“Ayağa qalxanda qolumun yerə düşdüyünü gördüm” - qazi ilə MÜSAHİBƏ

“Ayağa qalxanda qolumun yerə düşdüyünü gördüm” - qazi ilə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, tağım komandiri, qazi Elşən Mustafayevdir.

Qısa arayış: Mustafayev Elşən Dilavər oğlu 25 iyul 1978-ci ildə Zəngilan rayonunda dünyaya gəlib. İbtidai təhsilini Zəngilan rayonunda alsa da, ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini 280 saylı məktəbdə davam edib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Universitetdə hərbi kafedra olduğuna görə orada leytenant hərbi rütbəsi alıb. 2002-2003-cü illərdə leytenant kimi hərbi xidmət edərək xidməti dövründə baş leytenant hərbi rütbəsinə layiq görülüb. Bir müddət sonra ehtiyata buraxılıb. Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işləyib. Aprel döyüşləri zamanı təlimlərdə də iştrak edib.

Qazi döyüşdə yaralanmasından bəhs etdi: ”Sentyabr ayında qismən səfərbərlik elan olunanda zabit kimi orduya çağırıldım. Füzuli rayonuna, oradan da Cəbrayıla yollandıq. Cəbrayıl rayonunu işğaldan azad etdikdən sonra Füzulinin azadlığı uğrunda vuruşmağa başladıq. Düşmən minamyot atəşi açırdı. Qəlpələrdən biri qolumu qopartdı, amma mən bunu hiss etmədim. Mən bir də minamyot partladıqdan sonra gözümü açdım, ətraf dumana bürünmüşdü. Əlimi harasa söykəyib qalxmaq istədim. Sağ əlimdə silah olduğu üçün sol əlim boş idi, onu söykəmək istəyəndə gördüm ki, heç nə yoxdu, qolumu tapmadım. Ayağa qalxanda qolumun yerə düşdüyünü gördüm. Qan sürətli axdığı üçün qolumu götürüb həmin yerdən uzaqlaşa bilmədim. Əsgərlər məni döyüş bölgəsindən çıxartdılar. Ən yaxınlıqda olan hospitala yerləşdirdilər. Hospital Cəbrayılın Daşkəsən kəndində yerləşirdi. Hospitala çatana qədər artıq mən xeyli qan itirmişdim. Sonra məni Füzuli Diaqnostika Mərkəzinə göndərdilər, orada mənə qan köçürüldükdən sonra Müdafiə Nazirliyinin Bakıda yerləşən Baş Klinik Hospitalına təcili tibbi yardım maşını ilə göndərildim. 7 dəfə əməliyyat olundum. Qolumun əzələ sistemini kürəyimdən, damar sistemini ayağımdan, sümük sistemini çanağımdan götürdülər, hazırda hospitaldayam, müalicə olunuram”.

Elşən bəy işğaldan azad edilən torpaqlarımızı görəndə keçirtdiyi hissləri dilə gətirdi: ”İşğaldan azad olunan torpaqları görmək çox gözəl bir hiss idi. Mən özüm Zəngilan rayonunda anadan olmuşam. Çox istərdim ki, Zəngilanın işğaldan azad olunması uğrunda vuruşum, amma mənə başqa tapşırıq gəldi. Mən düşünürdüm ki, yəqin Füzulini azad etdikdən sonra Zəngilan döyüşlərinə də qatılaram, amma qismət olmadı, yaralandım.
İşğaldan azad olunan torpaqları görmək bir tərəfdən çox qürurverici, gözəl hiss idi, amma bir tərəfdən də adamın ürəyi ağrıyırdı. Daş daş üstdə qalmamışdı, bütün kəndləri xaraba günə qoymuşdular”.

Tağım komandiri əsgərlərin ruh yüksəkliyi haqda danışdı: ”Əsgərlərin ruh yüksəkliyi çox yüksək, çox əla idi, hamı ancaq döyüşmək istəyirdi. Torpaqların azadlığı uğrunda canlarından keçməyə hazır idilər. Heç kim başqa heç nə fikirləşmirdi. Hamının amalı, istəyi bir idi deyə sonda qələbə qazandıq. Qələbə qazanmağımıza bütün Azərbaycan xalqı kimi biz də çox sevindik”.

Əsgərlərinin ona olan hörmətini unutmayacağını bildirdi: “Mən özüm tağım komandiri olmuşam. Hospitala yerləşdirildikdən sonra əsgərlərimin əksəriyyəti tərxis olundu, onlar evlərinə getməmişdən qabaq hospitala məni ziyarətə gəlirdilər. Hətta COVID-19 virusuna görə içəri buraxılış olmadığı üçün pəncərədən mənimlə görüşüb gedirdilər. Bu sevgini, hörməti mən heç vaxt unuda bilmərəm”.

Qazi qələbə münasibətilə Azərbaycan xalqını təbrik etdi: “Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də şəfa diləyirəm. Xalqımızı qələbəmiz münasibətilə təbrik edirəm. Xalqın birləşməyi Ordumuza daha da güc verdi. Azərbaycan xalqına bundan sonra da belə həmrəy olmağı arzu edirəm”.