Bu gün onun vəfatından 8 il ötür...

Bu gün onun vəfatından 8 il ötür...
Bu gün onun vəfatından 8 il ötür...
Bu gün onun vəfatından 8 il ötür...

Yaşar Məmmədsadıq oğlu Nuriyev - Yaşar Nuri azərbaycanlı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı idi.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxan görkəmli aktyor məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

Hələ şagird olarkən Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

Fakültədə, kursda, hətta, institutda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından çox böyük idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. 50-yə yaxın bədii filmə çəkilən aktyorumuz Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram",  "Bağışla",  "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj edib.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilib.

Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin  "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkib.

2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi oldu. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılandı. Akademik Milli Dram Teatrının tamaşaçı zalına H.Turabov sənətini sevənlər və mədəni ictimaiyyətin elitası toplanmışdı. Xalqın öz sənətkarına verdiyi qiymətə heç kəsin şübhəsi yoxdur, amma əksər hissəsi sənətkarlardan, incəsənətimizin elitasını təşkil edənlərdən ibarət bu auditoriya da Yaşarın qorxunc xəstəliyə qalib gəlib yenidən səhnədə görünməsinə böyük səmimiyyətlə sevindiyini göstərdi. Bəzi məqamlarda elitanın içində yaşayan eqoizm də sənətkarın ayaq üstə dura bilməsindən doğan sevincə güc gələ bilmədi.

Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") (28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel (6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr, 1978),  Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır. Bu rollardan bəzilərinə aşağıda daha geniş nəzər salınacaq.

Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirirdi...

Onun ilk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşası idi.

Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyni adlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.

Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.

Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.

Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor  Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.

Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması" filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya…"dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", "Fransız", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.

Bu gün Yaşar Nuri haqqında bir reallıq var: "Xalq onu həqiqətən də sevirdi"...

Allah rəhmət eləsin!