Bağışladığı kitablarla rəflərimizi bəzəyən baş redaktor

Bağışladığı kitablarla rəflərimizi bəzəyən baş redaktor

Birinci kursda oxuyurdum. Dekabr ayı idi. "Jurnalistikaya giriş" fənnindən Anzulə Pərvizqızı bizə müsahibə janrını izah edirdi və "Necə müsahibə alınmalıdır?" mövzusu haqqında öz biliklərini bizimlə bölüşürdü ."Bakı Dövlət Universiteti" qəzeti üçün bizə müsahibə almağımızı təklif etdi. Verdiyimiz sualları cavablandırdıqdan sonra müəllim: "Təcrübə önəmlidir, uşaqlar. İndidən özünüzə mövzu və müsahib seçsəniz, yaxşı olar", - dedi. Düzü, uzun müddət düşünməyə ehtiyac qalmadı. Ağlıma elə ilk gələn əvvəllər fakültənin müəllimi olmuş, hələ də bura ilə əlaqəni kəsməyib tələbələrlə sıx təmasda olan, "525-ci qəzet"in baş redaktoru olan Rəşad Məcid oldu. Həmin gün internetdə baş redaktorla bağlı kiçik araşdırma etdim. Ertəsi gün "Messenger"də Rəşad müəllimə yazıb müsahibə üçün narahat etdiyimi bildirdim. Cavab verməyəcəyindən ehtiyat edirdim. Bu, alacağım ilk müsahibə olacaqdı və çox həvəsli idim deyə istəmirdim ki, yox olsun. Bir saat sonra mesaj gəldi ki "Ankaradayam, müsahibə üçün iki gün sonra xatırladarsan". Sevincək sualları hazırlamağa başlamışdım. 2 gün sonra Rəşad müəllimə müsahibə üçün xatırlatma mesajı yazdım. Qərara gəldik ki, ertəsi gün saat 3-də redaksiyada olum. Hazırladığım sualları bir-bir gözdən keçirir, silir, yenidən yazırdım.
Nəhayət, həmin gün gəlib çatdı. Yolu səhv salmışdım deyə, görüşə gecikmək qorxusu məni narahat edirdi. Görüşə bir saat qalmış Rəşad müəllimdən: "Nəşriyyata gələcəm?", - deyə soruşdum. Necə hirsləndiyini hələ də unutmamışam. Sual və nidalı mesajlarını görən kimi müsahibədən imtina edəcəyindən  qorxmuşdum. "Hə, anladım, redaksiya", - deyib özümü anlamış kimi göstərmişdim. Sonra fakültə yoldaşım Kənandan yardım alaraq "525-ci qəzet"in yolunu tutdum. İçəri daxil oldum, dəhlizdəki xanım iclas olduğunu, 15 dəqiqə sonra içəri daxil ola biləcəyimi dedi. Həmin 15 dəqiqə ərzində fakültə yoldaşımla otaqdakı ab-havadan, qoxusu otağı bürümüş qəzet və rəfdəki kitablardan danışdıq. 15 dəqiqə tamam oldu və içəri daxil oldum. Rəşad müəllim əsəbi görünürdü. Yəqin ki, dünənki səhvə görə idi. Salamlaşıb dünənə görə üzrxahlığımı bildirdim. Söhbətə başladıq. Əvvəlcə, "525-ci qəzet"dən söhbətə başladıq. Sonra bu söhbət bizi jurnalistikaya, fakültəyə, kitablara, Rəşad müəllimin sevimli əsəri "Martin İden"ə apardı. Zamanın necə keçdiyini hiss etdirməyən müzakirələrdən sonra müsahibəyə başladıq. Bu, ilk müsahibəm idi və verdiyim hər sualda qeyri-səmimi, quru olduğumu özüm də hiss edirdim. Rəşad müəllim hər sualın əvvəlində: "Bu sualı elə deyil, belə versən daha doğru olar", yaxud da "Bu sual girişdə verilməz", - deyib əməlli dərs keçirdi. Hər izah etdiyi dərsdən sonra ona ünvanlandığım sualları tutarlı cavablayırdı. Verdiyi cavablar, danışdığı xatirələr müsahibəyə rəng qatırdı. Nə qədər qarşı tərəfdən qeyri-səmimi görünsəm də, düşünürəm ki, müsahibə dərsini yaxşıca qavradığım üçün xoşbəxt idim. Həmin gün əslində müsahibə deyil, canlı dərs aldım. Hətta "dərs"imiz bununla da bitmədi. Belə ki, müsahibəni hazırlayıb, redaktə edib Rəşad müəllimə göndərəndən sonra, etdiyim səhvlərə görə məni tənbeh edib, səhvləri izah etmişdi. Hər etdiyi tənbehdən sonra adama ümid verirdi: "Narahat olma, ilk işindir, vaxt gələcək, baxıb güləcəksən, hər şey düzələcək".   

Həmin gün yolu itirdiyimə görə əməllicə danlanmışdım, amma doğru yolu Rəşad müəllim özü öyrətdi. Üstünə də bir qucaq dolusu kitab da bağışladı və dedi: "Get, oxu". Sonradan öyrəndim ki, Rəşad müəllim hər gələn qonağına kitablar bağışlayırmış.
Maraqlı söhbətləri, uşaqlıq, tələbəlik, gənclik xatirələri, sirləri, "Çiyələk qadın", şeirləri haqqında ağız dolusu müzakirələr etdiyimiz xatirələrin sahibi, gənclərin dostu olan Rəşad müəllimin bu gün 56-cı doğum günüdür.

Ruhunuz həmişə olduğu kimi cavan, fərəh qalsın. Rəflərinizdən kitabların, ətrafınızdan gənclərin, yaşınızdan rəqəmlərin sayı azalmasın!