“Bizim hər saniyəmiz ölüm idi” - müharibə iştirakçısı ilə MÜSAHİBƏ

“Bizim hər saniyəmiz ölüm idi” - müharibə iştirakçısı ilə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi müharibə iştirakçısı Elçin Əhmədovdur.

Elçin hər iki valideynini ağır yol qəzasında itirib. Həmin vaxt onun üç yaşı var idi. Məhz bundan sonra o, Maştağa bir nömrəli internatda böyüməli olur:

"Atam da, anam da mənim üç yaşım olanda vəfat edib. Mən heç onların üzünü də görməmişəm. Bu səbəbdən mən həmin internatda böyümüşəm". 

Hadruta daxil olan ilk əsgərlərdən biri də Elçin idi. Elə orada divarlardan birinə "Maştağa 1 nömrəli internat" - sözlərini yazır. Həmin yazı hələ müharibənin gedişatında arxa cəbhədə məşhurlaşmışdı:

"Arada bu sözü deməyə də çəkinirəm. Çünki internat uşağı deyəndə cəmiyyətdə mənfi bir fikir formalaşır. Onlar düşünür ki, internatda böyüyənlər hansısa yad planetdən gəlmiş adamlardır. Sadəcə onu bildirmək istəyirəm ki, heç də elə deyil. İnternat uşaqları bu vətəni, bu milləti daha çox sevir. Yəni digərlərindən daha fərqli sevir. Cəmiyyətə də daha gözəl şəkildə inteqrasiya olunmuş, hamısı da perspektivli uşaqlardır.
İstəyirəm ki, mənim simamda olan heç bir internat uşağı haqqında mənfi fikir formalaşmasın". 

Elçin müharibəyə yollanması haqda danışdı:

"Bizim borcumuz idi ki, əzəli torpaqlarımızı vəhşi düşmənin əlindən azad edək. Bununla biz borcumuzu yerinə yetirdik, eləcə də üzərimizdə olan utanc hissini yox etdik.
Orduya könüllü yazılmışdım. Müharibə başlandı, sonra da bizi çağırdılar döyüşə. Mən orada son anadək vuruşdum. Bütün döyüşlərdə iştirak etdim, Cəbrayıl, Hadrut istiqamətlərində, Xocavənd və Xocalının kəndləri, həmçinin, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm". 

"Azərbaycan öz torpaqlarını azad edir":

"İnanın ki, bizim hər saniyəmiz ölüm idi. Ermənilər bizi dayanmadan minamyot atəşinə tuturdu. Sanki minamyot yağışı yağırdı.
Biz bir neçə düşməni əsir olaraq ələ keçirdik. Onlara sual verirdik ki, "Görürsünüz ki, Azərbaycan öz torpaqlarını azad edir. Siz məğlub olmusunuz, qarşımızda dayana bilmirsiniz. Biz qalib gəlirik, bəs siz bunu görə-görə niyə bu torpaqları tərk etmirsiniz?". Onlar isə bizə deyirdilər ki, "Bizə tapşırılıb ki, geri qayıtsanız öldürəcəyik. İrəlidən siz gəlirsiniz, geri də qayıtsaq, özümüzünkülər güllələyir. Ona görə də biz məcburiyyətdən durmadan atəş açırdıq ki, bizə yaxın gələ bilməyəsiniz". 

O, medal almaması ilə bağlı fikirlərini bizimlə bölüşdü:

"Bəli, elədir. Bir şeyi də qeyd edim ki, xalqımız mənə çox dəstək olur. Əsas da budur. Onlar mənə "Bizə haqqını halal et!" deyirlər. Bildirmək istəyirəm ki, mənim heç kimin üzərində haqqım yoxdur. Yenə də deyirəm ki, biz Vətənə olan borcumuzu yerinə yetirmişik.
O ki, qaldı, medalla təltif etmələrinə, etsələr də, etməsələr də sağ olsunlar".