Böyük Qələbənin astanasında

Böyük Qələbənin astanasında

Azərbaycanda ilk radionun fəaliyyətə başlaması tarixi 1926-cı il noyabrın 6-na təsadüf edir. Lakin ölkədə radio quruculuğunun əsası daha əvvəlki illərdən qoyulub. Tarixdən bəllidir ki, şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyəti dövründə milli dövlətçilik naminə dünyanın ən inkişaf etmiş dövlətləri ilə beynəlxalq əlaqələrə önəm verərək  xarici mühitdə siyasi və iqtisadi nailiyyətlərdən bəhrələnməyə üstünlük verib. Əsas məqsədi ilk olaraq öz müstəqilliyi ilə bağlı dünyaya informasiya ötürmək barədə texniki imkanlara sahib olmaq istəyi  olub. Buna görə də o dövrdə radionun əvəzsiz vasitə kimi gərəkliyini düşünən AXC hökuməti 1918-ci ilin iyulunda Gəncədə radiostansiya təşkil edir. Sentyabrda Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsi, ölkənin daşnaklardan xilas edilməsi nəticəsində  paytaxtda rabitə məqsədiylə Gəncə radiostansiyasından istifadə olunurdu. 

Tükənməz neft ehtiyatları ilə zəngin olan yurdumuza beynəlxalq aləmin xüsusi marağı olduğundan Azərbaycanda gedən siyasi proseslər, AXC ilə münasibətlərin qurulmasına  edilən cəhdlər, milli hökumətə yaxınlaşmaq istəyi  və sair siyasi gedişlər gözlənilən idi. Eynilə dünyada tanınmaq, dövlətlər arasında yerini nizamlamaq amalı yeni qurulan milli hökumətimizin qayəsini təşkil edirdi.

AXC liderlərini Fransadakı Eyfel qülləsində quraşdırılan radiostansiya cəlb etdiyindən ilk olaraq bu ölkə ilə əlaqələr qurulur. 1919-cu ilin oktyabrında Fransanın Ticarət və Sənaye Nazirliyinin nümayəndələri Demokratik Respublikanın qonağı olarkən gənc və yeni qurulmuş dövlətə öz dostluq təklifini bildirəndə ilk olaraq Azərbaycan tərəfi radiostansiya quruculuğunda yardıma ehtiyacı olduqlarını bildirir. Nəticədə bu ölkədən xeyli radiorabitə avadanlığının alınmasına nail olunur və hətta fransalı mütəxəssislər stansiyanın quruculuğunda da iştirak edirlər.1919-cu ildə Gəncədə radiostansiya fəaliyyətə başlayır. 1919-cu ilin noyabrında Azərbaycan parlamentinin sədri, Paris Sülh danışıqlarında AXC nümayəndə heyətinə başçılıq edən Ə.M.Topçubaşov ilk dəfə Eyfel qülləsindəki radiostansiyadan Gəncə radiostansiyasına birbaşa xətlə Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə teleqram göndərir və xalqımızı iqtisadi və mədəni aləmdə baş verən bu əlamətdar hadisə münasibəti ilə təbrik edir. Eyni zamanda, AXC Berndə (İsveçrə) yerləşən Ümumdünya Poçt İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət edir.

Lakin Azərbaycanda demokratik hökumətin devrilməsi, sovet hakimiyyətinin qalib gəlməsi milli dövlətçiliyin süqutu ilə nəticələnir və  radio quruculuğu istiqamətində gedən işləri də ləngitməli olur...

Ölkəmizdə ilk kütləvi radio yayımının əsası isə 1926-cı il noyabrın 6-dan başlayıb... 94 ildə Azərbaycan Radiosu böyük inkişaf yolu keçib. Dövrün səsi olub, ictimai-siyasi aləmdə yaşanan bütün hadisələri yaddaşlara həkk edib, xalqın qulaq sirdaşına çevrilib. Kütləyə, dinləyiciyə ictimai-siyasi aləmdə baş verən ən son hadisələri ötürmək, informasiya ilə təmin  etməklə bərabər, həm də milli musiqinin, ədəbiyyatın, sənətin, milli-mənəvi dəyərlərin təbliğində əvəzsiz xidmətlər göstərib. Radionun müxtəlif illərdə toplanan səs yazıları, səs yaddaşı  Azərbaycan tarixinin qiymətli sənəd arxividir, canlı xronikasıdır.

2020-ci ildə də Azərbaycan Radiosunun fəaliyyətini daha təqdirə layiq hesab etmək olar. Belə ki, müasir dövrdə radionun üzərinə  bir qədər də məsuliyyətli missiya düşdü. İlin əvvəlində ölkəmizə koronavirus xəstəliyi ayaq açdı. İnfeksiyadan qurtulmaq, xəstəliyin geniş yayılmasının qarşısını almaq, minimum itkilərlə xilas olmaq üçün əhalinin maarifləndirilməsi, kütlənin  dolğun şəkildə məlumatlandırılmasından ötrü ictimai-siyasi proqramların demək olar əksər mövzusu bu istiqamətə yönəldi. Ölkə başçısının virusla mübarizədə qabaqlayıcı tədbirlər görməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərar və tövsiyələri efirdən yüksək səviyyədə təbliğ olundu. Nəzərə alsaq ki, kollektiv əməyin təşkili zamanı tələb olunan riayətlərə əməl edilməsi, qarşılıqlı ünsiyyətin ara məsafəsi ilə tənzimlənməsi, iş yerlərində əməkdaşların tək-tək fəaliyyətinə  üstünlük verilməsi, növbəli şəraitdə minimum sayda insanların çalışması kimi hallara baxmayaraq, fasiləsiz yayımlanan efirin səs palitrasına heç bir mənfi təsirini sezdirmədi. Bütün kollektiv tələb olunan qaydalar çərçivəsində tam şəkildə səfəbər olunaraq Ana Televiziyanın yaradıcı heyəti ilə birlikdə koronavirusa qarşı mübarizədə öz həmrəylini nümayiş etdirdi. Əməkdaşlarımız xəstəliyin qorxulu olduğunu, infeksiyanın qadın, uşaq, qoca, ahıl tanımadığını var gücü ilə sübut etməyə çalışdı. Radioda canlı bağlantılar, həkimlərlə, dinləyicilərlə  telefon söhbətləri yaradıldı. Koronavirus xəstəxanaları ilə mütəmadi əlaqələr saxlanıldı, modul tipli xəstəxanalarda müaliəcə olunan yüngül xəstələrin infeksiyanı harada tutması, necə yoluxması ilə bağlı suallara cavablar alındı. Əhalinin diqqətli olması, xəstəliklə mabarizə üçün gecə-gündüz tövsiyələr verildi. Cəmiyyətimizin sağlam olması, virusdan qorunma yolları, yoluxmanın qarşısını almaq üçün əhalinin doğru-dürüst bilgilərə sahib olması üçün gərəkli olan hər nə varsa ictimaiyyətə ünvanlandı.

Bu mənada  radionun "Xəbərlər" redaksiyasının əməkdaşlarının hər saatda efirə təqdim etdikləri buraxılışları xüsusi ilə qeyd etmək lazımdır. Xəbər redaktorları tələblər əsnasında fərdi qaydada çalışaraq ən vacib olayları dinləyicilərə təqdim edərkən professional peşə vərdişi, auditoriyaya operativ ötürülməsi, dünyada,  eləcə də ölkədəki ən son hadisələrin çatdırılması üçün bütün səy və bacarığını nümayiş etdirdi.

Bəli ictimai-siyasi aləmdə baş verən hadisələrin gərginliyi, "Evdə qal" çağırışı, iş yerlərinin bağlanması, cansıxıcı situasiyalar, pessimist xəbərlər, koronadan ölüm hallarının hər gün, hər saatda artan rəqəmləri, nəticədə iqtisadiyyatın geriləməsi, maddi sıxıntılar, gəlirlərin azalması və s. müşahidələr insanlarda təbii ki, ruh düşkünlüyünə səbəb olan amillərdir. Bütün bunlar da düşünüldüyündən əhalinin ovqatını yüksəltmək yaradıcı mühitin həssas mövzulara incə yanaşmasını tələb edir. Bu mənada radioda söhbətlər təşkil olunarkən bu nüansa ciddi fikir verilir. Və musiqili verilişlər, həyatın özəl və gözəlliyi, insan ruhunu oxşaya biləcək, sanki "dünyanı gözəllik xilas edəcək" kimi məşhur ədəbi deyimə uyğun mövzuların şaxələndirilməsi, psixoloji amil hər zaman nəzərə alınır ki, təhlükəli infeksiyanın ölüm kabusu insanların şüurunu zədələyib, ruhuna hakim kəsilməsin. Bu bəladan qurtulmaq üçün insan övladı özündə güc tapsın və yaşamağın gözəl olduğunun fərqinə varsın, düzgün  çıxış yolu üçün ayıq-sayıq olsun, qarşılıqlı ünsiyyət zamanı tələb olunan qaydalara ciddi riayət etməklə həm özünü, ailəsini, həm də ətrafdakıları, bütün cəmiyyəti qorumuş olsun. Əsas mahiyyətini anlasın ki, koronadan qorunmaq vətəndaşlıq mövqeyi nümayiş etdirmək deməkdir.

İlin əvəvlində koronaya qalib gəlməyi düşünürdüksə, ilin sonuna yaxın, sentyabrın ayının 27-dən isə Vətən müharibəsində illərlə gözlədiyimiz həsrətə son qoymaq amalı ilə arxa cəbhədə, informasiya müharibəsində döyüşmək, zəfər çalmaq əzmi ilə mübarizəyə başladıq. Qızıl hərflərlə, öz qanları, canları ilə tarix yazan oğullarımızın qəhrəmanlıqlarından öyünə-öyünə sevincli xəbərləri auditoriyaya çatdırmaqdan qürur duyduq. Ali Baş Komandanın xalqın ürəyindən xəbər verən tarixi çıxışları, müzəffər, rəşadətli ordumuzun addım-addım irəliləməsi və əldə olunan zəfərin, uğurlu xəbərin anındaca efirdən səsləndiriməsi, bunlardan da gözəl hansı hisslər ola bilər ki? 

2020-ci il Azərbaycan Radiosunun kollektivi hər iki cəbhədə əzmlə çalışdı. Əsrin ən dəhşətli xəstəliyi olan koronavirusa və dünyanın ən riyakar, təhlükəli milləti sayılan, çörəyi dizinin üstündə olan ermənilərə qarşı mübarizədə milli birlik nümayiş olundu. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli addımı millətin qürurunu özünə qaytardı. Bu gün  Ulu öndər Heydər Əliyevin müstəqil ölkəmizi, millətimizi əmanət etdiyi layiqli varisi, onun siyasi məktəbinin yetirməsi, böyük siyasi xadim İlham Əliyevin qazandığı siyasi uğurları ilə müasir Azərbaycanın şanlı tarixi yazılır.  Ermənilər yurdumuzdan qovulur. Vətən müharibəsində böyük qələbəmizə sayılı günlər qalıb.

Düşmənlə mübarizədə qardaş Türkiyənin mənəvi dəstəyi bizə, əsgərimizə haqq mübarizəmizdə daha da güc verir.

Bu ilin fevral ayında Bakıda Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio və Televiziya Qurumu arasında əməkdaşlığa dair yeni protokol imzalandı.  "Azərbaycan Radiosu" ilə "Türkiyənin səsi" radiosu ortaq yayımlara başladı. "Durna teli" proqramı iki qardaş ölkənin səsini birləşdirdi, ortaq dəyərləri, dili və düşüncə birliyini gücləndirdi. İki ölkə haqqında doğru və müntəzəm xəbərlər paylaşmaq, dil və düşüncə birliyini artırmaq məqsədi ilə yayımlanan "Durna teli" proqramı hər həftənin cümə günü Bakı vaxtı ilə 12:00-da yayımlanır.

Bu gün Azərbaycan Radiosunda da vətənpərvərlik əhval-ruhiyyəsi yaşanır. Yüzlərlə hərbi vətənpərvərlik marşları səslənir və başdan-başa qələbəyə köklənən radiodan eşidilən hər səsdən sevinc yaşantısı duyulur. İşğaldan azad edilmiş yurd yerlərimiz haqqında geniş məlumatlar Azərbaycan Radiosunun səs palitrasına daha gözəl rənglər bəxş edir...

100 il əvvəl  Eyfel qülləsindən vurulan o teleqram bugünkü gündə yaddaşlarımızı silkələyir, ruhlar oyanıb Azərbaycanımızın səmasında dolaşır. Şəhidlərimizin ruhları şad olur, canını elinə, obasına fəda edən oğulların məzarı nura boyanır...

94 yaşında yenə "Danışır Bakı", özü də bu dəfə daha rəvan dillə,  xalqın ürəyindən xəbər verən xoş xəbərlərlə elobanı sevindirir.

- Bir sözlə, bayramın bayramlara qarışdığı bir vaxtda, böyük qələbənin astanasında fürsətdən istifadə edib, bütün radio işçilərini, efir dostlarımızı, milyonlarla dinləyicilərimizi, yaxından-uzaqdan bizə qulaq asan hər bir azərbaycanlını 6 noyabr - Radio günü münasibəti ilə təbrik edirəm.  "Biz birlikdə güclüyük" və hər zaman da güclü həmrəy olaq ki, qoy həmişə efirimiz Azərbaycanımızın uğurlarından danışsın.

Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun redaktoru