“Boşqab daşıyırdım, operatorlara kömək edirdim...” - Jurnalistlə MÜSAHİBƏ

“Boşqab daşıyırdım, operatorlara kömək edirdim...” - Jurnalistlə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi sevilən aparıcı Kamran Yaradanquliyevdir. Müsahibimizlə karyerasının başlanğıcından bu günə qədər yaşadığı çətinliklər, qazandığı uğurlar və jurnalistikadakı mövqeyindən danışdıq.

Kamran bəy, mediaya gəlişinizdən başlayaq. Niyə məhz bu sahəni seçdiniz?

- 1-ci kursda oxuyanda televiziyaya həvəsim yox idi. Nitqim çox pis idi, danışdığımı heç özüm başa düşmürdüm. Hazırda paralel olaraq səhər verilişi apardığımız Azər Süleymanlı estrada rejissorluğunun 4-cü kursunda oxuyurdu. Təbii ki, onu "Space" televiziyasında yayımlanan "MSM Karaoke" verilişindən tanıyırdım. Onunla dostlaşdım, indi də mənim böyük qardaşımdır. O, nitqimin formalaşmağı üçün mənə Mixail Şoloxovun kitabını verdi.  Bundan əlavə, İncəsənət Universitetində "Lider" televiziyasının çəkilişi var idi. Şəhriyar Əbilov və Zaur Mirzəzadə rəhbərlik edirdi. Xahiş etdim ki, asistent olaraq, ödənişsiz şəkildə işi öyrənim. Beləliklə, fəaliyyətə başladım. Bir neçə aydan sonra "İTV"də təcrübə üçün maaş almadan işləməyimə razılıq verildi. Rəhbərlik məndən hansı vəzifədə çalışmaq istədiyimi soruşanda rejissorluq üzrə təhsil aldığım üçün "rejissor-aparıcı" demişdim. Aparıcı olmaq üçün özümə güvənim yox idi.

Fəaliyyətinizin ilk ayını necə xatırlayırsınız?
 

- Məni Musiqili Departamentdə asistent kimi yönləndirdilər. Yayın qızmar vaxtında bir ay gəlib-getmişdim. Son bir həftə nə etdimsə, həyatımda dönüş nöqtəsi onda oldu. "İTV"nin ad günü üçün böyük hazırlıq gedirdi. Mən 3 gün evə getməmişdim. Mənim arxam, dayağım yox idi. Bəziləri nazirin qardaşı və ya bacısı oğlu olduğumu deyirdilər. Gülərək ürəyimdə "kaş olardım" deyirdim... Ad gününə bir neçə gün qalmış, boşqab daşıyırdım, operatorlara kömək edirdim, adı asistent idi, fəhlə əziyyəti çəkirdim. Həmin tədbirdən sonra çalışan 40-50 nəfərə əlavə qonorar verilmişdi. Bizə də qonarar verilmə təklifini əziz dostum, aparıcı Leyla Quliyeva irəli sürmüşdü. İlk maaşım 34 manat olmuşdu. Mənim kimi orada təcrübəyə gələn uşaqlar var idi. Çalışırdım ki, onlardan tez kaset gətirim, daha yararlı olum. Məndə həmişə sağlam rəqabətə meyillilik olub. Amma dost idim, onlara da yardım edirdim. Getdikcə qonorarım da artırdı. Mən rəhbərliklə artıq səlis danışırdım. Mənə bir rubrika verdilər. Paytaxt sakinlərilə həftədə bir dəfə sorğu keçirirdim. Həftədə 30 saniyə efirdə olurdum, bir salamlaşma idi, bir sağollaşma. Bu bir il belə davam etmişdi. 

Bəs karyeranızda dönüş nöqtəsi hansı hadisə oldu?
 

- "Avroviziya" seçim turlarında yenə asistent olmuşdum. Rejissora kömək edirdim, günlərlə evə getmirdim."Avroviziya" seçim turlarının ilk televiziya açılış yayımı başlayanda Eldarla Nigarın qalib olduğu il studiya sıfırdan tikilmişdi. Rəhbərlik məni dəvət etdi, iştirakçıların olduğu gözləmə otağında olacaq aparıcıların siyahısına yazdı. Mən seçildim. Beləliklə, "İTV"də reytinqli verilişlər apardım. "Avroviziya" ilə bağlı İsveçdə, Danimarkada, Avstriyada, Vyanada şərhçi oldum. Bunun üçün 1 il dayanmadan ingilis dili öyrəndim. Rəhbərlik dedi ki, yaxşı başlamısan, şərhçi ol. Daha sonra isə ulu öndər Heydər Əliyevin doğum günlərini canlı yayımda aparan tək aparıcı olmağım karyeramda qızıl hərflərlə yazılacaq böyük şərəf idi.

Multikulturalizm çərçivəsində bütün Azərbaycanı qarış-qarış gəzmişəm. Mən əvvəllər universitetdə oxuduğum üçün ştatdan kənar idim. Sonradan ştata keçəndə məni "Yeni gün" səhər proqramına yönləndirdilər. Orada aparıcılıq etmək də böyük məktəb idi. "İTV"də xəbərlərdən başqa çox veriliş aparmışdım. Bu yaxınlarda CV-mi tərtib edəndə gördüm ki, çox işlər görmüşəm.

Necə oldu ki, İTV-dən ayrıldınız?
 

- Çox təəssüf ki, o vaxtlar kanalda effektivlik yox idi. Bəlkə də o işləri "ATV"də etsəydim daha effektiv olardı. Bir müddət sonra mən "İTV"dən ayrılmaq qərarı aldım. Kanaldan ayrılmadan öncə 3 ay ərzində dostlarıma deyirdim ki, mən çıxacam işdən, deyəcəklər ki, Kamranı biz işdən çıxartdıq. Elə də oldu.
3 ay bir gün belə işə getmədim. O zaman "AYMEDİA Production" verilişimizi qururduq. Onsuz da veriliş də yox idi. Deyəndə verilişi çəkək, mənə bildirirdilər ki, işıq pulu yazır, verilişi çəkmirik və s. Belə problemlər var idi. Gördüm ki, artıq növbəti addım atacağım məqam yoxdur və mən ayrıldım. Sonra gecə-gündüz layihə üzərində çalışdım. Bir müddət sonra Bakı Biznes Universitetində 22 ay Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra etdim və daha sonra "ATV"də səhər verilişinin aparıcısı olmaq imkanı yarandı.

Yeni mühitdəsiniz, yeni layihələr, fərqli kollektiv. Hazırkı işiniz sizi qane edirmi?

- Hazırda "ATV Səhər"dəyəm və çox xoşbəxtəm. Burada teleməkanda arzulanan dostluq var. Baxmayaraq ki, yetərli sayda heyətimiz var. Çox işlər görürük. Hər gün 2 saat canlı yayımda olmaq çox qəliz məsələdir. Bir var müğənni gəlir, 3-4 mahnı oxuyub gedir. Bizdə müğənnilər cəmi 20 dəqiqə ifa edirlər. "ATV" rəhbərliyi çox gözəl şərait yaradıb. Bu dəqiqə çoxunun arzusudur ki, burada işləsin. Nə yalan deyim, mənim də arzum olub. Dostluq, birlik var, ən əsası da koronavirus dövründə bunu daha yaxşı gördük. İş çoxalsa da, gücümüz azalmadı. Hətta biz aparıcılar efirdən çıxırıq, digər aparıcılara lazım olan süjetlər çəkirik, hazırlayırıq ki, efirimiz daha zəngin olsun. Çünki digər həmkarlarımız başqa məsələlərlə məşğuldur. Məncə, televiziyanın gözəlliyi də bundadır.

 


 

İlk fəaliyyətinizə "İTV" ilə başlasanız da, 2017-ci ilin iyulunda yollarınızı ayırdınız. Bir müddət sizi efirlərdə görmədik. Bunun səbəbi nə idi? 

- Nəinki efirdə, eyni zamanda "İnstagram"ı da bağlamışdım. Çoxları elə bildi ki, mən ölkədən qaçmışam, köçmüşəm, hətta mənim rəhmətə getdiyimi düşünənlər belə var idi. Bizim "İTV"də uşaq verilişi aparan Kamran adlı aparıcı var idi. Çox gözəl insan idi. Məkanı cənnət olsun. Ailəsinə isə səbr arzulayıram. Çoxu rəhmətə gedən aparıcının mən olduğunu düşünmüşdü. Könül Xasıyevanın konsertinin səhnə arxasında, tədbirlərdə məni görənlər şok olurdu. Başım "AYMEDİA Production" işlərinə qarışmışdı. Orada həm TV layihələri, həm də tədbirlər təşkil edirdik. Sonradan tənzimlədim və düşündüm ki, artıq televiziyaya qayıtmaq zamanı gəldi. Düzdü, zamanında çox insandan kələk yedim, çox insana görə maddi və mənəvi ziyanlar yaşadım. Çox şükür indi hər şey qaydasındadır. Həm də kanalda özümü çox yaxşı hiss edirəm. İdeal sözü həyatda yoxdur, amma ideal sözü "ATV"də var. Çox gözəl bir mühit var. Allah bunu bizə çox görməsin. Dalaşırıq, barışıq, amma bütün bunlar çox fərqli olur. Çünki bir-birimizin yaxşılığını istəyirik. Bu məsələlər işlə bağlı olur və iş yerində də qalır. Daha sonra bir-birimizə can deyib, can eşidirik . Bir yerdə oturub çörək yeyirik, işimizi görürük. Hamı evindən bir parça çörək gətirsə belə onu bölüşür. Bundan gözəl nə ola bilər?!


Bir müddət efirdən uzaqlaşıb yenidən qayıtmaq sizə çətinlik yaratmadı?
 

- Fərqli kollektivə qatılmaq hər zaman vaxt alır. Mənim həmişə səmimi olmağım mənə zərər gətirib. Mən çox dostcanlıyam, deyib-gülməyi çox sevirəm. Sonra gördüm ki, qarşı tərəf bundan fərqli istifadə edir. Ona görə söz verdim ki, "ATV"də çalışdığım müddətdə heç kimlə zarafat etməyəcəm, münasibəti hamı ilə sərhəddə saxlayacam. Bu sərhədi saxlamağa ehtiyac olmadı. Çünki kollektivimizdə daxili çirkli, fəsadlı insanlar yox idi. Sağ olsunlar, kollektiv məni tez qəbul elədi. Düşünürəm ki, kollektiv məni, mən də kollektivi çox sevirəm. Bizim rəhbərlikdə çalışanlar çox təvəzökar insanlardır. "ATV"də çox güclü nizam-intizam var. Pandemiya dövründə də bütün qaydalara ciddi şəkildə əməl olunur.

 

"ATV Səhər" proqramının aparıcısısınız. Nəzər salsaq görərik ki, bütün səhər proqramları eyni formatda izləyicilərə təqdim edilir. "ATV Səhər" proqramının tamaşaçıları yaxın zamanda hansısa yeniliklərlə qarşılacaqmı?

- Səhər tamaşaçısı qaçan olur. Kimi dərsə gedir, kimi işə gedir. Ona görə də məlumatı maksimum izləyicilərin marağına uyğun çatdırmalısan. Niyə görə bürclər axşam yox, səhər verilir? Ona görə ki, camaat günə başlayır. Günə başlayarkən özümüzü tamaşaçıların yerinə qoyuruq ki, mən nə eşitmək istəyərəm. Bizim çox aktiv "İnstagram" səhifəmiz var, tamaşaçı ilə daim ünsiyyətdə oluruq .Səhər tamaşaçılarının ümumi sayını bilirik. Bunu çox yaxşı bilirik ki, 10 milyon insanın hamsı "ATV Səhər" proqramına baxmır. Bizim tamaşaçılarımız bizi tanıyır, izləyib və izləyir. Ən azı müsabiqələr elan edirik, yarışmalar, qaliblər və.s.

Bir neçə gün əvvəl qonağınız psixoterapevt Kənan Rəhimov ilə dostluq mövzusunu müzakirə edirdiniz. Sizə görə əsl dostluq necə olmalıdır?

- Verilişdə Kənan müəllim ilə fikir ayrılığı yaşadıq. Mənim fikrimcə, əsl dostu təkcə dar gündə deyil, yaxşı gündə tanıyırlar. Şəxsi həyatda mən evləndim, ad günüm oldu hər kəs təbrik edəcək. Ancaq bir uğur qazanım, pul qazanım, maşın aldım, ev aldım, vəzifə qazandım onda özün qədər heç kim sevinməyəcək. Özümə uğurlarıma sevinən dostlar arzulayıram. 
 

Sosial şəbəkələrin aktiv istifadəçilərindənsiniz. Hazırda Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sizi narahat edən tərəfləri hansılardır?

- Sosial şəbəkələrdən istifadə etmirdim, amma artıq aktiv istifadəçiyəm. Sosial şəbəkənin yorucu və maraqlı olan tərəflərini çox yaxşı görürəm. Mən, dostlarım və mənim komandam sosial şəbəkəni araşdırmağı çox yaxşı bacarırıq. Mənim aktivliyim 5, 6 ay öncə başlayıb. Bəzi məşhurlarımızın izləyicisi çox olmasına baxmayaraq, şəkillərinə "like" az gəlir. Onlar təkidlə başımı aldatdılar ki, "panel vur." Etdim, 30 minə qaldırdıq. Ancaq, heç bir effekti olmadı. Hamıya deyirəm, bunu edənlərin hamsı fırıldaqçıdılar. 13 minlik "İnstagram" səhifəm 500 min, 1 milyon olan səhifələrdən qat-qat artıq rəy aldı. Müştərilərin mənimlə işləməsinin səbəbi izləyicilərimin real olmasıdır. Reklam etdiyim məhsula mütləq baxıram, araşdırıram. Pis bir şey olsa, mənim adıma ziyan olduğu üçün qəbul etmirəm. Əvvəllər baxırdım ki, pis olan videoya yaxşı rəy, yaxşı olan videoya pis rəy gəlirdi. Artıq bu məni düşündürmür, çünki kütlənin nəyə marağı varsa onu da izləyir. Mən bəziləri kimi bir qarın çörəyə görə, yalançı reklamlar etmirəm. Yeni başlayanların da yanındayam, amma əsas odur ki, komanda, marka inkişafa meyilli olsun.

Ən bahalı reklamınızdan nə qədər gəlir qazanmısınız?

- Ən bahalı reklamı 7 min manata etmişəm.

"Avroviziya" milli seçim turlarında aparıcı kimi çıxış etmisiniz. Bu ərəfədə baş verən, indiyə qədər açıqlamadığınız, amma oxucularımızla bölüşmək istədiyiniz maraqlı xatirlərinizi bölüşməyinizi istərdik.

- Seçim turu ilə bağlı danışa biləcəyim çox şey var, amma danışmaq istədiyim heç bir şey yoxdur. Çünki keçmişdə qalıb, mən isə gələcəyə baxmağı sevirəm. Orada baş verənlərin heç birinin mənə aidiyyatı yoxdur. Mən isə özümə aid olan mövzulara toxunmaq istəyirəm.

Gənc jurnalistlərə nə məsləhət görürsünüz?

- Gənc jurnalistlər bilməlidirlər ki, jurnalistika bu günün, dünənin, son 5-10 ilin məhsulu deyil. Jurnalistikanın dərin kökləri və sütunu var. Onları mütləq mənimsəyə bilsələr daha uğurlu, güclü olacaqlar. Jurnalist başlığı elə yazmalıdır ki, oxucu xəbəri sona qədər oxusun. Söyülənlərdən deyil, sevilənlərdən olmağı arzulayıram.

Son olaraq oxuculara nə demək istərdiniz?

- Oxuculara sonda demək istərdim ki, çalışın özünüzə inanın. Hər şey inamdan başlayır.

Kamran bəy, müsahibəyə görə çox sağ olun. Təşəkkür edirəm. Sizinlə həmsöhbət olmaq çox xoş idi.

- Çox sağ olun, Allah razı olsun. Çox vaxt maraqlı müsahib deyiləm, çünki aləmi bir-birinə vuracaq sözlər demirəm. Ancaq düşünürəm ki, ağıllı tamaşaçı və ağıllı jurnalist mənim müsahibəmdən həmişə qane olur.