Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanılıb

Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə başlayıb.

BŞH-dən 24Media-ya verilən məlumata görə, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etməkdən ötrü istifadə olunan beton bloklarların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.

Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.

Həmçinin bu gündən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir.

"Şəhərin qeyd olunan hissələrində görüləcək işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.