"Atamla birgə döyüşdük, dəfələrlə ölümlə üzbəüz qaldıq" - könüllü döyüşçü ilə MÜSAHİBƏ

Qarabağ uğrunda gedən 44 günlük döyüşlərdə qəhrəmanlıq göstərən, Laçının Güləbird kəndinə daxil olan ilk hərbçilərimizdən biri Rəşad Qəhrəmanzadədir. Rəşad mayor Çingiz Qəhrəmanovun oğludur, Qarabağ döyüşlərində ata-oğul çiyin-çiyinə döyüşüblər. Sosial şəbəkələrdə də onlar haqqında xeyli müzakirələr gedir. Rəşad Qəhrəmanzadə 24Media-ya döyüş zamanı keçirdiyi qürur hissindən və çətinliklərdən danışıb.

Rəşad, necə oldu ki, 2-ci Qarabağ döyüşlərinə qatıldınız?

- Mən əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə yaxınlaşıb döyüşə getmək üçün könüllü yazılmışdım. Prezidentə onlayn məktub yazıb döyüşlərdə iştirak etmək istəyimi bildirmişdim. Döyüşlərə qatılmağım belə oldu ki, atamı döyüşlərə çağırdılar. Atam keçmiş hərbçilərdən özü ilə 23 nəfər könüllü aparmalı idi. Mən də atamdan xahiş etdim ki, o 23 nəfərin içində birinci mənim adımı yazsın. Sağ olsun, xahişimi yerinə yetirdi.

 

Verdiyiniz müsahibələrdən birində deyirsiniz ki, atamla çiyin-çiyinə döyüşmək ən böyük arzum idi. Artıq bu arzunuz həyata keçib, necə hiss idi atanızla birlikdə döyüşmək?

- Əvvəllər mən atamın 1-ci Qarabağ döyüşlərində çəkilmiş kadrlarına baxırdım, fəxr edirdim. Arzu edirdim ki, nə vaxtsa atamla çiyin-çiyinə döyüşüm. Allah da onu bizə qismət elədi. Atamla birgə döyüşdük, dəfələrlə ölümlə üzbəüz qaldıq, təhlükəli anlar yaşadıq. Amma atamdan güc alaraq özümdə qorxmazlıq hiss edirdim. Bunlar fəxr ediləsi hisslərdir.

Bilirik ki, atanız mayor Çingiz Qəhrəmanov 1-ci Qarabağ döyüşlərində də igidlik göstərən hərbçilərimizdəndir. Zəhmət olmasa, bir az atanız haqqında danışın. 

- Atam Qəhrəmanov Çingiz Xanlar oğlu, ehtiyatda olan mayordur. Mən onun qəhrəmanlığını videolarda görmüşəm. Füzuli-Horadiz yolunda iki maşın gəlirmiş. Bu zaman "UAZ" gəlib dayanıb yanında, içində 7-8 nəfər var imiş. Amma atam bilməyib erməni olduqlarını, elə bilib ki, bizimkilərdir. Dolu olduğu üçün "UAZ"ın qapısını bağlayıb. Görüb ki, arxadakı "Niva" boşdu, bir nəfər var. Atam oturub o maşına. Sürücü də atamla rusca danışıb, bir az danışandan sonra atam onun erməni olduğunu hiss edib. O da zabit imiş, atam onu öldürüb, "UAZ"dakıların bir neçəsini yaralayıb. Bunlar video şəklində "YouTube"da var, oradan ətraflı şəkildə baxa bilərsiniz. Atam o "Niva"ya minib qayıdıb, sonra həmin "Niva"nı ulu öndər Heydər Əliyev atama hədiyyə eləmişdi. Atam döyüşlərdən başqa hadisələri də danışırdı, mən qulaq asırdım. Bu, fəxr olunası bir şeydir.

30 ilə yaxın işğal altında qalmış, 30 il azərbaycanlı ayağı dəyməyən torpaqlara ilk daxil olan şəxslərdən biri olmaq necə hissdir?

- O torpaqlara ilk addım atanda adamda qürur hissi yaranır. Məndən dəfələrlə böyük insanlar var ki, neçə illərdir o torpaqlara ayaq basmaq arzusundadırlar. Bu, mənə nəsib oldu. 

Müharibə zamanı qarşılaşdığınız ən çətin vəziyyət necə olmuşdu?

- Müharibə vaxtı çox təhlükə ilə rastlaşdıq. Amma ən təhlükəlisi Güləbirdə ilk girdiyimiz zaman maşınımız 2 ədəd minaya düşdü. Birinci arxa təkər düşdü, maşının arxası qalxdı. 2-ci minaya isə qabaq təkər düşdü, maşının ön hissəsi də qalxdı. Bu partlayışların nəticəsində maşın 3 dəfə dövr elədi. Biz də maşının içində idik. Mən artıq onda dedim ki, biz öldük, şəhid olduq. Maşın aşıb dayananda gördük ki, şükür salamatıq. Maşından düşəndə gördük ki, ermənilər qayanı partladıb yolu bağlamışdılar. Qayanın əks tərəfində üzü Laçın istiqamətində 2 "Niva" dayanmışdı, yanlarında da 7-8 erməni əsgəri. Bunlar bizə tələ qurmuşdular. Düşünürdülər ki, biz minaya düşüb özümüzü itirərik. Bizi canlı götürmək, ya da öldürmək istəyiblər. Amma biz özümüzü itirmədik, arxaya da çəkilmədik. Bunların üstünə gedəndə "Niva"ya oturub qaçdılar. Maşının içindəkilərdən yaralananlar da, ölənlər də oldu. Bunlar gedəndən sonra koordinatları veriblər. Minaatanla vurdular bizi. Bax, çətin vəziyyət bu idi. 2 saat asvaltda uzanmış vəziyyətdə qaldıq. Üstümüzə mina yağış kimi yağırdı. Vura-vura bizim istiqamətdə irəliləyirdilər. Mərmi atırdılar. Atama dedim ki, bir şey elə, mərmi artıq çatır. Atam dedi ki, bala, heç nə eləmək olmaz, Allah kərimdir, ya öləcəyik, ya da qalacağıq. Kəlmeyi-şəhadətimi dedim, bu vaxtı 3-4 metrliyimizə mərmi düşdü. O açılsaydı, heç birimiz orada sağ qalmazdıq. Allaha şükür olsun ki, o mərmi açılmadı. Erməni piayadaları da biz tərəfə hücuma keçdi, amma bizim toplar onları susdurdu. 

Döyüş yoldaşlarınızdan şəhidlik zirvəsinə ucalanlar, yaralananlar oldu? Bu, döyüş ruhunuza necə təsir etdi?

- Döyüş yoldaşlarımdan şəhid olanı da oldu, qazi olanı da oldu. Maşınla minaya düşəndə mənim yanımda döyüş yoldaşlarım vardı, onlar, demək olar ki, mənim canımı qurtardılar. Döyüş yoldaşlarımdan Rəşad, İlqar, Əsəd minaya düşəndə bizlə birlikdə idilər. İçlərində azyaşlı olduğuma görə minaya düşəndə biri arxadan, biri qabaqdan qucaqlayıb ki, maşın aşanda başım ora-bura dəyməsin. Belə deyək, onlara can borcluyam.

 

Qələbə qazanmağımızda əməyi olan bir şəxs kimi oxucularımıza nə demək istəyərdiniz?

- Demək istəyirəm ki, bu qələbəmiz şəhidlərin qələbəsidir. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinin qarşısında baş əyirik. İtkin düşən qardaşlarımızın da ailələrinə Allah səbr versin, inşallah, tezliklə bir xəbər alarlar. 

Sizin kimi igid, qorxmaz oğullar, qazilər və şəhidlərimiz qürur yerimizdir. Göstərdiyiniz fədakarlığa və müsahibə təklifimi qəbul etdiyinizə görə təşəkkür edirəm. 

- Mən də sizə təşəkkür edirəm ki, əziyyət çəkən oğullarımızın əziyyətini yerdə qoymursunuz, işıqlandırırsınız.