Azərbaycanın Qarabağ dərsi

Azərbaycanın Qarabağ dərsi

İllərdir ki, xalqımızın ümumilli dərdi olan Qarabağın bir anda bizim üçün, dünya üçün dərsə çevriləcəyini hardan bilə bilərdik?! 27 ildən sonra, sentyabrın 27-də başlanan bu haqq savaşı təkcə doğma torpaqlarımız uğrunda aparılan mücadilə deyil, eyni zamanda haqqın ədalətsizlik, doğrunun yalan, cəsarətin qorxu, qısacası, xeyirin şər üzərində mübarizəsidir.

Bu mübarizə ilə yenilməz ordumuz ədalətsizliyi ədalətlə devirərək düşmənə göstərdiyi münasibətin timsalında xalqımızın öz milli mənəviyyatına, əxlaqi prinsiplərə, humanizmə sədaqətini hər an nümayiş etdirir.

Ərazi bütövlüyümüzlə yanaşı, ümidlərimizi, Qarabağ sevincimizi də bərpa edən Vətən övladları xalqımızın illərdir qurumayan göz yaşını silərək, dahi Mövlana Cəlaləddin Ruminin “Çıxacağım yerə səbri nərdivan edirəm” kəlamını əmələ çevirərək bütün dünyaya təmkin dərsi keçirlər. Bəşəriyyətin sivilizasiya etdiyi bir çağda işğalçılıq, soyqırım aktı, hərbi cinayətlər törətməkdən çəkinməyən Ermənistanın anti-humanist davranışlarına qarşı son dərəcə soyuqqanlı münasibət sərgiləyən müzəffər ordumuzun bu təmkini döyüş meydanında da tətbiq etməsi, düşmənin çoxsaylı təhrikedici cəhdlərinə uymaması yüksək peşəkarlıq nümunəsidir.

Acı məğlubiyyətin intiqamını ənənəvi olaraq dinc və sivil əhalidən almağa vərdiş edən, müharibənin də bir qayda-qanunu, işğalın da bir qırmızı xətti olduğunu unudan əks tərəfin son dərəcə vandal münasibətinə adekvat cavabın yalnız və yalnız ön cəbhədə verilməsi xalqımızın hətta düşmən qarşısında belə, mərd duruşuna dəlalət edir.

Bu mərdlik yalnız ordumuzda deyil, Ali Baş Komandanımız başda olmaqla, xalqımızın bütün nümayəndələrində, körpəsindən tutmuş, yaşlısına qədər hər kəsdə öz təzahürünü tapır. Belə ki, düşmənin 11 oktyabr 2020-ci il tarixində humanitar atəşkəs rejimi şəraitində öz növbəti təxribatçılıq fəaliyyətini həyata keçirərək ölkəmizin ikinci paytaxt şəhəri Gəncədə terror aktı törətməsi, günahsız insanları istisnasız olaraq, azyaşlı və qoca kateqoriyasına ayırmadan hədəf alması, bütün bunların müqabilində isə dağıntılar altından yaralı halda çıxarılan balaca Bəxtiyarın dünyanın belə diqqətini cəlb edən məğrur gülümsəməsi acizlikdən doğan davranış qarşısında misilsiz cəsarət nümunəsi sayıla bilər.

Eyni dilə, dinə və mədəniyyətə mənsub Türkiyə dövləti ilə heç bir diplomatik məqsəd güdməyən, tam təmənnasız səciyyə daşıyan, sevgi ilə yoğrulmuş birliyimiz, eyni millətin iki dövləti olaraq çətin zamanlarda, dar məqamlarda qarşılıqlı dostluğumuz bütün dünyaya sadəcə müttəfiq deyil, qardaş olmağın da mümkünlüyünü bir daha sübut edir.

Biz namərdlərə mərdliyimizlə, informasiya müharibəsində üstümüzə atılan, heç bir həqiqət payı olmayan böhtanlara doğrularla, nifrətə hümanizmlə, yəni yamanlığa yaxşılıqla cavab veririk.

Beləliklə, Azərbaycan əsgəri torpaqlarımızın hər qarışını geri alaraq düşmənə dürüstlük, mərdlik, insanlıq, on milyonluq Azərbaycan isə yeddi milyardlıq dünyaya Qarabağ dərsi verir! Supergüc dövlətlər olmasa da, əsas odur, haqq bizimlədir! Çünki böyük türk şairi Tofiq Fikrətin təbirincə desək:

“Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır”.

Son olaraq, bir zamanlar yalnız Azərbaycana, indi isə bütün dünyaya bəyan olduğu kimi: “Qarabağ Azərbaycandır!”

Afaq Ağayarova

BDU-nun jurnalistika fakültəsinin doktorantı