“Bizim məktəbləri, universitetləri bağlı saxlamaq kimi bir seçimimiz yoxdur”- Kamran Əsədov

“Bizim məktəbləri, universitetləri bağlı saxlamaq kimi bir seçimimiz yoxdur”-  Kamran Əsədov

Artıq bir ildən çoxdur ki, tələbələr distant təhsil alırlar. Bu da təbii ki, təhsilin keyfiyyətini daha da aşağı salır. Son günlərdə gündəmi zəbt edən bir sual var. Növbəti təhsil ilində dərslər ənənəvi formada keçiriləcəkmi?

Bu və digər təhsillə bağlı aktual məsələlər haqqında təhsil eksperti Kamran Əsədov 24media- ya danışıb.

Operativ Qərərgahın verdiyi son qərarlardan biri də, tələbələrin vaksinasiya prosesindən keçməsinin bir növ məcburi hala gətirilməsi oldu. Bu da tələbələrdə dərslərin ənənəvi formaya qayıdacağı ümidini daha da artırdı. Necə düşünürsüz, ümidlənməyə dəyər?

İlk növbədə qeyd edim ki, Azərbaycan təhsil sistemi 2020-ci ilin mart ayından pandemiya səbəbindən ənənəvi təhsildən distant təhsilə keçdi. Bu zəruri idi. Ona görə ki, biz pandemiya dövründə davranış qaydalarını bilmirdik, təhsil öz ətrafında 2 milyon nəfərdən çox insanı birləşdirir. Konkret rəqəmlərə baxsaq, bu gün ölkənin 4447 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. 51 ali təhsil müəssisəmizdə 182 min tələbəmiz var. Orta məktəblərdə 150 min müəllim, ali məktəblərdə 40 minə yaxın müəllim və texniki heyət çalışır. Və nəticədə bu rəqəmlər 2 milyon nəfər deməkdir. Tədris prosesinin fəaliyyətinə icazə verilməsi 2 milyon insanın hərəkət eləyəməsi deməkdir. Bu da ciddi bir rəqəmdir. Yəni, 2 milyon insan eyni vaxtda hərəkət edirsə, yoluxma sayı kəskin şəkildə arta bilərdi və xaotik bir vəziyyət yarana bilərdi. Orta məktəblərdə “virtual məktəb”dən, “Teams” proqramından ali məktəblərdə istifadə olundu. Keyfiyyətli idimi? Birmənalı şəkildə “hə” deyə bilmirik. Çünki, istər orta məktəblərdə, istər ali məktəblərdə təhsil alanlar arasında cihazlar hamıda yoxdur. Yəni, kompüter, telefon, planşet, bunlar olsa belə internetə çıxış, hətta bunlar olanda belə müəyyən texniki və təbiət fənnləri var ki, oların tədrisində ciddi problem yaranır. Məsələn, siz distant təhsillə, onlayn dərs zamanı riyaziyyatı, fizikanı, kimyanı labaratoriya dərslərini keyfiyyətli keçə bilmirsiniz. Və ona görə dərslər açılmalı idi. Açıldı. Biz keçmişə baxırıq, xronoloji olaraq, 2020-ci ilin sentyabrın 15 də orta məktəblərdə tədris bərpa edildi. Sonradan, düzdür, həm müharibə həm də pandemiyada yoluxma sayı çoxaldı deyə, dayandırıldı. Təkrar 2021-ci ilin fevralın 1-də açıldı, hətta universitetlərdə tibb ixtisaslarında da dərslər açıldı, eyni zamanda bir sıra mühəndislik ixtisaslarında, labaratoriya tələb edən ixtisaslarda  da dərslər ənənəvi formaya bərpa edildi. Daha sonra yenidən dərslər dayandı. Bir il 6 aya yaxın tədris prosesi daha çox onlayn qaydada tətbiq edildi və bu keyfiyyətə ciddi şəkildə mənfi təsir göstərdi. Qarşıda bir ay sonra yeni tədris ilinin başlaması gəlir. Biz bilirik ki, ölkədə, 2021-ci ilin mayın 10-dan etibarən yaşı 18-dən yuxarı olan hamı, vaksinasiya olunur. Bu könüllüdür. Lakin, 1 sentyabrdan sonra bu müəyyən qədər məcburi xarakter daşıyacaq. Bu nə deməkdir? Artıq biz danışa bilərik ki, tədris prosesi 2021-ci ilin sentyabr ayında açılacaq, biz buna  inanırıq. Hətta Azərbaycanda tədris prosesi sentyabrın 15-də yox, sentyabrın 1-i də başlaya bilər. Çünki, burada əsas məqsəd 1 il 6 ay ərsində keçirilməyən mövzuların və yaxud da zəif keçirilən mövzuların tədris keyfiyyətinin artırılması, təkrarlanmasıdır. Və qeyd etdiyim kimi,  istər 2020-ci ilin sentyabrında, istər 2021-ci ilin fevralında dərslər açılanda orta məktəblərdə 10-11-ci siniflər məktəblərə getmirdi, tələbələr getmirdi. İndi isə hamı gedəcək. Amma bir maraqlı məqamı qeyd edim ki, niyə dərslərin açılacağını əminliklə deyə bilərik. Birincisi, 2020-ci ilin sentyabrında, 2021-ci ilin fevralın 1-də dərslər açılanda, insanlar vaksinasiya olunmamışdır. Bu gün isə, 5 milyon nəfərdən çox şəxs vaksinasiya olunub. Bu ciddi rəqəmdir. Orta məktəblərdə işləyənlərin 80 faizi vaksinasiya olunub. Ali məktəblərdə bu rəqəm 90 faizdir. Artıq tələbələr də vaksinasiya olunur. Yəni, orta məktəblərdə tədris tam bərpa olunacaq. Nəyə görə? 2021-ci ilin iyun ayının 16-dan 30-a qədər yay məktəbləri təşkil edildi. Şagirdlər həftənin 5 günü məktəbə getdilər. Heç bir bölgü olmadı. Deməli, biz məktəblərdə 5  günlük, 6 günlük dərsi bərpa edəcəyik. Bizim məktəbləri, universitetləri bağlı saxlamaq kimi bir seçimimiz yoxdur. Çünki biz bu müddət ərzində çox böyük itkiyə məruz qaldıq. Orta və ali məktəblərdə, tələbə və şagirdlərimiz zəruri bilgiləri mənimsəməkdə çox ciddi əziyyət çəkdilər. Əlbəttə, tələbələrin sağlamlığı bizim üçün ciddi məsələdir. Lakin, etiraf etməliyik ki, tədris prosesinin təşkilindəki çətinliklər, bizim tələbələrimizə çox böyük problem yaratdı.

Yaşı 18 olmayan birinci kurs tələbləri də əyani formada dərsə başlayacaqlar?

Bəli, onlar da tədris prosesində iştirak edəcəklər. Yəni, yaşı 18 olmayanlar, tədris prosesində iştirak etmək üçün vaksin olunmayacaqlar. Çünki Operativ Qərargahın qərarına əsasən, yalnız yaşı 18-dən yuxarı olanlar vaksin olunmalıdırlar.

Əgər tədris ənənəvi formaya bərpa olunsa, yəqin ki bu da müəyyən məhdudiyyətlərlə olacaq. Sizcə, tədris həftənin günlərindən asılı olaraq, əyani və distant formada keçiriləcək?

Ali məktəblərlə bağlı vəziyyət belədir ki, yaşı 17 olanlar, yəni birinci kurslar, birinci növbədə tədrisdə iştirak edəcəklər. Çünki onların yaşı 18 yaş deyil, vaksinasiya prosesindən keçməyiblər. Digər kurslar 2-ci növbədə dərsə gələcəklər. Bu mütləqdir. Yenə deyirəm, siz eyni auditoriyada və ya eyni bina altında 17 və 18 yaşlı şəxsə dərsi tədris edə bilməzsiniz. Biri vaksin olunub, digəri olunmayıb. Biri digərinə potensial yoluxdurucu, daşıyıcı və ötürücü kimi təsir göstərə bilər. Ona görə, cari ilin məzunları tədris prosesində günün birinci yarısı iştirak edəcəklər, 4-cü kurslar, onsuzda diplom işinə, praktikaya gedirlər. 2-ci 3-cü kurslarla isə dərsləri ikinci növbədə təşkil etmək olar. Təbii ki, hamısı vaksin olunacaqlarsa onlar iştirak edəcəklər. Və mən düşünürəm ki, biz daha hibrit formada, yəni 1-3-5, 2-4-6 prinsipi ilə hərəkət etməməliyik, dərslər tam bərpa olunmalıdır və olunacaq. Yaşı 18 olmayanlar birinci növbə, yaşı 18 olan və vaksin olanlar isə günün ikinci yarısında, ikinci növbədə dərslərdə iştirak edəcəklər. Ona görə də, mən hesab edirəm ki, həftənin bütün günləri dərslər təşkil edilməlidir, bunun başqa variantı yoxdur. Yəni, həftənin 5 günü dərslər keçirilməlidir.

Sizcə, pandemiya dövrü başlayandan sonrakı bir neçə ay ərzində keçirilməyən dərslər, daha sonra isə hələ yeni başlayan distant formada keçirilən dərslərin bərpası üçün nə qədər zaman lazım olacaq ?

Əslində, bizim 1 il 6 ay ərzində itirdiyimiz vaxt, verilməyən biliklər, 2023-cü ildən etibarən əmək bazarına çox ciddi mənfi təsirini göstərəcək. Biz bununla bağlı təklif etmişdik ki, həftənin 5 günü dərs olacaqsa, 3 gün cari ilin dərsləri, 2 gün əvəlki ilin dərsləri keçirilsin. Bunun başqa variantı yoxdur. Tələbələrə bir il əvvəl keçilməli olub ama keçirilməyən dərslər mütləq keçirilməlidir. Bu xüsusən də ixtisas fənnlərinə aiddir. Biz deyirik ki, dərslər 5 gün olaraq bərpa edilsin, 3 gün öz dərslərini keçsinlər, 2 gün isə əvvəlki dərsləri. Bu bütün semestrə aiddir. Biz bunu etməliyik. Ya da, bizim digər təklifimiz də bununla bağlı idi ki, şənbə bazar günləri dərslər keçilsin. Amma bu, özünü doğrultmayacaq. Tələbələr, fiziki olaraq bunu götürə bilməzlər. Məsələ odur ki, keçirilməyən dərslərin üstündən keçsək, gələcəkdə bu kadrlar əmək bazarında bizə ciddi nöqsan yaradacaqlar. Ona görə də, mütləq keçirilməyən dərslər əvəz edilməli və tələbələrin imtahan vermələrinə baxmayaraq, yoxlanılmalıdır.

Sizcə, bir il müddətində keçirilən distant təhsilin mənfi təsirləri, əyani təhsildə özünü nə dərəcədə göstərə bilər?

Bununla bağlı bizim araşdırma və təhlillərimiz var idi. Birinci biz distant təhsildən ənənəvi təhsilə qayıdanda, tələbələr, xüsusən pandemiya dövründə 1-ci və 2-ci kursda oxuyan tələbələr, demək olar ki 2 ildir dərsi onlayn keçirlər. Onlar adaptasiyada ciddi problem yaşayacaqlar. Çünki asan idi. Onların normal rejimi pozulacaq. Onlara adaptasiya üçün ən az 1 il vaxt lazım olacaq. Bəziləri deyir ki, dərslərin ənənəvi və ya distant formada olması ilə bağlı bizə könüllülük verilsin. Belə bir şey olmaz. Mütləq şəkildə, qəti olmalıdır ki, biz tədris prosesinə başlayırıq, hamı tədris prosesində iştirak etməlidir. Bunun alternativi o zaman olar ki, hamıda güclü elektron xidmətlər olsun. Lakin onda da keyfiyyət olmayacaq. Yəni, keyfiyyət istəyiriksə, hamı, birmənalı şəkildə tədris prosesində iştirak etməlidir.