Bu gün Gəncədə hər şey yarımçıq idi...

Bu gün Gəncədə hər şey yarımçıq idi...

Artıq erməni vandalizminin törətdiyi "Gəncə terroru"ndan 3 gün keçir. 3 gündür ki, bütün dünya da bu terrora susur... Həlak olan canları görməyə kor, mülki əhaliyə atılan raketlərin səsinə qarışan günahsız, sivil insanların səslərini eşitməyə isə kar olublar.

İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə qarşı ilk terror 11 oktyabr 2020-ci il tarixində törədildi. Bu terror hadisəsi nəticəsində 7 nəfər həlak oldu, 28 nəfər isə yaralandı. Düşmən Gəncəni SSRİ istehsalı olan "Toçka-U" raketi ilə vurmuşdu.
 

Gəncədə ikinci, daha dəhşətli terror hadisəsi isə 17 oktyabr 2020-ci il tarixində həyata keçirildi. Bu dəfə şəhərə iki ədəd SSRİ istehsalı olan "Elbrus" raketi atıldı. Nəticədə 3-ü azyaşlı olmaqla 13 nəfər həlak oldu, 48 nəfər isə ağır yaralandı. Hər iki terror aktı Gəncədə, sivillərin yaşadığı ərazilərdə törədildi.

Hadisə yerində isə yenə də ilk Türkiyə mediasını gördük və adəti üzrə olaraq ikinci bir ölkənin mediası gözümüzə dəymədi. Türkün türkdən başqa dostunun olmadığını bir daha bu Vətən müharibəsində gördük və görürük...
Gəncəlilər isə bu hadisələrdən sarsıldılar, amma qorxmadılar, "naoborot qızışdılar". Sonuncu raket zərbəsi nəticəsində hətta yüz metrlərlə kənarda yerləşən evlərinin, mülki obyektlərinin pəncərələri çilik-çilik olan gəncəlilər gördüm bu gün. Onlar yaşayış yerlərini tərk etmək əvəzinə, zədə görmüş evlərində yaşamağa davam edirlər.

Bir anlıq nədənsə Cavad xanın düşmənə: "Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür!",- deməsini xatırladım və düşündüm ki, Ziyadoğlu - Qacar nəslindən olan Cavad xanın nəvələrinin də Gəncədən yalnız ölüsü çıxa bilər.

Bütün bunları düşünə-düşünə gedərkən gül dükanına rast gəldim, bir dəstə qərənfil alıb yenə yola düzəldim. Satqın, terrorçu olar deyə hər yada şübhə ilə baxan Gəncə sakinlərinə mən də bu Vətənin övladı olduğumu deyəndə danışığımdan da yad olmadığımı hiss edib gülümsəmələrinə, "xoş gəlibsən, qadanalım" demələrinə adamın qurban olmağı gəlir.

Elə həmin gülərüzlü insanlardan terror törədilən-raket düşən yeri soruşa-soruşa gəlirdim, dedilər ki, çox uzaqda deyil, elə buralardadır. Bir də başımı qaldırdım ki, bayaqdandır gəzə-gəzə gördüyüm Gəncədən əsər yoxdur... Orada sadəcə dəhşət və vəhşət gördüm. Nahaq, günahsız qan qoxusunu duyan qərənfillərin qan rəngli ləçəkləri mən hələ onları torpağın üstünə atmadan solmuşdu... Hər şey yarım idi. Yarımçıq qalmış həyatlar, yarımçıq qalmış insan ömrü, yarımçıq oyuncaq, yarımçıq dərs kitabı, yarımçıq şəxsiyyət vəsiqəsi, yarımçıq qalmış dünya, yarımçıq qalmış ailə, yarımçıq qalmış Gəncə... O mənzərəni unutmağa bir insan ömrü yetməz deyə düşünürəm. Çünki bu, mənim bir ömür boyu yadımdan çıxmayacaq bir hadisəyə çevrildi.



Ermənilər isə bugünkü, dünənki, 100 il əvvəlki ermənilərdir, uşaq qatili, işğalçı, əli silahsız sivillərin qatili, yalançı, oğru və s. "keyfiyyətlər".

Bu gün isə müzəffər ordumuz arxasında gəncəlilərin timsalında bütün Azərbaycan xalqının məğrur dayandığını, bir əlin yumruğu kimi birləşdiyini görüb Qarabağa doğru inamla və zəfər addımları ilə irəliləyir...