləndirməyi düşünürəm. Avqustdan sonra artıq film, serial çəkilişləri başlayır. Mən də dəvət alsam, dəyərləndirəcəm. Çünki idman karyerasından sonra belə bir karyera fikrindəyəm. Amma hazırda mən FHN-nin İdman Sağlamlıq Mərkəzinin əməkdaşıyam, orada çalışmağıma şərait yaratdıqları üçün dərin təşəkkürlərimi bildirirəm. Bundan başqa “Qarabağ” idman klubunun da oyunçusuyam. 

Azərbaycanın Qarabağ bölgəsindənsiniz. Son vaxtlar baş verən hadisələr, 50000-ə qədər vətəndaşın orduya könüllü yazılması... Necə qiymətləndirirsiniz? 

-Bəli, mən Ağdam şəhərindənəm. Bu hadisələr baş verəndə mən İstanbuldaydım və çox təsirləndim. Buna görə də biletimin tez bir zamanda alınmasını xahiş etdim. Bu hadisədən "Survivor Panorama" verilişində də söz açdım, daha sonra isə bütün "Survivor" iştirakçılarından xahiş etdim ki, şəhidlərimiz üçün baş sağlığı göndərsinlər. Sağ olsunlar, onlar da mənim sözümü yerə salmadılar.
50000 vətəndaşın orduya könüllü yazılması çox xoş haldır və bu o deməkdir ki, biz vətənpərvər xalqıq, torpaqlarımızın tez bir zamanda geri qaytarılmasını istəyirik və torpaqlarımız uğrunda ölməyə hazırıq.
 

Demək olar, hər əfsanə idmançının həyatı ilə bağlı film çəkilir. Belə bir film çəkilsə, o rolu kimin ifa etməsini istərdiniz?

Özümün. 

Övladınız Yusifin sizin yolunuzu davam etdirməsini istəyirsinizmi?

Oğlum idmana meyillidir, istedadlıdır bu sahədə. İnşaAllah, bəli, istəyərəm ki, davam eləsin. Çünki həqiqətən istedadı var. 

Adadan qayıtdıqdan sonra bir çox iştirakçılar sosial şəbəkələrdə onlara ünvanlanan bəzi mənfi rəylərə görə məyus olurlar. Bəs sizi məyus edən rəylər oldumu? Oldusa, bunlar hansılar idi?

-Mənim haqqımda elə mənfi rəylər olmayıb. Çünki istər bizimkilər, istərsə də türklər məni çox sevirdilər. Sadəcə bir az qızlardan incimişdim. 3 qızın mənim adımı yazacaqları bəlli idi. Amma Elifin yazmasını gözləmirdim, ona görə ondan incimişdim. Amma bu oyundur, bura qədər imiş, bəlkə də belə olmağı daha yaxşı imiş. Amma yenə deyirəm, "All Star" olsa, orada sonuna qədər…

Hansısa çətin situasiyadan sonra öz karyeranızı bitirməyi düşünmüsünüzmü?

-Karyeramı heç vaxt bitirməyi düşünməmişəm. Çünki idman mənim həyatımdır, döyüşməsəm və ya məşq etməsəm, özümü narahat hiss edirəm.