Aleksandr Səmədov: “Fəxr edirəm ki, Rusiya yığmasında oynadım”

Aleksandr Səmədov: “Fəxr edirəm ki, Rusiya yığmasında oynadım”

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov 2018-ci il dünya çempionatı ilə bağlı xatirələrini bölüşüb.

24Media-nın məlumatına görə, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi Rusiya Futbol İttiqafının rəsmi saytına açıqlamasında baş məşqçi Stanislav Çerçesovun ev mundialında ona etimad göstərməsindən, yığma karyerasını bitirməsindən və İspaniya ilə 1/8 final qarşılaşmasından sonra oğlunun doğum gününü qeyd etməsindən danışıb. 

Səmədov bildirib ki, millidən hələ AVRO-2016-dan sonra getməyi düşünüb. Lakin Çerçesov onu qalmağa inandıra bilib: "Ümumiyyətlə, Stanislav Salamoviç taleyimi dəyişdi. O, məni yığmada saxladı, açdı və əsas heyət oyunçusuna çevirdi. Çerçesov mənə iki il etimad göstərdi, onunla bu yolu sonadək getdim. Hələ mundial öncəsi millidən gedəcəyimi bilirdim, çünki özüm üçün belə qərar qəbul etmişdim. Dünya çempionatında oynamağı çox istəyirdim. Amma mundialdan dərhal sonra 34 yaşımın tamamlanacağını anlayırdım. Uşaqlar, ailəmi düşünərək, getmək vaxtının çatdığı qənaətinə gəldim. Bu barədə həyat yoldaşıma da dedim və o, məni dəstəklədi. Amma milli karyeramı parlaq və gözəl bitirməyi çox istəyirdim".

Veteran futbolçu dünya çempionatı ərəfəsində yığma ətrafında xeyli neqativ ab-havanın olduğunu da xatırladıb: "Deyirdik ki, A qrupundakı ilk 2 oyunda uduza bilmərik. Üçüncü görüşümüzü də mütləq udmalıyıq deyə köklənmişdik. Səudiyyə Ərəbistanı ilə açılış oyunumuzdan əvvəl yuxugətirici içdim. Adətən, bu dərman 10-11 saat yuxu verir. Lakin səhər saat 7-də ayıldım. Həyəcan və narahatlıq üzündən oyunadək bir dəqiqə də yatmadım". 

Səmədov İspaniya ilə 1/8 final oyunu gününə düşən oğlunun doğum gününü "Lujniki" stadionu yaxınlığındakı restoranda qeyd etdiyini söyləyib. O, penalti seriyaları ilə qalib gəldikləri görüşdən sonra istirahət hüququndan yararlanaraq, oğlunu görməyə tələsdiyini nəql edib: "Biz ayrıca zonada idik, bir qrup azarkeş isə İspaniya üzərində qələbəni balkonda qeyd edirdi. Bir dəfə zaldan çıxdım və fanatların əhatəsinə düşdüm. Bu zaman bir qadın məni öpməyə başladı. Mən ciddi görkəmdə, o isə içkili idi. Digərləri də ona qoşularaq, məni qucaqladılar. Dərhal gizləndim və burada olduğumu heç kimə deməmələrini xahiş etdim. Birtəhər restoranda oturduq və sonradan evə yollana bildik". 

Rusiya yığmasının qarşısını 1/4 finalda penaltilər seriyasında Xorvatiya kəsib. Səmədovun fikrincə, bu rəqib İspaniyaya nəzərən daha keçilən idi: "Məncə, bunu oyun da göstərirdi. Şanslar yarıbayarı idi. Penaltilər isə lotereyadır. Bəxtimiz gətirmədi. Xorvatiya həlledici penaltini vurduqda ilk düşüncəm "Hər şey bitdi" oldu. Bir ay hazırlaşmışdıq, daha bir ay isə dünya çempionatı davam etmişdi. İki ayımızı yalnız mundialla yaşamışdıq. Sonradan qapıçı İqor Akinfeyevlə restoranda oturaraq, müzakirə apardıq ki, bəxtimiz azacıq gətirsəydi, yarımfinala çıxacaqdıq və sonra kim bilir nə olacaqdı... Matçın ardından isə paltardəyişmə otağında, nəhayət, evə gedərək, əzizlərimizi və doğmalarımızı görmək düşüncəsi var idi".

Azərbaycan əsilli futbolçu dünya çempionatının önəmindən də danışıb: "Bu, sehrli, möcüzəvi zaman, zirvə, möhtəşəm andır. Digər tərəfdən, karyeramın müəyyən həddi, finiş xəttidir. Mən buna doğru 7 yaşımdan gedirdim. Sən bunun dayanmasını istəmirsən, amma anlayırsan ki, çempionat bir anda ötüb keçəcək və sonradan yalnız xatirələr qalacaq. Kədərlidir ki, daha hisslər, həyəcanlar, emosiyalar olmayacaq. Amma digər tərəfdən, mundialı xatırlamaq çox xoşdur. Çox yaxşıdır ki, hər şey belə qurtardı. Həm də çox fəxr edirəm ki, bu komandada oynadım". 

Qeyd edək ki, Rusiya millisi DÇ-2018-də A qrupunun ilk 2 oyununda Səudiyyə Ərəbistanına 5:0, Misirə 3:1 hesabı ilə qalib gəldikdən sonra Uruqvaya uduzub - 0:3. Nəticədə qrup ikincisi kimi mərhələ adlayan qonşu ölkə komandası 1/8 finalda İspaniya ilə qarşılaşıb. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə nəticələndiyi üçün penaltilər seriyasına müraciət olunub. Bu zaman təşkilatçı ölkə yığması zərbələri daha dəqiq yerinə yetirib - 4:3. 1/4 finalda Xorvatiya ilə qarşılaşmanın həm əsas, həm də əlavə vaxtında tərəflər hərəyə bir dəfə fərqləniblər. Penaltiləri dünya çempionatının gələcək finalçıları dəqiq yerinə yetirib. Dünya çempionu adını isə Fransa qazanıb.

Aleksandr Səmədov vaxtilə Azərbaycan millisindən də təklif alıb. Lakin o, Rusiya yığmasında oynamağı üstün tutub.