Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı

Dekabrın 10-dan 15-dək ölkəmizdə Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

24Media xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq 11-ci kinoforumda müsabiqə filmlərinin nümayişi də daxil olmaqla bütün kütləvi tədbirlər onlayn reallaşacaq. Bu, həm də festivalın bütün Azərbaycanı əhatə etməsinə şərait yaradacaq.

Builki festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film (İtaliya, Türkiyə, Almaniya, Fransa, Belçika, İran, Çin, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Ruminiya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digərləri) təqdim edilib. Bunlardan 97 ekran işi festivalın yerli proqramına göndərilib.

Seçim komissiyasının gərgin müzakirəsindən sonra 85 film festivalın Beynəlxalq, Yerli və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanıb.

33 ekran əsərinin yarışdığı Yerli müsabiqədə qalibləri ssenarist, telejurnalist, kino redaktoru Nadir Bədəlov (sədr), Kann festivalının "Tənqidçilər həftəsi" (Semaine de la Critique) proqramında Azərbaycanı təmsil edən ilk rejissor, prodüser Teymur Hacıyev, Kazan Film Festivalının əsas mükafatçısı rejissor Ərturan Nəcəfi müəyyənləşdirəcək.

Hər il daha çox gənc kinematoqrafçını əhatə edən “Cinemobil”in qaydaları bu il dəyişib. Belə ki, qalibi tamaşaçılar deyil, yerli münsiflər heyəti seçəcək və o, “Ən yaxşı film” nominasiyası üzrə mükafatlandırılacaq.

Azərbaycan kinosuna yeni, gənc rejissorlar qazandıran festivalın builki qaliblərə xüsusi töhfəsi olacaq. Film festivalda Yerli müsabiqənin "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür. "Ən yaxşı animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız post-prodakşn işlərini festival həyata keçirəcək.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar altı gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

https://filmfestival.az/

https://live.izmirkisafilm.org/az/?lang_code=az  - filmləri burdan izləmək mümkündür.