Auditorlar Palatası beynəlxalq tədbirdə təmsil olunub

Auditorlar Palatası beynəlxalq tədbirdə təmsil olunub

Rusiyanın “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə videokonfrans formatında “Avrasiya regionunun cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə müstəqil auditin rolunun artırılmasının əsas istiqamətlərinin işlənib hazırlanmasına dair peşəkar audit qurumlarının birgə səylərinin əlaqələndirilməsi üzrə" İşçi qrupunun iclası keçirilib.

24Media xəbər verir ki, bu barədə Azərbaycan Auditorlar Palatasından məlumat verilib.

Məlumata görə, iclasda Azərbaycandan qurumun sədri, professor Vahid Novruzov iştirak edib. Bununla yanaşı, Rusiya, Belarus, Moldova, Latviya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin peşəkar audit və mühasibatlıq qurumlarının, Beynəlxalq Mühasiblər Federasiyasının nümayəndələri də tədbirdə iştirak ediblər. İclasın keçirilməsində məqsəd auditə ictimai etimadın yüksəldilməsi, kölgə iqtisadiyyatına və çirkli pulların yuyulmasına qarşı mübarizədə müstəqil auditin rolunun artırılması, auditorların işinin səmərəliliyinin artırılması, audit xidmətlərinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq təşkilatlarının nümayəndələrindən ibarət yaradılmış işçi qruplarının səmərəli fəaliyyətinin təşkil edilməsi olub.
İclası giriş sözü ilə açan Latviya Mühasiblər Assosiasiyasının prezidenti Andrey Ponomaryov “Latviya Respublikasında çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və yayılması risklərinin idarə edilməsi çərçivəsində daxili nəzarət sisteminin yaradılması və müştəri tədqiqatlarının aparılması” mövzusunda çıxış edib.
V.Novruzovun “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasına qarşı mübarizə üzrə normativ–metodoloji bazanın yaradılması üzrə Azərbaycan təcrübəsi” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə son dövrlərdə ölkəmizdə əldə olunan nəticələrdən, bu sahədə auditorların vəzifələrindən və məsuliyyətindən, bu mübarizədə iştirak edən auditorların və mütəxəssislərin hazırlanması və yenidən hazırlanması, palata tərəfindən hazırlanmış “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusu”ndan bəhs edib. V.Novruzov, həmçinin ötən ilin sonunda palata tərəfindən “Kölgə iqtisadiyyatının azaldılmasına dair Strateji Yol Xəritəsi”nin hazırlandığını və ölkə rəhbərliyinə təqdim edildiyini vurğulayıb.
Daha sonra Rusiyanın Özünütənzimləyən auditorlar təşkilatı olan “Sodrujestvo” Assosiasiyasının Keyfiyyətə nəzarət üzrə direktoru Nadejda Kobozeva “Rusiya audit icmasının çirkli pulların yuyulmasına qarşı milli sistemə inteqrasiyası” mövzusunda çıxış edib. “Sodrujestvo” Assosiasiyasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Kuxar Daria və videokonfransın moderatoru, Latviya Mühasiblər Assosiasiyasının prezidenti Andrey Ponomarev təqdim edilmiş mövzular ətrafında çıxışlar ediblər.
Onlayn formada belə müzakirələrin daha tez-tez aparılması zərurəti, mövcud problemlərin həlli üçün təkliflər hazırlamaq məqsədilə yaradılmış müvafiq regional qrupların birgə fəaliyyətinin əhəmiyyəti konfrans iştirakçıları tərəfindən dəstəklənib.