Bu il yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltif olunma mərasimi keçirildi

Bu il yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltif olunma mərasimi keçirildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin 2019-cu ildə yüksək nəticə qazanmış idmançılarının və məşqçi-müəllimlərinin təltif olunma mərasimi keçirilib.

Trend-ə istinadən paylaşdığımız məlumata görə, mərasimi giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov uşaq-gənclər idman-şahmat məktəblərinin 2019-cu ildə ümumi fəaliyyəti ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Firudin Qurbanov bildirib ki, Təhsil Nazirliyinin tabeliyində olan idman müəssisələri tərəfindən uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğ edilməsində, dərəcəli idmançıların hazırlanmasında, idman növlləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin yetişdirilməsində, kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi istiqamətlərində məqsədyönlü fəaliyyət həyata keçirilmişdir.

Qeyd edildi ki, Təhsil nazirliyinin tabeliyində 76 Uşaq-Gənclər İdman Şahmat Məktəbi fəaliiyət göstərir. Həmin məktəblər üzrə 29 idman növü (Şahmat, Futbol, Sərbəst güləş, Voleybol, Yunan-Roma güləşi, Boks, Stolüstü tennis, Cüdo, Basketbol, Ağır atletika, Sambo, Badminton, Atletika,Taekvando, Akrobatika gimnastikası, Həndbol, Dama, Karate, Üzgüçülük,Qılıncoynatma, İdman gimnastikası, Batut gimnastikası, Kikboksinq, Avarçəkmə, Tamblinq, Tennis, Bədii gimnastika, Veloidman, Güllə atıcılığı) inkişaf etdirilir.

Göstərilən müəssisələr üzrə ümumilikdə 4823 qrup fəaliyyət göstərir. Həmin qruplar üzrə 57.697 nəfər məşq prosesində iştirak edir ki, onlardan da 9.490 nəfəri qızlardır. Müəssisələrdə işləyən məşqçi-müəllimlərin ümumi sayı 2.888 nəfər təşkil edir, onlardan da 758 nəfəri qadınlardır. Məşqçi-müəllimlərdən 32 nəfəri ali ixtisas kateqoriyalı, 263 nəfəri birinci kateqoriyalı,15 nəfəri isə ikinci ixtisas kateqoriyalıdır. Göstərdiyi yüksək nəticələrə görə məşqçi-müəllimlərdən 230 nəfəri “Əməkdar məşqçi”, 68 nəfəri “Fəxri bədən tərbiyəsi idman işçisi”, 14 nəfəri isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb.

Müəssisələr üzrə ümumilikdə 1633 nəfər birinci dərəcə, 343 nəfər idman ustalığına namizəd, 42 nəfər isə idman ustası normalarını yerinə yetirib.

Bütün bu dərəcə normalarını idmançılarımızın respublika və beynəlxalq yarışlarda yüksək nəticə əldə edərək qazanıblar.

İdman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 medal (respublika 1825, beynəlxalq 521 medal), 2018-ci ildə 2535 medal (respublika 1993, beynəlxalq 542), 2019-cu ildə isə 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıb.

Daha sonra 2019-cu ildə yüksək nəticə qazanmış 60 idmançı və yüksək nəticəli idmançıların hazırlanmasında səmərəli fəaliiyət göstərmiş 44 məşqçi-müəllim, idman tədbirlərinin təşkilində səmərəli fəaliyyət göstərmiş 4 məşqçi-müəllim və bədən tərbiyəsi və idmanın təbliğ edilməsində səmərəli fəaliyyətinə görə 6 media işçisi təltif olunub. Təltiflərin təqdim olunmasında Təhsil nazirinin müvavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyev, Olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli, Zemfira Meftahətdinova iştirak edib.