Aqata Kristi nə üçün itkin düşmüşdü?

Aqata Kristi nə üçün itkin düşmüşdü?

Çox sevdiyi anasının qəfil ölümü və ilk ərinin vəfasızlığını görən Kristi nişan üzüyünü çıxarmış və 1926-ci il 3 dekabr gecəsi qızını evdəki xidmətçilərə əmanət edərək avtomobilinə minib evini tərk etmişdi. Ertəsi gün Guilfordda tərk edilmiş vəziyyətdə avtomobil tapıldı. Qəzaya uğramış kimi yolun ortasında dayanan maşının içi tamamilə boş idi. Şahidlər həmin avtomobildə bir qadını gördüklərini bildirirdilər. Avtomobil yoxlanılarkən onun Kristiyə məxsus olduğu ortaya çıxdı. Əməliyyatçılar hər ehtimalı nəzərə alaraq ərazidə geniş miqyaslı bir araşdırmaya başladılar.
İtkin düşmüş yazarı axtarmağa minlərlə polis məmuru, könüllü, dalğıc, it və hətta təyyarələr də cəlb olundu. Qəzetlər Kristini tapan şəxsin mükafatlandırılacağını yazırdılar. Ancaq günlərlə davam edən araşdırmalar nəticəsiz qaldı.
11 gün sonra Guilford yaxınlığında bir oteldə caz ifa edən bir musiqi qrupu, bölgəyə yayılan fotoşəkillərdəki qadının hər axşam olduqları klubda çarliston oynayan gənc qadın olduğunun fərqinə vardılar. Polisə müraciət edən cazmenlər 11 gündür tapılmayan Aqatanın yerini bildirdilər.
Bəzi mənbələr onun ağlını itirərək bu addımı atdığını, bəziləri isə Aqatanın əsas məqsədinin bütün diqqətləri üstünə çəkərək ərinin və məşuqəsinin həftə sonu planlarını pozmaq, həm də onların gizli münasibətlərini ictimaiyyətin və polisin diqqətinə çatdırmaq olduğunu düşünürlər. Bu və digər fikirlər ortaya atılsa da gerçək hələ də müəammalıdır. Aqatanın özü isə bu barədə danışmaq istəmədiyini bildirib, müalicə almağa başladı. Müalicə aldıqdan sonra 1928-ci ildə ərindən boşanaraq həmişə arzusunda olduğu macəra dolu səyahətlərə başlayır. Bağdada gedən Aqata bütün maneələrə baxmayaraq orada özündən 14 yaş kiçik Maksla evləndi.