“Biz hamımız küt rejissor, yarı-kor operator...” - MÜSAHİBƏ

“Biz hamımız küt rejissor, yarı-kor operator...” - MÜSAHİBƏ

24Media-nın növbəti müsahibi öz yazıları ilə həm ölkə daxilində, həm də ölkə xaricində kifayət qədər məşhur olan yazıçı Varis Yolçuyevdir. 

Bu çətin və boş vaxtın kifayət qədər çox olduğu günləri bir yazıçı olaraq siz necə qiymətləndirirsiniz?

-Yazıçı üçün boş vaxt anlayışı olmur adətən. Zaman yazıçıya missiyasını yerinə yetirməkçün bir vasitədir, oradakı nə qış-yay, nə gündüz-gecə bir anlam daşımır. 

Yazıçılıq qabiliyyətinizin olmasını nə vaxt kəşf etdiniz? Bu yolda sizə ən çox dayaq olan şəxs və ya şəxslər kimlər olub?

-Əslində, uşaqlıqdan kitabların arasında böyüməyim öz sözünü dedi. Dəftərləri kəsib özümün kitabımı düzəldir, içinə cızma-qaralar edirdim. Orta məktəbdə şeir və hekayələr yazıb qalaqlayırdım. Universitetdə oxuyanda - 1990-cı ildə hekayələrimi dayım aparıb xalq yazıçımız İsmayıl Şıxlıya verdi, o da çox bəyəndi, ön söz yazaraq onları "Ulduz" jurnalında dərc etdirdi. Beləcə ədəbiyyata gəldim. 

Yazıçı Varisin həyatında ən yaddaqalan və oxucular üçün örnək olacaq hadisə nə olub?

-Həyatımda ən yaddaqalan hadisə 2018-ci il mayın 27-də Soçidə Rusiya dövlət və hökumət nümayəndələrinin, mədəniyyət xadimlərinin, xarici səfirlər və konsulların, media mənsublarının, dünyanın onlarla ölkəsindən gəlmiş yazarların müşayiəti ilə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü "LiFFt" festivallar festivalının qızıl medalına layiq görülərək Azərbaycan Himnini səsləndirməyim olub.

Bu günə qədər yazdığınız hansı əsərin qəhrəmanı sizin prototipinizdir və niyə o əsər?

-Əslində, yazıçı hər bir əsərində var. Tam prototipi olmasa da, o, özünü ən sevdiyi obrazlarda göstərir. Öz yaşantılarını, hiss və həyəcanlarını, arzu və istəklərini başqasının adı ilə sapa düzür. “77-ci gün”də Sabir, “Bir ovuc torpaq”da Zaur haradasa, mənim bir parçamdır. “Əzilmiş fotoşəkillər”, “Sonuncu ölən ümidlərdir”, “Qırmızı ləçəklər” romanlarında isə mən həm də bir yazıçı obrazında sonadək iştirakçıyam. 

Sizcə, bir insan üçün kitab nədir?

-Kitab insanın ən yaxın dostu olmalıdır. Dünyada bütün uğur qazanan insanların hamısını yalnız bir şey - bol mütaliə birləşdirir. Kitab həyat qıfıllarını açmaq üçün ən yaxşı açardır. Amma hər içi vərəq dolu karton da kitab ola bilmir, kitabı kitab edən onun məzmunu və məziyyətləridir. 

Jurnalistika sizə nə verib?

-Jurnlistika mənə həyatı daha düzgün qavramaq və nəticə çıxarmağı öyrədib. Məndə fərqli baxış formalaşdırıb, hadisələrə alt rakursdan baxa bilmək bacarığı verib. 

Bir jurnalist olaraq hazırkı mediamızın vəziyyətini bir də sizdən eşitmək istərdik.

-Mediamızın vəziyyəti ürəkaçan deyil. Bütün dünyada media sahəsi gəlir gətirən sahə hesab olunur, yaxşı abunə, reklam bazarı medianın stabil büdcəsini formalaşdırır. Bizdə isə bunların heç biri yoxdur deyə media himayədarın əlinə baxmağa məcburdur, bu da qərəzsiz və obyektiv olmağa imkan vermir, eləcə də yaradıcılıq rəngarəngliyinə tabu qoyur. 

Uğur qazanmaq üçün hansı çətin yollardan keçmisiniz?

-Çox uzun və keşməkeşli yollardır. Tək onu deyim ki, uğurun yolu yaxşı yazmaq, dövrün nəbzini tutmaq, lazımi müstəvidə yazılarını təqdim edə bilməkdir. Bunlar olsa mütləq irəliləyəcəksən. 

Yazılarınızın birində "Biz hamımız küt rejissor, yarı-kor operator, zövqsüz dekorçu və əbləh prodüserlərik. Ancaq bununla belə, biz hamımız mahir aktyorlarıq" yazmaqla nə demək istəmisiniz?

-Çox təəssüf ki, cəmiyyətlər insanları heç vaxt təbii halında qalmağa imkan vermir. İnsanlar daha çox ətraf üçün, görüntü üçün yaşamaq məcburiyyətində qalırlar. Nəticədə də heç vaxt heç kəs öz yerini tapa bilmir, süni pafoslar, bəlağətli çıxışlar, tez-tez dəyişən maskalar, plagiat və yaltaqlıq insanlar üçün buqələmun effekti səviyyəsində yol yoldaşı olur. 

Sizi yeni kəşf edən oxucularınıza hansı əsərlərinizi tövsiyə edirsiniz?

-“Metamorfoz”, “Sonuncu mogikan” Qərbdə çox sevilən və uğur qazanan əsərlərimdir. “Son məktub” Şərqdə çox məşhurdur. “77-ci gün” isə həm orda, həm burda. Bunları oxusunlar, amma bir də, bir Qarabağ yarası almış xalqın övladları kimi, istərdim “Qırmızı ləçəklər”i oxusunlar. Bu romanı Azərbaycan Gənclər Fondunun sifarişi ilə yazmışam, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada təbliğ olunur, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin timsalında Qarabağda erməni separatizmi ilə mübarizədən bəhs edir. 

Bizim suallarımız artıq yekunlaşdı. Bəs mənim soruşmadığım, amma sizin cavablandırmaq və ya qeyd etmək istədiyiniz nə isə var?

-Təşəkkür. Hər kəsin öz məqsədi və hədəfi olmalıdır. Dünyaya gəlmişəmsə birtəhər yaşamalıyam prinsipi kökündən yanlış prinsipdir. Məqsədlər və hədəflər nə qədər böyük olarsa, insan bir o qədər uğurlu insan olur. İstər rasional, istər irrasional olaq, fərqi yoxdur, amma fəth etmək üçün zirvələr müəyyənləşdirək və bütün həyatımız bu zirvələri fəth etməkdə keçsin. Həyat gözəldir, bu gözəlliyi duya bilmək isə insanın alın yazısı olmalıdır.