Aşura gününün əsl tarixi - Məğlub olanlar qələbə çaldılar

Aşura gününün əsl tarixi - Məğlub olanlar qələbə çaldılar

Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inancdır. Hər bir dində əhəmiyyətli hadisələrin baş verdiyi tarixlər var. Və dinlərə etiqad edən insanlar bu xüsusi günləri digərlərindən fərqli şəkildə keçirirlər.

Bu gün isə - hicri təqvimi ilə Məhərrəm ayının 10-cu günü İslam dinində Aşura günü kimi tanınır. Tarixi mənbələrə əsasən, Aşura günü həm müsəlmanlarda, həm də İslamdan əvvəlki ümmətlərdə mühüm hadisələrin baş verdiyi gün kimi yadda qalmışdır. 

Əslində İslam tarixində Məhərrəm ayı yeni il, sevinc ayı olaraq tanınırdı. Bir çox hadisələrin, məsələn, Nuh  peyğəmbərin gəmisinin Cudi dağında quruya çıxması, Yunus peyğəmbərin balığın qarnından xilas olması, Yusif  peyğəmbərin qardaşları tərəfindən atıldığı quyudan xilas edilməsi, İsa peyğəmbərin dünyaya gəlməsi və yenə səmaya yüksəlməsi və s. məhz Aşura gününə təsadüf edir. Lakin elə bu tarixdə - Məhərrəm ayının 10-cu günündə  İslam tarixində faciəvi çalarlarla yadda qalan bir hadisə də baş verdi.

Bununla da bir növ Məhərrəm ayının əsl mahiyyəti və Aşura gününün din tarixi baxımından möhtəşəm hadisələrlə yadda qalan keçmişi qismən unuduldu. Xeyir ayı yas, hüzn ayına çevrildi. Bu gün biz öz ədəbiyyatımızda-Füzulinin, Nəsiminin, Şah İsmayılın, Sabirin əsərlərində Aşura gününə həsr olunmuş sətirlərə rast gəlirik. 

Bəs Aşura günündə əslində nə baş vermişdi?

Məhəmməd peyğəmbərin vəfatından sonra Ərəb xilafətini kimin idarə edəcəyi məsələsi yaranmağa başlayıb. Bir müddət sonra yeni xəlifə olaraq Əbu Bəkr təyin olunub və xəlifəlik vəzifəsini bir-birinin ardınca Ömər ibn Xəttab, Osman ibn Əffan yerinə yetiriblər.

Osman ibn Əffanın 656-cı ildə öldürülməsindən sonra müsəlmanların bir qismi Məhəmməd peyğəmbərin əmisi oğlu Əli ibn Əbu Talibi uşaqlıqda peyğəmbərin evində böyüməsini, ona daha yaxın olmasını, həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək Mədinə məscidində xəlifə seçmişdi. 

Osman ibn Əffanın tərəfdarları isə bunu tələsik addım hesab edərək Əffanın qatilləri tapılmayana qədər Əli ibn Əbu Talibin xəlifəliyini qəbul etməyəcəklərini açıqlamışdılar. Bu hadisədən sonra İslam dünyasında ilk fikir ayrılığının əsası qoyulub. 

Xilafətdə iki böyük siyasi güc formalaşıb. Bir tərəfdə Əli ibn Əbu Talibin, digər tərəfdə isə Əməvilərin nümayəndələri bir-birlərinə qarşı mübarizə aparıblar. 

Əli ibn Əbu Talib 661-ci ildə Əbdülrəhman ibn Məlumun təşkil etdiyi sui-qəsd nəticəsində öldürüldü. Bununla da hakimiyyət xəlifələrin qatı düşməni olan I Müaviyənin əlinə keçdi.

I Müaviyə hakimiyyətdə olduğu müddətdə özündən sonra oğlu I Yezidin xəlifə təyin olunmasına çalışırdı. Tərəfdarlarına özündən sonra oğluna itaət etmələri barədə göstərişlər verirdi. Yezid isə mənbələrdə içki, eyş-işrət düşkünü və zalımlığı ilə tanınan biri kimi qeyd olunub. Hətta çox sevdiyi və Əbu Qeys adı verdiyi meymunu ölərkən ona müsəlmanlar kimi dəfn təşkil etmiş, saray əhlini Əbu Qeysə ağlamağa məcbur etmiş və nəticədə Şam şəhərinin əhalisi Əbu Qeys adlı meymunun hansısa peyğəmbər səhabəsi olduğunu güman edərək günlərlə ona yas saxlamışdı. İslamın yenicə möhkəmlənən və yayılan vaxtlarında belə, bir hakimin cəmiyyəti hansı fəsadlarla qarşı-qarşıya qoyacağı artıq bəlli idi. Və İslam dini mənəvi dəyər kimi tamamilə arxa plana keçə və hətta yenidən bütpərəstliyə qayıdış baş verə bilərdi.

680-cı ildə I Müaviyənin vəfatından sonra I Yezid yeni xəlifə təyin olundu və Mədinə şəhərinin valisinə məktub göndərdi. Məktubda Yezid şəhər valisinin Əli ibn Əbu Talibin oğlu, peyğəmbərin nəvəsi Hüseynə deyil, ona tabe olmasını tələb edirdi. Əks halda şəhər valisini öldürməklə hədələyirdi. Vəziyyətin gərgin olduğu bu dövrlərdə İmam Hüseyn Kufə və Mədinə əhalisindən onu dəstəklədiklərini bildirən çağırış məktubları alırdı. I Yezid isə dini sülalədən olmadığını və xalqın kimi dəstəklədiyini yaxşı anlayırdı. 

İmam Hüseyn hicrətin 61-ci ilində (miladi təqvimlə 683-cü il) 72 nəfər tərəfdarı ilə birlikdə Kufə istiqamətində yola çıxdı. Hədəfi İslam dünyasının xəlifəsi seçilmək və xilafəti düzgün şəkildə idarə etmək idi. Lakin yolda I Yezidin 4500 nəfərlik qoşunu ilə qarşılaşdı.

Döyüş qaçınılmaz idi. Qadın və uşaqlar, Hüseynin oğlu İmam Zeynülabidin xəstə olduğundan düşərgədə qurulan çadırda idi. Başqa bir oğlu Əli Əsgər isə 6 aylıq idi və xilafət ordusu düşərgəyə gələn su arxını kəsdiyindən susuzluqdan əziyyət çəkirdi. İmam Hüseyn körpəsini düşmən əsgərlərinin yanına gətirdi və onlardan körpəsi üçün su istədi. Əvəzində isə Ömər bin Sədin əmri ilə oxçu Hərmələ bin Kahil körpəni üçşahəli oxla vuraraq öldürdü.

Beləcə döyüş başladı və İmam Hüseyn başda olmaqla 72 nəfər şəhid oldu. Şəhidlərin başları bədənlərindən ayrıldı. Başsız bədənlər üstündə atlar çapıldı, başlar isə nizələrə vurularaq, digərlərinə ibrət olsun deyə İraq və Şam şəhərlərində gəzdirildi. İmam Hüseynin ailəsi isə əsir götürüldü və Dəməşqə -Yezidin hüzuruna aparıldı.

Aşura günü baş verən faciə hərbi baxımdan adi görünsə də, az keçməmiş bu hadisə İslam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaratdı. Tövbəkarlar qiyamı, Zeyd ibn Əlinin qiyamı, daha sonra Yəhya ibni Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibni Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş vermişdir. Nəhayət, Əbu Muslim Xorasaninin İmam Hüseynin intiqamını almaq niyyəti ilə başlatdığı Abbasilər qiyamı 750-ci ildə Əməvilər sülaləsini hakimiyyətdən devirmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməviləri məhv etmişdi.

Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda, ülvi dəyərlər uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Kərbəlada baş verənlər təkcə həmin dövrün insanlarına deyil, bütövlükdə bəşər tarixinə öz mesajlarını yetirdi, tarixi titrətdi. İmam Hüseyn şəhidlik məqamına ucalmaqla ölməzlik zirvəsinə ucaldı.

Bu gün o hadisələrindən 1337 il ötür. Və müsəlmanlar, hətta fərqli məzhəblərə aid olsalar da, bu gün Aşura günündə baş verən hadisələri, Yezidi lənətləyirlər. Xüsusən də şiə təriqətinə mənsub olan müsəlmanlar tərəfindən qeyd edilən Aşura mərasimi Azərbaycanda da təşkil olunur, İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün olaraq hüznlə anılır.Onu yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi ədalətsevərlərin öz içindən qaynaqlanır.