Artıq Elnarə boynu bükük oxumayacaq!..

Artıq Elnarə boynu bükük oxumayacaq!..

Doğrusu, yazıya necə başlayacağımı bilmirəm. Sevincimiz nə yerə sığır, nə də göyə... Hamımız sevincliyik, kövrəyik, qürurluyuq bu günlərdə. O qədər sevincliyik ki, hisslərimizi necə ifadə edəcəyimizi belə bilmirik. Amma hamımız bir cürə sevinirik: birimiz küçənin düz ortasında rəqs edirik, digərimiz sevincdən bağırırıq, avtomobilimizdəykən siqnala basırıq... Artıq hər şey – kədər, nisgil, ayrılıq geridə qaldı. Yazını Şuşanın işğalçılardan geri qaytardığımız gün yazıram. O qədər həyəcanlıyam ki, elə bil ilk dəfə əlimə qələm alıram. 
 

İllərdir bu günləri gözləyən xalq üçün bundan böyük hədiyyə ola da bilməzdi. Hər gün, hər yeni açılan sabahda zəfər xəbərləri eşidirik. Hamı televiziya ekranlarından cənab Ali Baş Komandanımızın çıxışını gözləyir. Bütün Azərbaycan xalqı Prezidentinin ətrafında sıx birləşib, hər kəs birdir, həmrəydir bu günlərdə... 
 

Ürəyimiz o qədər doludur ki, haradan başlasaq? Yadımdadır, bir il öncə jurnalistlərimizi işğal altında olan torpaqlarımıza göndərmişdilər. Onlar da öz təəssüratlarını qələmə almışdılar. Bir bəy jurnalistin yazısını oxumuşdum. O qədər səmimi yazı idi ki, oxuduqca qəhər hissi məni boğurdu... Bir az da utanırdım, nə yalan deyim. Həyatda səbirli olmaqla heç aram olmayıb. Elə ona görə də hər ömrümüzdən ötən günün bizi qələbədən uzaqlaşdırmasını düşünürdüm... Nə yaxşı ki, yanılmışam. 
 

Bir az sonra zəngilanlı dayının internetdə yayılan məşhur ürəkdağlayan videosu... Eh... Daha nələr, nələr... Amma yox! Artıq pis günləri geridə qoyduq, bundan sonra qələbə günlərini necə keçirdiyimizi qürurla xatırlayacağıq, daha da həmrəy olacağıq, prezidentimizin dediyi kimi: yumruq kimi. Elə yumruq ki, bütün dünyaya səs salacaq və salır. Elə yumruq ki, qarşısında heç nə tab gətirməsin. 
 

Haqq müharibəmizin başladığı ilk günlərdə rayonumuzda səslər təzə-təzə eşidilirdi. Amma silah səslərini ilk dəfə eşitməsinə baxmayaraq hamı küçələrdə idi, heç kəs qorxmurdu. Çünki hamı öz prezidentinə güvənirdi, qələbənin nəfəs qədər yaxında olduğuna əmin idi. Bir sözlə, yeddidən yetmiş yeddiyə hamı könüllü olmaq üçün küçələrdə idi. Günlər keçdikcə bu birlik daha da artır, möhkəmlənir. 
 

Xatirələr, gerçəkləşən arzular çoxdur, amma birini xüsusi qeyd etmək istərdim. Bir az haşiyədən çıxım. Uşaqlıqdan əməkdar artist Elnarə Abdullayevanın fanatıyam. Hələ doqquzuncu sinifdə valideynlərim mənə Abdullayevanın ilk keçiriləcək konserti üçün bilet hədiyyə etmişdilər. Onun bütün efirlərini izləyirdim. Verilişlərdən birində, yadıma gəlir ki, ona sual vermişdilər ki, niyə boynunu bükürsən oxuyanda? O da cavabında işğal altında olan torpaqlara görə demişdi. Yəqin ki, yaddaşım məni aldatmır, çünki beynimdə çox həssas xatirə kimi qalmışdı bu dialoq.
 

Artıq oxuyanda başını dik tutarsan, Elnarə xanım! Artıq gözümüzdən yalnız sevinc yaşları axacaq. Artıq “Görəsən, Şuşa yerindəmi?” misrlarını başqa cür oxuyacaqsan! Şükür bu günlərimizə.
 

Bir Azərbaycan gənci olaraq bu günləri yaşadığım üçün çox şanslıyam! Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!