AİB-in Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib

AİB-in Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib

Kendis Makdiqan 2021-ci ilin yanvar ayından etibarən Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyinin yeni rəhbəri təyin edilib.

Nümayəndəlikdən 24Media-ya verilən məlumata görə, Makdiqan bu vəzifəyə daha bir il uzadılma ehtimalı ilə 3 il müddətinə təyin olunub.

“Azərbaycan hökumətinin Makdiqanın namizədliyini təsdiqləməsindən sonra o, yanvar ayından vəzifəsinin icrasına başlayıb”, - AİB-dən bildirilib.

K.Makdiqan bir sıra ölkələrdə AİB nümayəndəliyinin direktoru vəzifəsində işləyib. Azərbaycana təyin olunmamışdan əvvəl o, bankın Qırğız Respublikasındakı nümayəndəsi idi.

O, bu postda 2016-cı ilin aprelindən 2020-ci ilin sonunadək AİB-in Azərbaycandakı ofisinin rəhbəri olan Nariman Mannapbekovu əvəz edib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-nin üzvüdür. Əməkdaşlıq dövrü ərzində bank Azərbaycana 5,2 milyard ABŞ dollarından çox məbləğdə kredit və texniki yardım təqdim edib. AİB-nin maliyyə dəstəyi ilə ölkədə dövlət və özəl sektorun 80-dən çox layihəsi həyata keçirilib.