"Artıq 8 yaşımda xəyalımda canlandırdığım böyük rəssam obrazına çatmağa az qalmışdı" - Gənc rəssamla MÜSAHİBƏ

24Media mütəmadi olaraq gənc istedadları oxuculara təqdim edir. Bu dəfə müsahibimiz  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Nərmin İsmayılzadədir. 

 

Özünüzü oxuculara necə təqdim edərdiniz?

 

- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, hətta artıq məzunuyam da demək olar.  Deyilənə görə, 3 yaşdan rəsssamlığa maraq göstərmişəm, kiçik yaşlarımda ev əşyalarının üzərinə rəsmlər çəkirdim. 

                                        

 

Bu istedadınızı nə vaxt kəşf etdiniz?

 

- Ailəmizdə, demək olar, hər kəsin və ən əsası, anamın rəssamlıq qabiliyyəti var. Odur ki, rəsm mənim üçün adi bir maraqdan, həvəsdən daha artıq idi. Məktəbdə oxuyarkən bu, müəllimlərimin və həmçinin digər insanların diqqətini çəkməyə başladı. Elə bu, insanların təkid və təklifləri istedadıma daha ciddi yanaşılmasına gətirib çıxardı. Atam əlimdən tutub Uşaq - Gənclər Yaradıcılıq mərkəzinə apardı. O zaman 8 yaşım var idi. O yaşıma qədər öz bildiyim kimi çəkir və ya anamın rəsmlərinin surətini təsvir edirdim. Bir müddət sonra isə ilk müəllimim Nərmin Abdullayevadan dərs alacaqdım və o bu hekayədə istedadımı üzə çıxaran, düzgün istiqamətə yönləndirən ən sonuncu şəxs olacaqdı. 

 

Nə vaxtsa işinizdən narazı olub rəssamlığa son qoymaq istəmisinizmi?

 

- Televiziya proqramlarının birinə kiçik ölçülü rəsmimlə qatılmış və 8 yaşımın ilk xəyal qırıqlığını yaşamışdım. Çünki buradakı uşaqlar hamısı dərnək üzvü idilər və çox keyfiyyətli rəsmlər ilə qatılmışdılar. Rəsmim qəbul olunmamışdı. Bəlkə də Yaradıcılıq Mərkəzi olmasa, fəaliyyətim bu hadisə üzündən başlamadan bitəcəkdi. Ona görə deyə bilərəm ki, Yaradıcılıq Mərkəzi mənim üçün hər şeyin və bütün arzularımın başlanğıcı olmuşdu..

 

Məktəb illərində əldə etdiyiniz nailiyyətlərinizə geri dönüb baxanda hansı hissləri keçirirsiniz?

 

-  Həmin illərdə həyatıma çox böyük uğurlar qatdım və beynəlxalq müsabiqələrdə bacarığımı nümayiş etdirmək şansı qazandım...Hər biri məni yaşıdlarımdan fərqləndirir və təcrübələr qazandırırdı. Sonrakı illərdə bir müddət Fikrət Cəfərovun emalatxanasında çalışdım, həmçinin Coşqun İsmayılovdan dərslər aldım. Akademik rəsm və yağlı boya ilə tanışlığım məhz bu insanların sayəsində oldu. Artıq 8 yaşımda xəyalımda canlandırdığım "böyük rəssam" obrazına çatmağa az qalmışdı. Buna görə akademik təhsil almaq üçün Rəssamlıq Akademiyasına üz tutdum. Beləcə, 2016-cı ildə Təsviri Sənət fakültəsinin Rəngkarlıq ixtisasına qəbul oldum. Məhz bu vaxta kimi rəsm çəkmək üçün ilhamın gəlməsini vacib hesab edirdim. Amma akademiya professional rəssam yetişdirir və biz burada işimizi xüsusi vaxt və məqsədlərə bölürük. Rəssam Chuck Close da bunu yaxşı ifadə etmişdi: "İlham həvəskarlar üçündür, biz professionallar isə işimizin başına keçir və çalışırıq". 

 

Rəsm çəkərkən qarşınıza şərt qoyub, "gündə bu qədər zaman ayıracam" kimi hədəflə ilə çalışlrsınız?

 

- 2-ci kursdan etibarən artıq "Kino və Televiziya rəssamı" ixtisası üzrə təhsilimi davam etdirdim. Kinoda rəssam işi isə xüsusilə müəyyən məqsəd və şərtlər tələb edir. Əsər seçimi, dövrün araşdırılması, tarixi faktlar, məkanlar, rəng həlli, kostyumlar və s. Belə bir məqsədim olduqda gücləndirilmiş iş rejimində çalışıram. Bəli, müəyyən zaman ərzində onu bitirməli olduğumu bilirəm. Amma sadəcə ilhamı gözləyib, o gəldikdə işlədiyim zamanlar da olur. Hər bir prosesin öz yeri və ləzzəti var, təki təsvir etdiyin hər nədirsə, onu sevəsən.

 

Əsərlərinizdən satışa çıxardığınız olubmu?

 

- İndiyə kimi əsərlərimə həddən artıq bağlı olmuşam. Onları kiməsə hədiyyə vermək belə çox ağır gəlir. Üstəlik öz ideyalarımdan ərsəyə gələn işləri satmaq kimi bir fikir mənə uzaqdır...Hər hansı bir işi öncədən satış məqsədilə ərsəyə gətirəndə ona bağlanmağı bir qədər azalda bilirəm. Amma digər hallarda satmağa "əlim gəlmir". Ona görə də hələki bu siyahıya sifariş portretləri aid edə bilərəm..

 

                                    

Rəsm çəkərkən hiss etdiyiniz duyğuları ifadə edə bilərsinizmi?

 

- Düşünürəm ki, hiss etdiyim duyğuları sözlə ifadə etməyə gərək yoxdur. Çünki bunu zatən rəsmlərim ilə təsvir edirəm. Ümumiyyətlə, hisslərini sözlə ifadə etməyi sevən bir insan olmamışam. Bəlkə də elə bu qapalı xasiyyətimə görə rəssamlıq məni seçib. Amma onu deyim ki , yaradıcılıq prosesi mənim üçün heç vaxt bəzilərinin xəyalındakı kimi "rəsm çəkirəm, həmişə zövq alıram və dincəlirəm" şəklində olmayıb. Burada da özünəməxsus enişlər-yoxuşlar var. Ən sevdiyim işlərim kino eskizlərimdir. Çünki bu zaman hər hansı bir əsəri oxuyur, tarixi məqamları araşdırır və əsərdəki qəhrəmanla birgə hadisələri yaşayırsan. "Alisa möcüzələr ölkəsində" əsərinə eskizlər edərkən, həqiqətən, möcüzələr diyarına inanmışdım və dovşan yuvası ilə üzüaşağı bu diyara düşmüşdüm. Sonralar "Maqbet"in dumanlı Şotlandiyasında qan və ölüm gördüm. İndi "Əli və Nino" sayəsində anlayıram ki, sevgi sərhəd tanımır... Əli ilə birgə XX əsr Bakısını kəşf edirəm və bu eskizləri edərkən onun səsini eşidirəm... O deyir: "Nəyimə lazımdır, özgə şəhərlər. Mən düz dənizi və düz səhranı, onların arasında yerləşən bu qədim şəhəri sevirəm".

 

Hər insanın özünü ifadə etmək yolu var. Sənətçilər də belədir. Rəssamlıq sənətinin tarixinə baxanda bir çox cərəyan görürük. Özünüzü rəsm ilə ifadə edərkən ən çox hansı cərəyandan istifadə edərdiniz?

 

- Düşünürəm ki, yolun çox başlanğıcında hər şeyi təcrübədən keçirmək lazımdır. Sürrealizm və impressionizm cərəyanları mənə daha xoş təsir bağışlayır. Hipperrealizmdən isə uzağam.

 

Gələcəkdə özünüzü harada görürsünüz?

 

- Təhsilimin 4 ilini geridə qoyduğuma görə özümü yaradıcılığımın yeni mərhələsinin başlanğıcında hiss edirəm. Bu mərhələyə çatmağımızda 4 il ərzində bizə sənətin sirlərini öyrədən dəyərli sənətkarların rolu az olmayıb. Çox şanslıyam ki , İnna Kostina, Mayis Ağabəyov və Səbuhi Atababayev kimi kino rəssamlığına dərindən bələd olan rəssamlardan 3 il ərzində dərslər almışam. Gələcəkdə bu bilikləri  yaradıcılığımda bacardığım qədər istifadə etməyə çalışacağam.

                                             

 

Rəssam olmaq istəyənlərə nə tövsiyə edərdiniz?

 

- Rəssamlığın ilk növbədə ruhda olduğunu düşünənlərdənəm. Ona görə də ruhən yaradıcı olmayıb, sadəcə dərs almaqla rəssam olacağını düşünənlərə heç bir tövsiyəm yoxdur. İstedadlı, lakin təhsili olmayan gənclərə isə məsləhət görərdim ki, vaxt itirməmiş sənətin əsas qayda-qanunlarını öyrənməyə cəhd etsinlər. Pablo Pikasso demişkən: "Öncə qaydaları professional kimi öyrənin , sonra onları bir sənətçi kimi  qırın".