“Bizim informasiya siyasətimiz tam hücum üzərində qurulmalı, yalanlar ifşa edilməlidir” - Media eksperti

“Bizim informasiya siyasətimiz tam hücum üzərində qurulmalı, yalanlar ifşa edilməlidir” - Media eksperti

Artıq əksər dövlətlər ənənəvi müharibədən çox informasiya müharibəsinə üstünlük verirlər. Belə ki, son illər dünyada informasiya müharibəsinin təsir imkanları olduqca genişlənib. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qaldığı dövrdən həm fiziki, həm də informasiya müharibəsi aparır.

24Media-nın Azərbaycanın infomasiya müharibəsindəki vəziyyətilə bağlı suallarını Media eksperti, professor Qulu Məhərrəmli cavablandırıb.

Qulu Məhərrəmli təəssüf hissi ilə bildirib ki, bu gün Azərbaycanda informasiya mühiti diplomatik əlaqələr və ordu qədər müharibəyə hazır deyil: " İnformasiya müharibəsi bəşər tarixinin inkişafında 7-ci mərhələ sayılır. Belə ki, müharibənin növləri çoxdur və informasiya müharibəsi bunların sonuncusu hesab olunur. Amma təəssüf ki, bu gün Azərbaycanda informasiya mühiti diplomatik əlaqələr və ordu qədər müharibəyə hazır deyil. Sözsüz ki, bu barədə müəyyən addımlar atılır".

Q.Məhərrəmli "erməni yalan fabrikləri"nin öz məqsədlərini məharətlə həyata keçirdiklərini vurğulaylb: "Ümumiyyətlə, məncə, informasiya müharibəsinin əsas məqsədi qarşı tərəfə təsir göstərmək, siyasəti gözdən salmaq, cəmiyyətdə qarşıdurma və panika yaratmaqdan ibarətdir. Və bu gün "erməni yalan fabrikləri" bu məqsədləri məharətlə həyata keçirir: bütün dünyaya saxta xəbərlər və təhrif olunmuş informasiya yayır".

Media eksperti Azərbaycanın informasiya savaşında yeni nailiyyətlər qazanması üçün atmalı olduğu addımlardan da bəhs edib: "Mənim fikrimcə, bizim informasiya siyasətimiz tam hücum üzərində qurulmalı, yalanlar ifşa edilməli və həqiqətlər bütün dünyaya əks etdirilməlidir. Bu gün informasiya müharibəsində təkcə yerli media deyil, eyni zamanda dünyanın müxtəlif yerlərində olan soydaşlarımız, bizə dəstək olan insanlar durmadan ingilis, rus və digər xarici dillərdə müharibə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün səylə çalışırlar. Biz onlara minnətdarıq.Uğurlu nəticə əldə etmək üçün isə xəbər üstünlüyünə nail olmaq lazımdır. Belə məqamda xarici diplomatlar, səfirlər və vətəndaş cəmiyyəti bu işə öz töhfəsini verməlidir. Çünki həqiqətlərin təhrif olunmasına heç kim göz yuma bilməz. Bu gün Azərbaycan çox ciddi bir savaşdadır və hər gün yeni uğurlara imza atır. İnformasiya savaşında da yeni nailiyyətlər qazanılmalıdır".