"Bəzi əsgərlərin yeganə istəyi halallıq almaq idi"-MÜSAHİBƏ

24Media-nın bugünkü müsahibi Vətən Müharibəsi iştirakçısı Namiq Əhmədzadədir.

Zəhmət olmasa, özünüzü təqdim edin
Mən Əhmədzadə Namiq Valeh oğlu 1995-ci il martın 1-də anadan olmuşam. Azərbaycan Dövlət Neft Akademiyasının 2017-ci il məzunuyam, ailəliyəm.

Hansı ərazilərdə döyüşmüsünüz?
Ağdam rayonunun azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişəm.

Sizi "2-ci Qarabağ Müharibəsi" nə könüllü yazılmağa nə vadar etdi?
Mənə xəbər gələndə sentyabr ayının 20-si idi. İşə gedirdim. Zəng gəldi, açdım, salamlaşdıq, dedilər ki, sabah sizi hərbi komissarlığa gözləyirik. Səbəbini soruşanda mənə təlim dedilər. İş yerimdən  ərizə yazıb 21-i getdim hərbi komissarlığa, yarı sevinc, yarı kədər dolu idim. Amma Allahın qisməti bir kənara, şəhid olmaq gözəl nemətdir, lakin elə şərəfsizlərin gülləsinə tuş gəlib şəhid olmaq fikrim yox idi, yəni ki, istəmirdim. Nə vadar etdi deyəndə, mən çağırılanda təlim deyilmişdi, amma orada əlimə silah verəndə atışmalar başlayanda, qorxum olmadı. Məni də vadar edən vicdan oldu, evə alnı açıq qayıtmaq arzusu vadar etdi.

 Müharibədə sizin üçün ən çətin anı xatırlayırsınız?
Müharibə deyəndə ağıla toplar, bombalar, silahlar gəlir ki, bunun düşüncəsi belə adamı vahiməyə salmağa kifayət edir. Müharibənin hər anı çətin idi. Birdən- birə isti yerindən gəlib soyuq, çətin bir mühitə düşmək, əlində olanları kənara qoyub gəlib sənə verilənləri əlində saxlamağı bacarmaq çətindi düzü. Ən çətin anlardan biri o oldu ki, əldə silah düşmənlə üzbəüz durmuşduq ilk dəfə, gecə saat 2 ya 3 olardı. Tanımadığımz bir məkanda əldə silah durub düşmənə güllə atmaq bir yana, "düşmən hansı tərəflərdən hücum edə bilər?"- onun qorxusu, başımızın üstündən keçən qıratlar, minamyotlar, hər saniyəsi qorxulu çətin anlar oldu...Bir sözlə Allah bu müqəddəs, çətin yolda getməyi, 1990-1993-cü illərdə şəhid olan qardaşlarımızın, böyüklərimizin qisasını almağı mənə də nəsib etdi, şükür Allaha. Sonunda ölüm olsa, şərəfli bir ölüm olacaqdı. Hədislərdə də var, şəhidlik hər insan övladına nəsib olmur.

 Ailənizdən uzaqda qalmaq sizə necə təsir etdi?
Hamıda olduğu kimi ailəmdən uzaqda qalmaq mənə də çox pis təsir edirdi. Mən anama bağlı biriyəm o olmasa, mənə elə gəlir ki nəfəs ala bilmərəm. Qardaşım, atam, anam, hər biri ayrı-ayrılıqda əziz və doğmadır. Gözü yolda qalanım var idi, onun fikri hər şeydən çox narahat edirdi məni, elə bilirdim ki, tək o var mənim üçün. Yenicə doğması, canı, anası vəfat etmişdi, mən də bir zərbə vurmaq istəmirdim. Hər danışanda  halallıq alıb məni bağışla demək istəyirdim, amma deməyə dilim gəlmirdi. "Necədir vəziyyət?"- deyəndə "Hər şey əladır, şükür"-deyirdim. İndi də deyirəm şükür Allahın bu gününə, şükürlər olsun. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.


Sonda oxucularımıza nə demək istərdiniz?
Bu dünya sevgi üzərində qurulub və bir gün dağılacaq. Özümə hər gün dediyim sözləri deyirəm dostlara, tanışlara qulaq assınlar. Həyat qaşla göz arasındadır. Həyat fanidir, yəni ki, bizi bir Yaradanın  var olduğuna inanırıq və bizim hərəmizin bir missiyası var. Dostlara demək istəyirəm ki, Kəbə evindən də üstün insanın qəlbidir, qəlb qırmaq Kəbə evini yıxmaqdan pisdir. Çalışaq bu dünyada kiminsə qəlbinə dəyməyək, kimisə üzməyək, kimisə incidib gözlərinin dolmasına səbəb olmayaq. Kin və paxıllıq kimi pis xüsusiyyətlərdən uzaq olaq. Yəni, dediyim odur ki, qəlb qırmayın. Müharibədə olanda neçə əsgər, neçə yoldaş üzr istəmək, halallaşmaq istəyirdi, amma əli çatmırdı halallıq almağa, ağlayırdı. Bəzi əsgərlərin yeganə istəyi halallıq almaq idi. Həyatı gözəl yaşamaq lazımdır, Allah istəyən kimi. Həyatda hamınıza uğurlar.