Bir şəhid anasının evindən...

Bir şəhid anasının evindən...

24Media-nın budəfəki müsahibi Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan Əsgərov İbrahimin anası Elmira xanımdır.

Elmira xanım İbrahimin döyüşə yollanmağından bəhs etdi: "Hər zaman hərbiyə maraq göstərərdi. Xüsusilə də əsgərliyə gedəndən sonra2013-2015-ci illərdə xidmətdə olub. 2016-cı ilin may ayından hərbçilik üzrə kursa gedib. Kursu bitirdikdən sonra isəə qəbul oldu. Post komandiri kimi çalışırdı. 2016-2020-ci illərdə hərbçi olaraq işləyib. Ona yenicə çavuş rütbəsi verilmişdi. İbrahim işində hər zaman yoldaşları ilə çox mehriban, səmimi idi.

Noyabrın 6-da da axırıncı döyüş yeri Xocavənd olub. 1 ay 10 gün evə gəlməyib. Döyüşlər gedən müddətdə komandirləri yaralanıb. İbrahimi komandir vəzifəsinə qoyublar. Ancaq əsgərləri ilə bir yerdə dumana düşüblər, mühasirədə qalıblar. Nə qədər kömək istəsələr də, neçə əsgər bir yerdə şəhid olub. Bu onun arzusu idi, həmişə “Torpaqlarımızı alacağıq” deyirdi. Gedərkən 3 ədəd bayraq aparmışdı. Deyirdi ki, atamın evinə taxıb gələcəm. Atası Füzulinin Veysəlli kəndindən idi".

Döyüşlər gedən müddətdə əlaqə saxlayırdınız?

"Sonuncu dəfə noyabr ayının 2-si,  axşam saat 8-də telefonla danışdıq. “Ana, narahat olma, şəbəkə tutmayan yerdəyik” dedi.  Ondan sonra bir daha danışmadıq. İbrahimə itkin adı da verdilər. Noyabrın 6-sı  şəhid olub, 18-i xəbər aldıq, dəfn olundu.''

Elmira xanım çətinliklərlə yaşadığı ev haqqında qeyd etdi: "Füzuli işğal olunandan sonra bu evə köçmüşdük. 1994-cü ildən bəri burada yaşayıram.Evin vəziyyəti yaxşı deyil, birtəhər yaşayıram. Yağış, qar yağanda evə tökülür, vedrələr qoyuram. "Klyonka" sərirəm ki, yorğan- döşək islanmasın. Oğlumu bu evdə böyütmüşəm. Burada böyüyüb, burada məktəbə gedib. 2004-cü ildə atası rəhmətə gedib, çox çətinliklərlə tək saxlamışam. 8 yaşında idi, hər arzusun həyata keçirmişəm. Mənim də arzum o idi ki, oğlumu evləndirəm, onu ailəsini uşaqlarını görəm. O da qismət olmadı".

Son olaraq Elmira xanım, “İstəyərdim oğlumu hər kəs tanısın, bilsin. Küçələrin birinə onun adı verilsin. 25 yaşı təzə tamam olmuşdu, subay idi. Yurd almışdı, bünövrə tökmüşdü, hamısı qaldı. Bir tək oğlumu istəyərdim, o da yoxdur. Ana üçün övlad dərdi çox çətindir, Vətən sağ olsun”,-deyə fikirlərini bizimlə bölüşdü.

Allah şəhidlərimizə rəhmət etsin!