Bizim nəyimiz var ki? Bir qələmimiz, bir də…

Bizim nəyimiz var ki? Bir qələmimiz, bir də…

Seçdiyim, addımladığıım və yəqin, daha heç vaxt dəyişmək barədə düşünməyəcəyim bu yolun-jurnalistikanın necə çətin, enişli-yoxuşlu, dolanbaclı olduğunu son aylar daha yaxşı anlamışam. Fevral ayından etibarən başlayan, aylardır tüğyan edən və çoxunun qorxulu yuxusuna çevrilən yeni növ koronavirus olan COVİD-19 bizi də az yormur. Fədəkar polislərimiz, qayğıkeş həkimlərimiztək ön cəbhədə vuruşuruq. Bəzən ağır, bəzən də nisbətən sevindirici xəbərlər veririk. Birincini hər  nə qədər arzulamasaq da, başqa yolumuzun olmadığını bilir, ikincidə isə Allaha şükür edib sevinirik. Çünki tirajladığımız xəbərlər çox geniş bir auditoriyaya-minlərlə insana çatır. Ötürdüyümüz hər bir informasiya ictimai şüuru formalaşdırır. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizədə ictimai rəyin yaradılmasında medianın böyük rolu olur. Xəbərdaredici sərlövhələr, SOS xarakterli mətnlər, mütəxəssis rəyləri, həkim, psixoloq tövsiyələri lazımi effekti verir. Həmin yazıları oxuyanların heç biri üzlərini belə, görmədikləri müəlliflərin nə qədər yorulduqlarını, hansı hissləri keçirdiklərini təsəvvür edə bilməzlər. Halbuki jurnalistlər psixologiyalarının pozulmalarına, informasiya təzyiqi altında “boğulmalarına”, hətta gecə yatanda da koronavirusla bağlı yuxular görmələrinə rəğmən xəbər təminatında heç bir gecikmənin və boşluğun yaranmamasına çalışırlar.

 Hamımızı narahat edən, təşvişə salan Tovuz döyüşləri zamanı da analoji məqamlarla, çətinliklərlə üzləşdik. Bir də baxdıq ki, informasiya müharibəsinin içindəyiik, biz də döyüşürük. Ordumuzun düşməni layiqincə susdurmasını həvəslə işıqlandırmaqla bərabər, təəssüf ki, şəhid xəbərləri də alırıq. Və peşəmizin tələb etdiyi operativlik naminə həmin xəbərləri düz-əməlli “həzm etmədən”, heç gözümüzün yaşı qurumadan ictimaiyyətə ötürəsi oluruq. Lakin jurnalistikanın digər prinsiplərindən birini-obyektivliyi də unutmuruq. Rəsmi xəbərlərə istinad edirik, şayiələrə bənd olmuruq. Beləliklə, həm də düşmənin kiberməkandakı hücumlarının, dezinformasiyaların qarşısını alırıq, insanlarımızın demorilizə olunmasına imkan vermirik, ruh yüksəkliyini bacardığımız qədər saxlamağa çalışırıq. 

 Əlbəttə, heç kimə minnətimiz yoxdur. Bu, bizim işimiz, “Cəmiyyətin güzgüsü” olmağın məsuliyyəti, “IV hakimiyyət” statusunun çətinlikləridir. Bəzən sevilməsək də, ittiham olunsaq da, təsəllini “Dost acı söylər”, ya da “Doğru söyləyəni doqquz kənddən” qovarlar kimi misallarda axtarsaq da, qələmimizi heç vaxt əlimizdən yerə qoymuruq, qoymarıq. Necə ki, ictimai nəqliyyatın məhdudlaşdırıldığı, Bakı metropoliteninin fəaliyyətinin dayandırıldığı, bir çox iş yerlərinin müvəqqəti qapadıldığı bir zamanda biz hər cür riski, hətta ölüm qorxusunu gözə alaraq iş başında oluruq, redaksiyaya vaxtında çatmaq üçün avtobusla saatlarla yol gedir, arzuolunmaz şəraitə dözürük. Çünki vaxt dayanmır, bizi gözləmir. Məlum olduğu kimi, hər dəqiqənin isə öz hökm var və hər hökm özü ilə birlikdə yüzlərlə informasiya gətirir. 

 Mətbuatın sadəcə elementar nüanslarını bilənlər, əslində isə heç bir professional kriteriyadan xəbəri olmayanlar bəzi hallarda peşə funksiyalarını nəzərdə tutaraq jurnalistləri ittiham edirlər: “Onlar yalnız əyləndirməklə məşğuldurlar. Bilgiləndirməklə, maarifləndirməni isə unudublar...”. Olmaz. Belə demək olmaz. Ağı qaradan, yaxşını pisdən, həqiqəti saxtadan, peşəkarı həvəskardan ayırmağı bacarmaq lazımdır. Mətbuatın cəmiyyətin onurğa sütunu olduğunu unutmamalıyıq. Bu yerdə insanın ağlına Məhəmməd Əmin Rəsulzadənin 1911-ci ildə “İrani-nov” qəzetində dərc etdirdiyi “Mətbuat azadlığı” məqaləsindəki qeydlər düşür: “O millət və o cəmiyyət azad və xoşbəxtdir ki, onun mətbuatı azad və xoşbəxt olsun”. Göründüyü kimi, media cəmiyyətin “barometridir”. 

 Düzdür, bütün dünya ölkələrində jurnalistlərə münasibət elə də isti deyil. Amma jurnalistin nəyi var ki? Bəlkə də, ən fədakar insanlarıq. Böyük-böyük materiallar hazırlayır, onlarca insanın adını “yağlı” yerlərdə çəkir, öz imzamızı isə həmişə ən sonda yazırıq. Bizim bir əksər hallarda çox iti ola biləcək qələmimiz, bir də auditoriyamız, oxucularımız var. Hə, bir də günümüz-22 iyulumuz. Hərçənd ki, biz yenə işdə olacaq, bir-birimizi dilucu təbrik etməklə kifayətlənəcək, informasiya təminatını həyata keçirəcəyik-həmişəki obyektivliyimiz, vicdanlılığımız, tərəfsizliyimiz və operativliyimizlə. 
 Milli mətbuat günü münasibətilə bütün müəllimlərimi, seçdiyim yolda bəzən mayak rolunu oynayan media kapitanlarını və həmkarları təbrik edirəm.