Rasim Qaraca: "Bizdəki yazıçı modeli müasir tələblərə uyğun deyil"

24Media 2004-cü ildən fəaliyyət göstərən ‘‘Alatoran’’ nəşriyyatının rəhbəri Rasim Qaraca ilə bu barədə söhbətləşib. Həmin müsahibəni təqdim edirik.

Rasim Qaraca:

Cari statistikalarda mütaliə faizinin artdığı müşahidə edilir. Ölkədə elan edilən karantin rejimi də insanların asudə vaxtını kitabla dəyərləndirməsi üçün fürsət yaratdı. Məlumdur ki, oxucuların artması nəşriyyat evlərinin də öhdəliklərinin artması deməkdir.

24Media 2004-cü ildən fəaliyyət göstərən ‘‘Alatoran’’ nəşriyyatının rəhbəri Rasim Qaraca ilə bu barədə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

- Rasim bəy, necə oldu ki, ‘‘Alatoran’’ yarandı?

- 18 sayı işıq üzü görən ‘‘Alatoran’’ siyasi qəzetlərin əlavəsi olaraq meydana gəlib, daha sonra jurnal kimi çıxmağa başlayıb. Jurnala əlavələr olaraq kitablar nəşr etmişik və bir də gözümüzü açdıq ki, ‘‘Alatoran’’ nəşriyyat olub. Bu günə kimi 300-dən çox kitab nəşr etmişik.

- Nəşriyyat işinə ortalama nə qədər büdcə ilə başlamaq lazımdır?

- Bir kitabın çapına lazım olan büdcə nəşriyyat işinə başlamaq üçün yetərlidir. Bu rəqəm kitabın həcminə görə 500-1000 manat arasında dəyişir. Ölkəmizdə nəşriyyatların sayı nə qədər çox olsa və nəşriyyat işinə nə qədər insan cəlb olunsa, bu, mədəni inkişafımız üçün o qədər faydalıdır.

- İllərdir naşir kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində rastlaşdığınız maraqlı hadisələr nələrdir?

- Maraqlı hadisələr çox olub. Ən maraqlı hadisələr mənə görə gənc müəlliflərin ilk kitabını görəndə yaşadıqları sevinc hissidir. O zaman gördüyün işin faydalı olduğuna inanırsan.

- Pandemiya və karatinin təsirləri digər sektorlarda olduğu kimi nəşriyyatdan da yan keçmədi. Bu periodda nələrlə üzləşdiniz?

- Məncə, pandemiya kitab sektorunda fərqli macəra izlədi. Onlayn kitab satanların sayı artdı, insanlar kitab oxumağa daha çox vaxt tapdı. Yazılacaq mövzular da konkretləşdi, artıq insan növünün "gələcək" adlanan nəsnə ilə münasibətləri yeni keyfiyyətlər qazandı, "əbədiyyət" anlayışı əbədiyyətə qovuşdu və s.

- Sağlam biznes mühiti üçün oxucuya gərək var. Onu cəlb etmək üçün hansı addımları atırsız?

- Sağlam biznes mühiti üçün qanunlar işləməlidir. İstər kitab, istər başqa sahələrdə monopoliya olmamalıdır, rəsmi qurumlara ictimai nəzarət və azad media olmalıdır. Ondan sonrakı mərhələdə oxucunu cəlb etməkdən danışa bilərik.

- Azərbaycan nəşriyyatının inkişaf etdiyi deyilir, amma hələ də yerli müəlliflər dünya bazarına çıxa bilmir. Buna səbəb nədir?

- Çünki Azərbaycanda hələ də standartlara uyğun "tərcüməyə dəstək" proqramını işə salınmayıb. Yazıçılar Birliyi demokratikləşməyib, bizdəki yazıçı modeli müasir tələblərə uyğun deyil, və oxucuların da yazıçıdan tələbə köhnəsayağıdır.

- 19 aprel 2001-ci il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Mərkəzləşdirilmiş qurumun olmaması nəşriyyatda nə kimi problemlər yaradır?

- Mədəniyyət Nazirliyinin nəşriyyatlarla iş şöbəsi var. Müəyyən yeniliklər həyata keçirilməyə başlanılıb. Ən başlıcası, nəşriyyatlara nəzarət deyil, onların fəaliyyətinə şərait yaradılmalıdır. Ümid edirik ki, bunlar da olacaq.

- Siz hansı yazıçılarla əməkdaşlıq edirsiniz?

- Mən naşir olaraq yazıçıları pis və yaxşı deyə qruplara ayırmıram. Bütün kateqoriyadan olan yazarlar ‘‘Alatoran’’ nəşriyyatına müraciət edə bilər. Ən "pis" yazarlar belə yazı mədəniyyətinə gəlib çatmış adamlardır və ən azından yaxşı yazarların daha parlaq görünməsinə şərait yaradırlar.

- Sizin müşahidələrinizə əsasən, insanların ən çox üz tutduğu janrlar hansılardır?

- Hazırda mənim müşahidəmə görə detektiv, motivasiya və dini kitablara tələbat artıb. Oxucu kitab sektorunun ən vacib seqmenti olaraq başlı-başına buraxılıb və o da qarşısına gələni oxuyur. Məncə, oxucunu ciddi ədəbiyyata yönləndirməkdən ötrü dövlət səviyyəsində proqramlar tətbiq olunmalıdır.

- Son olaraq, siz oxuculara hansı kitabları məsləhət görərsiniz?

- İlk növbədə, Azərbaycan və dünya klassiklərinin, ədəbiyyat tarixində öz təsdiqini tapmış və vazkeçilməzlər siyahısına girmiş yazarların əsərlərini oxumaq lazımdır.

Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən R. Qaraca çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb. İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradan naşir böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib. “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsində ciddi rol oynayıb. Ədəbi eksperimentləri ilə tanınan Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. İstər əsərlərində, istərsə, ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrə qarşıdır.

Müsahibə: Məhluqə Tağıyeva