Beynəlxalq Muğam Mərkəzi Şopen filarmoniyası ilə əməkdaşlıq edəcək

Beynəlxalq Muğam Mərkəzi Şopen filarmoniyası ilə əməkdaşlıq edəcək

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovla Frederik Şopen adına Polşa-Baltika filarmoniyasının direktoru, tanınmış orqan ifaçısı Roman Peruçki arasında videoformatda onlayn görüş keçirilib.

Mərkəzdən 24Media-ya verilən məlumata görə, Murad Hüseynov BMM-nin konsert, beynəlxalq, nəzəri və elmi-tədqiqat fəaliyyəti haqqında məlumatı filarmoniya direktorunun nəzərinə çatdırıb.

Roman Peruçki öz növbəsində birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsini təklif edib. Görüş zamanı pandemiyadan sonrakı dövrdə iki təşkilat arasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi, əlavə bir sıra digər məsələlər müzakirə edilmişdir. Müzakirələr zamanı müvafiq əməkdaşlığın genişləndirilməsi, o cümlədən, milli və klassik musiqinin təbliği baxımından musiqi ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri qaldırılmışdır. Görüşün sonunda Beynəlxalq Muğam Mərkəzi və Frederik Şopen adına Polşa-Baltika filarmoniyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti çərçivəsində imzalanan saziş Azərbaycan milli musiqisinin həm ölkəmizdə, həm də xaricdə daha yaxından tanıdılması işində yeni maraqlı perspektivlər açır.

Qeyd edək ki, Frederik Şopen adına Polşa-Baltika filarmoniyası Polşanın Qdansk şəhərində yerləşir və dünyanın ən nüfuzlu musiqi ocaqlarından biridir. Filarmoniyanın binası Olovyanka adasında 100 illik tarixi binasında ən yeni multimedia texnologiyalarından istifadə edilərək bir mədəniyyət ocağının yaradılmasına nail olunub. Filarmoniyanın nəzdində bir neçə musiqi kollektivləri fəaliyyət göstərir. Müəssisənin səsyazma studiyası Avropada ən yaxşı təchiz edilən studiyalardan biridir. Musiqi məbədinin möhtəşəm binası post-sənaye sahəsinin mədəni məqsədlər transformasiyası üçün Polşada tamamlanan ilk layihələrdən birincisidir. Filarmoniyanın tarixi 1945-ci ildən başlayır. Bu gün Polşa-Baltik Filarmoniyasının Simfonik Orkestri Polşanın aparıcı ansambllarından biridir və ölkənin ən böyük musiqi mərkəzi, milli və beynəlxalq miqyasda əhəmiyyətli ictimai və siyasi tədbirlərin keçirildiyi məkandır. Polşa-Baltik Filarmoniyası dünyanın hər yerindən ən məşhur dirijorları və musiqi qrupları ilə əməkdaşlıq edir.

Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir. Beynəlxalq əlaqələrini genişləndirən BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Bu əlaqələr nəticəsində qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb. BMM-də muğam və milli musiqimizin təbliği çərçivəsində müxtəlif mədəni tədbirlərin, mühazirələrin və onlayn layihələrin inkişaf planı, beynəlxalq onlayn konfransların təşkili istiqamətində işlər aparılır. Gələcəkdə mərkəz tərəfindən keçirilən müxtəlif növ mədəni tədbirlərlə bərabər onlayn beynəlxalq konfransların təşkili nəzərdə tutulub.